23:29 04 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
YAZARLAR
Qısa URL
84830

Əhalinin artımı Yer kürəsi üçün çox ciddi problem doğurur. İki yüz il ərzində planetin əhalisi 8 dəfə artıb.

BAKI, 24 aprel — Sputnik. Koronavirus pandemiyası fonunda KİV, sosial şəbəkələr və video platformalarda müşahidə olunan qorxu insanları əslində bir sıra mühüm problemlərdən yayındırır. Telekanallardan yalnız "Evdəqal", "karantin rejimini gözlə" şüarları eşidir, internet saytlarından isə dünya iqtisadiyyatının çökməsi, neftin qiymətinin enməsi barədə xəbərlər izləyirik. Qalan məsələlər arxa plana çəkilib. Hamı səbirsizliklə virusun çıxıb getməsini, normal həyatın bərpa olunacağını gözləyir.

Kimsə də bahalı restoran və kafelər, teatr, kino, idman zalları üçün darıxır

Bəzən evdə oturmaqdan bezənlər gizli fəaliyyət göstərən çayxanalarda toplaşıb çay içmək və domino ilə baş qatırlar. Belə obyektləri üzə çıxaranda, nədənsə yerinə başqası peyda olur. Darıxmaqdan bezdirici nəsə yoxdur. Hərə öz statusuna uyğun əyləncəni nə vaxt reallaşdıracağı barədə düşünür. İmkansızlar ucuz çayxana, rahat nərd, domino oynamaq imkanı qazanmaq, ucuz araq və siqaret istifadə etmək üçün karantinin sonunu gözləyir. Kimsə də bahalı restoran və kafelər, teatr, kino, idman zalları üçün darıxır.

Şopinq etmək arzusu ilə günlərini sayan xanımlar xərcləyə bilmədikləri dövrdən artıq qalan pulları tezliklə darmadağın edəcəkləri günü gözləyirlər. Bəşəriyyətin iqtisadi fəallığı bərpa olmasının bir təsirini o dəqiqə duyacağıq, yəni zibillikdə plastik qabların, polietilenin sayı birə on artacaq və zibil emal edən zavodlar var gücüylə çalışacaqlar.

Əslində, koronavirus bizi gələcəkdə gözləyən dəhşətli kataklizmlərin kiçik ssenarisidir. Elə də ölümcül olmayan, sürətlə yayıla bilən, ən aparıcı ölkələrin "mükəmməl" sayılan tibb sistemlərini çökdürən bir xəstəlik dünyanı həm qorxutdu, həm də bəşəriyyəti düşünməyə məcbur etdi.

Fransada elə virus olmadan belə gündə 1600 insan dünyasını dəyişir

Hər gün Avropadakı vəziyyəti şərh edən dünyanın bəzi iri telekanalları çox faciəvi səslə koronavirus səbəbindən on minlərlə qurban olduğunu bildirir. Amma dünyanın dərdi koronavirus deyil, artıq insan sayı, bu qədər əhalini təmin etmək üçün artıq imkanların tükənməsidir. Rəsmi məlumata görə, Yer kürəsində əhalinin sayı artıq 8 milyarda yaxınlaşır. BMT-nın hesablamaları 2050-ci ildə bu rəqəmin 10 milyard olacağını proqnozlaşdırır.

Fransada son dövrdə koronavirusdan 20 minə yaxın insan ölüb. Amma Fransada elə virus olmadan belə gündə 1600 insan dünyasını dəyişir. Hətta bu ölkədə gündə 5 min insan ölsə belə, əhalinin ümumi artımına ciddi təsir eləməz. Fransanın taleyi yəqin dünyanı çox qorxudur. Amma təxminən 210 milyon əhalisi olan Nigeriyada hər gün təxminən 7500 nəfər ölür. Yəni bu rəqəm dünyada heç kimi qorxutmur? 

Qorxutmur, çünki hər gün bu ölkədə təxminən 22500 körpə anadan olur. Fransada isə hər gün cəmi 2225 uşaq doğulur, o da daha çox gəlmələrin hesabına.

