15:24 10 Avqust 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
YAZARLAR
Qısa URL
34110

Sual yaranır, universitet tələbədən təhsil haqqını almadan müəllimə, işçilərinə maaşı necə versin, vergiləri və digər xərcləri necə qarşılasın?

BAKI, 18 may — Sputnik. 7x7 həftənin ən yaddaqalan 7 hadisəsini şərh edir.

Yumşalırıq...

Nəhayət, tədricən aydın olur ki, koronavirusun bitəcəyini gözləməyə dəyməz. Biz onunla birlikdə yaşamağı öyrənməliyik. Bütün dünya sərhədlərini yenidən açmağa hazırlaşır. Mərhələli çıxış planlarının icrasına başlanılıb. Baxmayraq ki, ötən həftə virusa tutulanların sayı 4,5 milyonu, ondan ölənlərin sayı isə 310 mini ötdü.

 Ölkəmizdə karantin rejiminin şərtləri bir qədər də yumşaldıldı, əksər dünya ölkələri də bu və növbəti ay ərzində yumşaldılmaları davam etdirərək, həyatın nisbətən əvvəlki ritminə qayıtmasına hazırlaşır. Hər halda, pandemiya Yer kürəsini orbitindən çıxarmasa da, əməllicə silkələdi. Onun dünya iqtisadiyyatına təsirinin nikbin proqnozlara görə, 5,8 trilyon dollar, daha bədbin yanaşma ilə - 8,8 trilyon dollar olacağı gözlənilir. Bir sözlə, dünya acından ölməmək üçün virusa uyğunlaşmaq məcburiyyətindədir.

Ağ maska

Azərbaycan infeksiyanın yayılmasının qarşısının alınması, pandemiyanın təsirinin minimallaşdırılması üçün bu dövr ərzində effektiv addımlar atdı.

Hər bir böhran fürsətdir həm də. İnfeksiyanın yayılması ilə bütün dünyada dezinfeksiyaedici məhsullara olduğu kimi, tibbi maskalara da tələbat artdı. Tələbin yüksəlməsi fonunda qiymət artımı da müşahidə olundu. Belə halda, Azərbaycan tibbi maskanın daxildə istehsalı ilə bağlı qərar qəbul etdi. Ötən ay birinci, ötən həftə isə ikinci tibbi maska müəssisəsi işə salındı. Beləliklə, Azərbaycan bu istiqamət üzrə daxili tələbatı ödəməklə yanaşı, ixrac səbətinə daha bir məhsul əlavə etmiş oldu. Çünki hazırda dünya bazarında maskaya ehtiyac böyükdür və biz qeyri-neft sektoru üzrə daha bir məhsulumuzu uğurla bu bazara təqdim edə bilərik.

Qara maska

Ötən həftə "ağ atlı" oğlana çevrilmiş "Qara maskalı"lar Dövlət Sərhəd Xidmətində oldular. Dövlət Təhlükəsizlik Xidmətinin və Baş Prokurorluğun birgə əməliyyatı ilə DSX-nin rəis müavini general-leytenant Əfqan Nağıyev, Xidmətin yüksək rütbəli hərbi qulluqçuları saxlanıldılar.

Şənbə günü isə DTX 2008-ci ildə Tərtər rayonunda yerləşən “N” saylı hərbi hissənin döyüş postuna silahlı basqında şübhəli bilinən Saleh Adilovu Türkiyənin Van şəhərində saxlayaraq ölkəmizə gətirdi.

Sosial şəbəkələrdəki reaksiyalardan görünür ki, əməliyyatlar hər kəsin ürəyincədir, çoxları əməliyyatçıları öz şəhərinə, rayonuna dəvət edirlər.

Adlar və talelər 

Ötən həftə “EuroHome” tikinti materialları bazarı ərazisində növbəti dəfə yanğın baş verdi. Xatırladaq ki, sözügedən bazarda 2019-cu ilin dekabrında da yanğın baş vermişdi. Həmin vaxt 5 hektar ərazisi olan bazarın 2 hektarı yanmışdı.

