15:30 10 Avqust 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
YAZARLAR
Qısa URL
332 0 0

Teatr heç vaxt siyasi olub-olmamaqla qayğılanmayıb, amma siyasət həmişə teatral olmağın dərdini çəkib.

BAKI, 18 may — Sputnik. Dünyada teatr anlayışının yaranmasından bu günə qədər müzakirə edilən, bəzən də mübahisələrə  çevrilən əsas məsələlərdən biri teatrın siyasi əhəmiyyət kəsb edib-etməməsidir. Bu məsələ ilə bağlı müxtəlif teatr nəzəriyyəçilərinin, tənqidçilərin, araşdırmaçıların müxtəlif fikirləri mövcuddur. Aristoteldən Bertolt Brextə, Platondan Avqusto Boala qədər teatra xidmət etmiş sənət nəhənglərinin bu mövzuya fərqli yanaşmaları var.

Maraqlısı budur ki, teatr var olduğu gündən bu günə qədər heç vaxt bu və ya digər şəxslərin istədiyi şəkildə, demək doğru olarsa, onların salmağa çalışdığı qəliblər daxilində olmayıb. Teatr əksər zamanlarda və əksər məkanlarda nəzəriyyəçilərin, tənqidçilərin, mədəniyyətə nəzarətlə səlahiyyətlənmiş müxtəlif vəzifəli şəxslərin, lap elə ən böyük siyasətçilərin də arzu və istəklərindən, tələb və təkliflərindən kənarda inkişaf edib. Əlbəttə, Azərbaycan bu məsələdə istisna rol oynayır. Çünki Azərbaycan teatrı yarandığı vaxtdan həmişə arzu və istəklərə xidmət edib. Yerli teatrımız heç vaxt özünəməxsus üslub, yeni fikir, yeni məqsəd formalaşdıra bilməyib.

Mən hər hansı bir “teatr siyasi əhəmiyyət kəsb etməlidir” deyən nəzəriyyəçilərlə də, “teatr siyasətdən uzaq anlayışdır” deyən nəzəriyyəçilərlə də razı deyiləm. Ümumiyyətlə, teatrın özünəməxsus olmasının, yalnız öz maraqlarına uyğunlaşdığı təqdirdə siyasəti dəstəkləməsinin, məqamı gəldikdə siyasəti rədd edə bilməsinin tərəfdarıyam. Teatr həm elmin maarif platformasına, həm ruhun paklanma məkanına, həm həyati təcrübələrin öyrənilməsi laboratoriyasına, həm azad şəxsiyyət yetirmək məktəbinə çevrilməyi bacarmalıdır. Bir teatr öz repertuarında bir şəxs üçün lazım olan bütün şüuri, ruhi və mənəvi ehtiyac və azadlıqları birləşdirdiyi zaman əsl sənət məbədi ola biləcək. Bu, təkcə teatra yox, eyni zamanda sənətin bütün sahələrinə şamil edilməlidir.

Teatr dedikdə azərbaycanlı oxucuların təsəvvürünə Akademik Milli Dram Teatrı, Akademik Musiqili Teatr, Gənc Tamaşaçılar Teatrı gəlməməlidir. Teatr anlayışı həqiqətdə bu bəzəkli binalardan, işıqlı salonlardan çox uzaq bir anlayışdır. Onlar bina olaraq teatrın əldə düzəldilmiş oyuncaq maketidir və içindəkilər də teatr anlayışını təqlid etməyə çalışan uğursuz parodiyaçılardır. Təkrar və qətiyyətlə vurğulamaq lazımdır ki, teatr dedikdə ölkə daxilində fəaliyyət göstərən teatral salonlar və onların ənənəvi təqlid tamaşaları nəzərdə tutulmamalıdır. Bu məqamda onu da deməliyəm ki, Azərbaycanda fəaliyyət göstərən sadəcə bir teatr var ki, o da ümumi teatr anlayışının minlərlə forma və məzmunlarından sadəcə biridir. Burada söhbət ADO – Azərbaycan Dağınıq Oda Teatrından gedir. ADO ölkənin ilk özəl və müstəqil teatrıdır və olduqca məhdud şəraitdə çalışmaqlarına rəğmən mümkün qədər teatr adını daşımağın məsuliyyəti altında əzilməməyə, onun bəşəri məqsəd və prinsipləri ilə uyğunlaşmağa çalışırlar.

Dünya teatrının isə olduqca zəngin, rəngarəng, fərqli forma və məzmunları vardır. Politik ya da apolitik olmasından asılı olmayaraq bu teatrlar ümumi teatr anlayışının yüksək prinsiplərini, ali amallarını ən mükəmməl üsullarla onun səhnəsinə qoyur və tamaşaçıların şüuruna, ruhuna və mənəviyyatına ötürürlər. Əgər bir teatr repertuar çeşidliliyi, forma və məzmun fərqliliyi ilə xidmət etdiyi toplumun hər hansı qaranlıq probleminə işıq tuta bilirsə, bu problemlərin həllinə dair təkliflər verirsə, həmin toplumu gizli mətləblərdən agah etməyi bacarırsa, izləyicisi olan fərdləri bəşəri dəyərlərlə cilalayırsa, bu izləyiciləri öyrətmək və onları topluma yararlı olan müxtəlif sahələrdə peşəkar kadra, həm də vicdanlı şəxsə çevirmək potensialına sahibdirsə, bu zaman teatrın politik ya da apolitik olmasının heç bir mənası qalmır. Çünki teatrın tutduğu mövqe əsas məsələ deyil, onun ümumi yararlılıq qabiliyyətinin nə qədər yüksək olması vacibdir.

Əgər kimsə hər hansı bir teatrın deyil də, ümumi teatr anlayışının siyasi əhəmiyyətindən danışmaq istəyirsə, bu müzakirə başından səfsətəyə çevriləcək. Çünki teatr heç vaxt siyasi olub-olmamaqla qayğılanmayıb, amma siyasət həmişə teatral olmağın dərdini çəkib.

Əsas mövzular