05:11 29 Sentyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
YAZARLAR
Qısa URL
90111

Biz həqiqəti görəndə, bu sevgi və sayğı haqqını bərpa edəndə ədalət də bərqərar olacaq və o konsert də baş tutacaq.

BAKI, 2 may — Sputnik. Uzun illərdir ki, Zeynəb Xanlarova Azərbaycanda konsert vermir. Sənətkar bunun səbəbi haqqında heç vaxt danışmayıb. Lakin ona atılan iyrənc böhtanlardan, haqqında dolaşan əsassız dedi-qodulardan dolayı olsa gərək, belə bir qənaətə gəldik ki, Zeynəb xanım Azərbaycan səhnəsindən küsüb.

Yaxın keçmişdə isə sənətkar Azərbaycan səhnəsi ilə barışmaq istəyirdi. “Dünyanın Zeynəbi” adlı solo-konsertin afişaları şəhərin hər yerində bərq vurmağa başladı. 2020-ci ilin mart ayının 18-ə təyin edilən konsert daha sonra koronavirus pandemiyası ilə əlaqədar elan edilmiş xüsusi karantin rejimi səbəbi ilə may ayına təxirə salındı. Xüsusi karantin rejiminin müddətinin uzadılması ilə təyin edilən bu tarix də ləğv edildi və konsertin yaz-yay aylarında baş tuta biləcəyinə dair gözləntilər də qalmadı.

Görünür, məsələ Zeynəb xanımın bizim səhnə ilə barışmaq istəyində deyil, ədalətin bərqərar olmasındadır. Axı səhnə və ümumilikdə sənət bütün mövcudiyyəti ilə ədalət prinsiplərinə tabedir. Ən böyük sənətkarların ən nəhəng əsərləri məhz ədalət naminə yaradılıb. Bəs ədalət nədədir? Niyə bərqərar olmur? Ümumiyyətlə, Zeynəb xanımın və onun uzun illər sonra öz ölkəsində baş tutacaq konsertin qəfil bir əngəllə baş tutmamasının ədalət prinsipləri ilə hansı əlaqəsi var?

Bir məsələni diqqətinizə çatdırmaq istəyirəm ki, 1990-cı ilin yanvar ayının 19-dan 20-ə keçən gecə Bakıda baş verən dəhşətli qırğından sonra Zeynəb Xanlarova 2 ilə yaxın bir müddətdə səhnədən uzaqlaşmışdı. Bir müğənni və xanəndə üçün 2 il müddətinə səhnəyə çıxmamaq, mahnı oxumamaq nə deməkdir, bunu musiqidən az da olsa anlayanlar bilərlər. Məhz həmin vaxtlarda səsinə hüzn, kədər və xəfif xırıltı çökdü. Zeynəb xanımın 1990-cı ilə qədərki ifalarına və ondan sonrakı ifalarına qulaq asanda bu fərqi rahatlıqla sezmək olar. İki illik səhnə ayrılığı zamanında adına qəzet manşetlərində “yaslı bülbül” deyilən Zeynəb Xanlarova haqqında tanınmış müğənni Aybəniz Haşımova belə demişdi: “Zeynəb Xanlarova Azərbaycan xalqı üçün səsini şəhid verdi”.

Məhz həmin illər idi ki, nəhəng bir imperiyanın pəncəsindən ayrılıb müstəqillik qazanmış kiçik bir respublika yağışdan çıxıb yağmura düşmüşdü. Qarabağ müharibəsi çoxdan başlamışdı və belə bir zamanda yas saxlayıb sakitcə oturmaq da olmazdı. Zeynəb Xanlarova da sakitcə oturmadı, qollarını çırmalayıb ölkə-ölkə gəzdi və dünyanın müxtəlif yerlərində “Sən mənimsən, Qarabağ! Vətənimsən, Qarabağ!” mahnısını oxudu.

Əlbəttə, Azərbaycan xalqı da, dünyada yaşayan azərbaycanlılar da, onu tanıyan başqa xalqların nümayəndələri də Zeynəb xanımı sevdilər, əzizlədilər, ünvanına ən gurultulu alqışları, ən alovlu pərəstiş nitqlərini göndərdilər. Xanım sənətkarın millət vəkili olduğu müddətdə işıqlandırdığı problemlər, dilə gətirdiyi həqiqətlə onun qazandığı böyük sevgini mübahisə mövzusuna çevirdi. Ölkənin və xalqın rifahına əngəl törədən bu problemlərin səbəbkarları Zeynəb xanıma qarşı qarayaxma kampaniyası başlatdılar və onu hər vəchlə gözdən salmağa çalışdılar.

