07:13 11 Avqust 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
YAZARLAR
Qısa URL
25621

Əgər mövzu və ideologiya etibarı ilə "La Casa de Papel" serialını hər hansı bir Türkiyə serialı parodiya belə etsəydi, bunun özü bir inqilab sayılacaqdı.

"Netflix" artıq dünyanın ən böyük kino platformasına çevrilməkdədir. Əlbəttə, bu platformada Azərbaycan istehsalı olan hər hansı film və ya serial yer almamaqdadır. Yaxın gələcəkdə bunun baş verəcəyinə dair hər hansı bir ümid işığı da olmadığından mən Türkiyə kino sektorunun "Netflix"dəki yerindən bəhs edəcəyəm.

"Netflix"də Türkiyə istehsalı olan (yanılmıramsa) iki serial yayımlanır. Bunların heç birini izləmədiyim üçün barələrində hər hansı bir fikir yürüdə bilməyəcəyəm. Lakin "Netflix"də yayımlanan bir sıra Amerika, İspaniya seriallarının izləyəcisiyəm və bu platformanın möhtəşəmliyinə dərin heyranlıq və pərəstiş duyuram. Üstəlik, film və serial sahəsinin gələcək inkişaf mərhələsinin məhz "Netflix"dən başladığını əminliklə iddia edə bilərəm.

"Netflix"də yayımlanan "La Casa de Papel" adlı ispan serialını bəlkə də çoxunuz izləmisiniz. İzləməyənlərə izləmələrini tövsiyə edirəm. Bu serial təkcə rejissor işi, aktyor oyunu, montaj və səs keyfiyyətləri ilə, məzmunu – dramaturgiyası ilə deyil, həm də özünün ehtiva etdiyi etiraz forması, tənqid üsulu ilə demokratiyanın, mənəvi və maddi azadlığın ən mükəmməl göstəricisidir.

Təbii ki, bu cür demokratik yaradıcılığa, mədəni cəsarətə elə ancaq hər hansı Avropa ölkəsi, Avropa xalqı sahib ola bilərdi. Yaxın Şərqdən, Qafqazdan, lap inkişaf etmiş uzaq Şərqdən də, Şimaldan və Cənubdan da belə keyfiyyətli tənqidi və etirazı gözləmək indiki halda hərdəmxəyallıq, hətta, dəlilik olardı.

Zeynəb Xanlarova, arxiv şəkli
© Official website of President of Azerbaijan Republic

"La Casa de Papel" mövzusu etibarı ilə siyasi səhnədə oynanılan böyük pul oyunlarına, insanların puldan asılı salınmış yazıq vəziyyətinə, məşiətimizlə bərabər xarakterimizin də pulla eyni mahiyyətə uyğunlaşdırılmasına etiraz edir. Əvvəlcədən təşkilatlanmış bir qrup kağız pulların istehsal olunduğu binanı işğal edir və burada istədikləri məbləğdə pul istehsal edib qaçmağı, o pulu öz aralarında bölüşdürüb öz böyük arzularını həyata keçirməyi planlaşdırırlar. Bunun üçün qurbanlar verirlər, yeri gəlsə, kiməsə hər hansı limitlərlə əzab da verirlər, amma qətiyyən can almamağa çalışır, vicdani və əxlaqi normaları qorumağa çalışır, xalqın gözündə qəhrəman olmaq, siyasətçiləri isə böyük bir iflasla baş-başa buraxmaq istəyirlər.

Serialın dördüncü sezonunun yayımına az qalmış Türkiyədə yayımlanmağa başlayan bir serialın anonsları çıxdı qarşıma. Bir müəllim dərs dediyi məktəbin binasının bir qismini partladır, öz şagirdlərini əsir götürür və özünün ailə-məişət problemlərinin intiqamını polisdən, müəllimdən, şagirddən almağa çalışır. "Öğretmen" adlı bu serialın anonslarından məlum olur ki, görüntüdə "La Casa de Papel"i parodiya etməyə çalışıblar. Lakin yaşadıqları mühitin maddi-mənəvi azadlıqları yalnız ailə-məişət intiqamlarına və kiçik əhəmiyyətli şəxslərə etiraz etməyə icazə verdiyi üçün mövzu və ideologiya baxımından "La Casa de Papel"ə yaxınlaşmağı da bacarmırlar.

Əslində, əgər mövzu və ideologiya etibarı ilə "La Casa de Papel" serialını hər hansı bir Türkiyə serialı parodiya belə etsəydi (ya da edə bilsəydi), bunun özü bir inqilab sayılacaqdı. Onlar isə təkcə müəllim obrazının xarici görünüşünü, kiçik məzmun detallarını, montaj və səs effektlərini məşhur ispan serialından kopyalamağa çalışıblar. Buna rəğmən, serial qısa müddətdə xeyli baxış toplayıb və sevilərək izlənilir.

Ah, yazıq Şərq! Hər zaman kiçik məsələlərlə baş qarışdırıb, kiçik ümidlərlə yetinməyə çalışıb. Amma onlar üçün hər zaman Avropa qəddar, zalım, ədalətsiz, əxlaqsız bir coğrafiya hesab edilib. Qəribədir, elə deyilmi? Mən də bu barədə uzun düşüncələrə dalıb bir antidepressant içirəm, vəssalam. Nə edim? Elə bununla kifayətlənə bilirəm. Bağışlayın!

Əsas mövzular