11:34 23 Sentyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
YAZARLAR
Qısa URL
907 0 0

Tövlədə kəndirə bağlanarkən, 16 yaşında 3 uşaq anası olərkən, təcavüzə məruz qalmağın astanasında canını qurtarıb həbsxanaya düşərkən, zəlzələdə ayaqları zədələnərkən ölməyən qadın, ayaq dırnaqlarını kəsərkən qarşılaşır əcəli ilə.

O, illər əvvəl Suriyanın Hələb şəhərindən Türkiyənin Kahramanmaraş bölgəsinə köç edən bir nəsildə, 1956-cı ildə doğulur. Kahramanmaraşda çadırlarda yaşayan, daha sonra Düzcə bölgəsinə köçən Qureyşan aşirətinin radikal adət-ənənələri içində böyüyən bu kürd qızı hələ 13 yaşı olanda, 3-cü sinifi bitirdikdən sonra yoxsulluq səbəbi ilə təhsilinə davam edə bilmir və “başlıq pulu” müqabilində 50 yaşlı bir kişiyə ərə verilir. “Tavukları pişirmişəm”, “Zorunda mıyım?” mahnıları ilə tanınan və sevilən Dilbər Ayın film kimi həyat hekayəsi, təkcə, faciəviliyi ilə deyil, həm də mübarizə əzmi, insanın mənəvi gücü baxımından hər kəsin bilməli olduğu hekayədir.

Şərqin radikal dəyərləri, tabuları, adət-ənələri içində əzilən, iztirablı talelərin qəhrəmanına çevrilən xeyli sayda qadın var. Anadoluda bu talelərə daha çox rast gəlirik. Etnik xaos, çeşidli törələr, təriqətlər və müxtəlif qrupların cəngindən qopub məşhurlaşan, peşəsindən, sənətindən daha çox həyat hekayəsi ilə tanınan qadınlar var: Bərgən kimi, Əsəngül kimi, Dilbər Ay kimi...

Dilbər Ay 13 yaşında olanda, Düzcəyə yenicə köçdükləri vaxtda Ankaradan, TRT Radiosundan sənətçilər gəlir və gözəl səs sahiblərini üzə çıxarmaq üçün yarışma keçirirlər. Dilbər Ay bir fürsət tapıb yarışmaya qatılır və “Gönül, gel, seninle muhabbet edelim” türküsünü səsləndirir. Qureyşan aşirətinin nümayəndələri səhnədə öz qızlarını görüncə qəzəblənir və Dilbərin atasına qızının qarşısını almasına dair xəbərdarlıq edirlər. Ata qızının barmaqlarının aralarına qaşıqlar düzür və barmaqlarını qırır. Daha sonra da boynuna kəndir salıb tövləyə - inəklərin yanına bağlayır. Bununla da ürəyi soyumayan ata müəyyən məbləğ başlıq pulu alıb 13 yaşlı qızını 50 yaşlı bir kişiyə ərə verir.

View this post on Instagram

A post shared by Dilberay Fan Club (@dilberay_fan_club) on

Dilbər Ay ərdə olduğu vaxt müsabiqəni qazanması ilə bağlı məktub alır. Lakin bu qələbəyə sevinə bilmir. Çünki yaşlı əri hamilə Dilbəri əlindəki birincilik məktubu ilə birgə gətirib atasına təhvil verir və ona qızının əxlaqsız bir artist olmaq istədiyini deyir. Ata hamilə qızını yenidən döyür. Bu dəfə azyaşlı və hamilə Dilbərə nənəsinin ürəyi yanır və ona bir miqdar pul verir ki, qaçıb canını qurtarsın. Həmin pulla Ankaraya, TRT radisounun önünə gəlir Dilbər Ay. Mühafizəçilər onu qapıdan qovmağa çalışırlar və öz aralarında onun bir dilənçi olduğunu deyirlər. Əynindəki enli tumanla, ayağındakı rezin qaloşla onu bir dilənçiyə bənzədirlər. Müsabiqəni qazandığına dair birincilik məktubunu göstərdikdən sonra onu dövrün Türk Xalq Musiqisi sənətçiləri qəbul edirlər və bir türkü oxumasını istəyirlər. “Mən bilsəydim, bu aləmə gəlməzdim” türküsünü oxuduqdan sonra ondan haralı olduğunu soruşurlar. Dilbər Ay Düzcəli olduğunu desə də, sənətçilər inanmır və kökünün haradan olduğunu soruşurlar. Əslinin Hələbdən gəldiyini dedikdən sonra sənətçilər onda kürd boğazını sezdiklərini bildirirlər.

16 yaşında 3 uşaq anası olan Dilbər Ayın səhnə həyatı beləcə başlayır. Qocaman ərindən ayrılır, ard-arda 24 albom çıxarır və Türkiyənin məşhur qazinoları onunla işləmək üçün növbəyə düzülürlər. Bərabərində, qastrollar da başlayır. Şöhrət və pul gəlir, amma bəla bitmir.

Almaniyada qastrolda olduğu vaxt kulisə yad bir adam girir. Bu adam müğənniyə, əvvəlcə, açıq-aşkar intim münasibət təklif edir. Müğənni onu otağından qovmağa çalışanda adam şiddət göstərməyə başlayır. Dilbər Ay adamın təcavüz niyyətində olduğunu anlayınca özü üçün gətirilmiş meyvələrin yanındakı bıçağı götürür və adama 7-8 bıçaq zərbəsi vurur. Müğənni qəfil bir xətaya düşdüyünü anlayıb Hollandiyaya qaçır, amma polislər onu yaxlayırlar. Məhkəmədən sonra 8 ay Frankfurt həbsxanasında cəza çəkməli olur. Ardınca, Türkiyədən toplanılan vəsaitlərin və işə qarışan peşəkar vəkillərin sayəsində Türkiyəyə gətirilir və buradakı məhkəmə prosesindən sonra sərbəst buraxılır.