Elə həmin vaxtlarda bir sıra mənfur niyyətli, köksüz-mənbəsiz, qeyri-peşəkar və sahibləri heç bir əxlaqi normaya riayət etməyən informasiya vasitələrində Zeynəb xanım haqqında yalanlar, böhtanlar yazıldı. Bu yalanlara inandırılan və ya da şübhəyə düşən sadəlövh xalqın müəyyən fərdləri Zeynəb xanımı sevilən sənətkar obrazından çıxarıb onlar üçün qəsdən qurulub-quraşdırılan saxta bir obraza qəzəb püskürməyə başladılar. Nə təsadüf ki, elə həmin vaxtdan etibarən Azərbaycan səhnəsinin ən parlaq sənətkarlarından biri öz doğma səhnəsində konsert vermədi.

Düzdür, o, yenə dünyanı gəzdi. Müxtəlif zamanlarda və müxtəlif məkanlarda – dünyanın fərqli-fərqli ölkələrində “Yaşa, mənim xalqım” dedi, “Azərbaycanım” dedi. Yəni, o, öz xalqını, öz vətənini sevməkdən heç vaxt imtina etmədi. İncimişdi, kim olsa inciyərdi, amma bu, onun ailə məsələsi idi. Öz ailəsinin – ölkəsinin kənarında Zeynəb Xanlarova elə Azərbaycan demək idi və bu məsuliyyətin öhdəsindən gəlməz lazım idi.

Nəhayət, “hər şeyə rəğmən” deyib, səhnəyə  çıxmaq istədi, konsertə hazırlaşdı. Bu dəfə isə hansısa gözəgörünməz varlıq gəlib bu konsert səhnəsinin astanasında peyda oldu və konsertin keçirilməsinə əngəl yaratdı. Əlbəttə, bütün dünyanı ağuşuna almış pandemiya sırf bu məqsədlə gəlməmişdi, amma məhz bu vaxtda, bu vədədə gəlməsi tam təsadüf idimi?

Axı biz ona böhtan atdıq və ya da atılan böhtanlara inandıq. Axı biz onun əməyini görməzdən gəldik. O, Azərbaycan müstəqilliyinin elan olunduğu gün paltosunun altında kamera gizlədib Milli Məclis binasına saldı ki, həmin anı əbədiləşdirsin, ölkə mediasında isə guya onun Azərbaycanın müstəqilliyinin əleyhinə səsverməsi ilə bağlı əsassız, mənbəsiz, dəlilsiz xəbərlər tirajlandı. O, Milli Məclisdəki çıxışlarında dəfələrlə həkimlərin, müəllimlərin maaşlarının artırılması ilə bağlı təkliflər etdi, əvəzində, yenə guya uşaq pulunu kəsdirməsi ilə bağlı heç bir istinad nöqtəsi olmayan dedi-qodular yayıldı. 

Bu xəbərləri oxuyanlar, eşidənlər sorğu-sualsız, mühakiməsiz inandılar. İndi bu ölkənin bu gün yaşayan ən şöhrətli və qüdrətli sənətkarı “hər şeyə rəğmən” deyib, səhnəyə  çıxmalı idimi? Ona olmazın iftiralar atan mənfur niyyətli şəxslər və bu yalanlara inanan dedi-qodu həvəskarları onu eşitməyə, onu dinləməyə, onu duymağa hazır idilərmi?

Ümumiyyətlə, bu xalqın ən dəyərli sənətkarlarından birini gözdən salmağa çalışdılar və bunu müəyyən qədər də olsa, bacardılar. İndi kim verəcək bunun hesabını? Axı, o, bizim dünyaya açılan nadir səslərimizdəndir. Bu əsnada, onu da vurğulamalıyam ki, bütün varlığı – biliyi, bacarığı, uğuru sosial şəbəkə hesabından ibarət olan bir qrup gənclərimiz bu platformanın onlara qatdığı “cool” ab-hava ilə Zeynəb xanımın şöhrəti haqqında “Madonna deyil, Şakira deyil, dünya şöhrəti başqa şeydir” deyirlər. Qəribədir. Biz hələ Madonna qədər də olmasa dünyanın müxtəlif yerlərində tanınan, sevilən, sayılan, seçilən Zeynəb Xanlarovaya sahib çıxa bilmədik, onu hər üsulla vurmağa çalışdılar və biz də bu oyuna alət olduq. Görən, bir Madonnamız olsaydı, onu hansı günə salardıq?

Belə... İndi fikirləşmək gərək, düşünmək, araşdırmaq, axtarmaq, sorğulamaq gərək, bu ölkəyə həmişə zərər-ziyanı dəyənlərin yalan-böhtanına inanmağa davam edirik, yoxsa mədəniyyətimizin ən parlaq şəxslərindən biri olan Zeynəb Xanlarovaya atılan böhtanların mənəvi haqqını qaytarırıq? Çünki biz həqiqəti görəndə, bu sevgi və sayğı haqqını bərpa edəndə ədalət də bərqərar olacaq və o konsert də baş tutacaq.

Əsas mövzular