“EuroHome” tikinti mağazası yenidən yanğının ağuşunda
© Sputnik. Kamilla Əliyeva / Taleh Mahmudov / Leyla Orucova

Ölkədə yanğın təhlükəsizliyi normalarına yetərincə əhəmiyyət verilmədiyi, iş adamlarının tələblərə lazımınca riayət etmədiyi bir daha aydın oldu. Amma bədbəxt hadisə bir yerdə iki dəfə təkrarlanıbsa, görünür, həmişə "başına gələn başmaqçı olmur", artıq inzibati qaydada sərt tədbirlərin vaxtıdır.

Məkanın adının "Eurohome" olması da hələ o, demək deyil ki, həmin yerdə Avropa standartları tətbiq olunub.

Paşinyandan növbəti blef

Ötən həftə Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadəni faşistlərlə əməkdaşlıqda ittiham etdi.

Paşinyanın bu gedişinin məqsədi aydındır: diqqəti faşizmin bir parçasına çevrilmiş babasından yayındırmaq.

İndi isə Rəsulzadənin faşizmə münasibəti barədə bir fakt - Hitlerə və onun faşist ideologiyasına olan münasibətini M.Ə.Rəsulzadə belə bildirirdi: “Hitlerçilik hər şeydən əvvəl kommunizm demaqogiyasına qarşı çıxış etmək üçün yaranmış bir ideyadır. O, faşizm kimi öz müxaliflərindən diktatorluq fikrini götürmüş, lakin oradakı beynəlmiləlçiliyi millətçiliklə əvəz etmişdir”.

Paradoks

Həftənin ən çox müzakirə olunan məsələlərindən biri də ali təhsil ocaqlarında tələbələrdən təhsil haqlarının tələb olunması ilə bağlıdır. Bu tələbin karantin rejimi dövründə, pandemiyanın yaratdığı sosial-iqtisadi şərtlər altında yersiz olduğu ilə bağlı fikirlərə sosial şəbəkələrdə tez-tez rast gəldik. 

Ancaq bu məsələyə "tunel baxışı"dır - sual yaranır, universitet tələbədən təhsil haqqını almadan müəllimə, işçilərinə maaşı necə versin, vergiləri və digər xərcləri necə qarşılasın? Bu problem əsasən təhsil haqqını hissə-hissə ödəməyə imkan yaradan universitetlər qarşısında yarandı. Yəni digərləri onsuz da illik təhsil haqqını fevraladək tələbədən tələb edərək, almışdı. Deməli, humanizm qurban tələb edir...

Uşaqda fərasətə bax

Paytaxtda apteklərdən uşaq qidaları oğurlayan Bakı şəhər sakini Gündüz Əsədpur saxlanıldı. Bu oğurluq faktları barədə informasiyalar yayılarkən sosial şəbəkələrdə emosional rəylər bir-birini əvəz edirdi: uşaq yeməyi oğurlayırsa, deməli, uşağı acdır...

Nəhayət, özünü ələ verən Gündüz "uğur hekayəsi"ni bölüşüb: gənc məhz uşaq qidaları oğurlamasını onunla əsaslandırıb ki, karantin şəraitində aptek sahibləri şikayətçi olmayacaq və hər kəs onun evində azyaşlı uşağının ac olmasına görə bu addımı atdığını düşünəcək. Məlum olub ki, G.Əsədpur subaydır. O, uşaq qidalarını müxtəlif şəxslərə sataraq əldə etdiyi pulla öz istifadəsi üçün şəxsiyyəti istintaq tərəfindən araşdırılan mənbələrdən narkotik vasitələr əldə edib.

Bax belə. Şərhsiz-filansız...

Əlaqədar

Vəfasız neft, üzərlik, mərc oyunları və zalım fələk
Sükut, fasilə, sanksiyalar və... "Dünyanın xoşbəxti mənəm dünyada"
"Qara maskalı"larla amputasiya, Bernard Şou və bankla banka arasındakı çətin seçim
Növbəti stansiya, 500-lük Vilyamlar, distant təhsil və Lukaşenkodan tövsiyə

Əsas mövzular