Azadlığına qovuşduqdan sonra səhnə fəaliyyətinə yenidən davam edir. Şöhrəti daha da artır. Yeni mahnılar, yeni albomlarla bərabər şəxsi həyatında yeni bir səhifə açılır. 1998-ci ildə Almaniyada tanış olduğu və adına “həyatımın sevgisi” dediyi İbrahim Karakaşla evlənir. Bəla isə yenə bitmək bilmir...

1999-cu ildə Düzcədə baş verən dəhşətli zəlzələdə atasını itirir və ayaqları zədələnir. Həyatının sonuna qədər ayaqlarının ağrısı onu rahat buraxmır və yeriməkdə həmişə çətinlik çəkir. Dilbər Ay isə bütün iztirablarına oxuduğu qəmli arabesk mahnıları ilə sevənlərini hər nə qədər hüznləndirsə də, böyük bir toplumu əyləndirməyə, şənləndirməyə, güldürməyə davam edir.

Bir yandan Flash TV-də hazırladığı və aparıcılığını etdiyi “Kadere mahkumlar” adlı verilişi ilə səhnədə qoyulmuş dəmir barmaqlıqların arxasında mahnılar oxuyur və qədər məhkumlarının anasına çevrilir. Ona gələn məktublar “Dilbər ana” müraciəti ilə başlayır.

Bir yandan da Cüneyt Özdemirle reportajında yaşanmış anlaşılmazlıqla sosial şəbəkələrdə gənclərin fenomeni olur. Cüneyt Özdemirin “Məhkumlar sizin verilişdə sizdən hansı mahnıları daha çox istəyirlər?” sualına cavab verərkən, sözünə “Zorunda mıyım?”  mahnısının adını çəkərək başlayır və Cüneyt Özdemir “Xeyr, deyilsiniz” deyə, cavab verir. Ardınca Dilbər Ay “bu, əsərin adı, mahnının adıdır” deyə, bildirir. Bu video sosial şəbəkələrdə izlənmə sayına görə üst pillələrdə yer alır.

Türkiyənin məşhur futbol komandası olan “Fenerbahçe”nin futbolçularının stadionda minlərlə izləyici ilə birgə Dilbər Ayın “Tavukları pişirmişem” mahnısına rəqs etməsinin ardından da hər nə qədər hüznün, acının, iztirabın qadını idisə, bir o qədər də əyləncənin, şənliyin səsinə çevrilir.

Doğulduğu və böyüdüyü mühitin bütün dəyərləri, inancları Dilbər Ayın da ruhuna sirayət edir. Babası atasını mahnı oxumağa qoymayıb, döydüyü kimi, elə atasının da Dilbər Ayı artist olmaq istədiyinə görə cəzalandırdığı kimi, Dilbər Ay da öz qızını mahnı oxumağa qoymur, hətta, mətbəxdə yemək bişirərkən belə dodaqaltı mahnı mızıldamasına icazə vermir. O, qabalıqla zərafəti özündə birləşdirməyi çox yaxşı bacarır.

Nəhayət, 60-dan artıq albom çıxaran, müxtəlif konsertlər verən, bir neçə filmdə rol alan, Anadolunun əzablı qadını kimi tanınan, şöhrəti və zənginliyi bütünlüyü ilə yaşayan Dilbər Ay həyatının sonuna qədər Düzcədəki həyət evindən, gecəqondudan ayrılmır. O, lüks villaları, hündür binaları həbsxanaya bənzətdiyini deyir. Bir reportajında: “Həyətimdə tut, xurma, üzüm ağacları əkmişəm. Lobya, noxud becərirəm. Hərdən, yoldan keçənlərə səslənirəm, həyətə çağırıram. Onlara meyvə payı verirəm, çay süfrəsi açıram. 30 nəvəm var. Adıma kasıb deyirlər, amma mən Türkiyənin ən varlı qadınıyam” deyir.

Dilbər Ayın ölümü də taleyi kimi qeyri-adi və əzablı olur. Ayaqlarındakı problemdən dolayı əməliyyat olunmaq istəyir, amma ürəyində də problemlər başlayır. Bir gecə keçirdiyi qəfil qıcolma ilə xəstəxanaya qaldırılır. Əvvəlcə, ürək çatışmazlığı diaqnozu qoyulsa da, daha sonra ayaq dırnaqlarını kəsərkən infeksiyaya yoluxduğu məlum olur və bir neçə gün sonra vəfat edir.

Qəribədir. Tövlədə kəndirə bağlanarkən, 16 yaşında 3 uşaq anası olərkən, təcavüzə məruz qalmağın astanasında canını qurtarıb həbsxanaya düşərkən, zəlzələdə ayaqları zədələnərkən ölməyən qadın, ayaq dırnaqlarını kəsərkən qarşılaşır əcəli ilə. Amma öz dediyi kimi, bağı-bostanı, sadə gecəqondu yaşamı, səmimi danışğı, təvazökar davranışı, övladı-nəvəsi ilə və ən əsası oxuduğu mahnıları və onu sevən milyonlarla pərəstişkarı ilə Türkiyənin ən varlı qadını 29 aprel 2019-cu ildə itirir keşməkeşli həyatını.

Əsas mövzular