Hətta bu cür antisanitar şəraitdə belə çirkab şəhərciyində 2 milyon insan yaşayır

Əhalinin artımı Yer kürəsi üçün çox ciddi problem doğurur. Bu məsələdə bir sıra incə məqamlar da var. 1800-cü ildə planetimizdə 1 milyard əhali vardı. Elə də az olmasa, amma birtəhər dolanmaq olurdu. Yəni insan sayı mövcud ehtiyata uyğun artırdı. Cəmi 220 il ötüb, artıq əhali 8 dəfə artıb, ehtiyat da kifayət etmir. Deyək, 19-cu əsrdə 1 toyuqdan əmələ gələn cücənin böyüməsinə 1il tələb olunurdusa, hazırda yeni texnologiyaların, qida ilə verilən hormonların hesabına bir toyuğun yetişdirilməsinə 2 ay bəs edir. Dünyada yaşayan insanların heç də hamısının hətta bu toyuq ətini almağa imkanı yoxdur.

Nigeriyanın keçmiş paytaxtı, hazırda Afrikanın ən böyük şəhərlərindən biri olan Laqosda hazırda 13 milyon, ətrafında isə 21 milyon insan məskunlaşıb. Laqos kənarındakı su hövzəsində və orada toplanmış zibilin üzərində hətta bir şəhərcik yaranıb. Bu şəhərcikdə evlər taxtadan qurulur və böyük bir çirkab bataqlığını xatırladır. Hətta bu cür antisanitar şəraitdə belə çirkab şəhərciyində 2 milyon insan yaşayır. Nə yeyirlər, nə içirlər, bircə Allah bilir. Bununla yanaşı, elə məktəbləri də var, orada dərs deyən müəllimləri.

Müasir tibbin köməyi ilə ən ağır xəstəlikləri belə "sağaltmaq" mümkün oldu

Nə müharibələr, nə epidemiyalar insan sayını azalda bilmir. Bu demoqrafik fəlakətin yaranmasının da səbəbi var, yəni ilk növbədə neftin çıxarılması və istehsalına bağlıdır. Neft-qaz həm komfortlu şərait deməkdir, həm də çoxlu qida yetişdirməyə imkan verən resursdur. 200 il öncə Hindistanda qiymətli ədviyyə növlərinin yetişdirilməsi Avropa üçün böyük əhəmiyyət kəsb etmirdi, çünki onları yerinə çatdırmaq üçün yanacaq kifayət qədər deyildi. 

Nə sürətli gəmi vardı, nə böyük yükdaşıma gücü olan dəmir yolu, nə də başqa nəqliyyat infrastrukturu.

Məhz neft-qaz erasında dünyanın bir iqtisadi modeldə birləşməsi mümkün oldu. Bir ölkədə yaradılan məhsul asanlıqla başqa ölkələrin bazarına yol tapdı. Həm nəqliyyat inkişaf etdi, həm elm, həm də səhiyyə. Nə vaxtsa adi zəhərlənmədən ölən insanlara vaxtında tibbi yardım göstərildi. Bəşəriyyət süni bir sivilizasiya qurub ətraf mühiti dəhşətli bir ardıcıllıqla məhv etməyə başladı. Müasir tibbin köməyilə ən ağır xəstəlikləri belə "sağaltmaq" mümkün oldu. 100 il öncə hemofiliya xəstəliyindən salamat qalmaq şansı yox idi. Hətta Rusiya imperiyasında baş verən inqilabi çevrilişin də kökündə II Nikolayın vəliəhdi Alekseyin bu xəstəliyə düçar olması idi.

Dava-dərman olmasa, elə günü sabah Yer kürəsinin əhalisi yarıbayarı azalar

İndi hətta hemofiliya xəstələrinə də çarə tapıblar. 100-lərlə irsi xəstəliyi olan körpələr hansısa müalicə almaq yolu ilə illərlə yaşayır, daha sonra isə özlərindən nəsil də verirlər. Bir neçə əsr öncə də 70-80 il yaşayan insanlar vardı. Amma indi yaşlı insanlar yalnız və yalnız dərman qəbul etmək, həkim yanına getməklə bu yaşacan sürünə-sürünə yaşayırlar. Dava-dərman olmasa, elə günü sabah Yer kürəsinin əhalisi yarıbayarı azalar.

Çox yemək, çox gəzmək, çoxlu əşya almaq, xarab olan əşyaları təmir etmək əvəzinə zibilə atmaq adi hala çevrilib. Təbiət artıq çoxdan siqnal yollamaqla insanları xəbərdar edir. Mexiko, Nyu-York, London, San-Paulu, Tokio, Pekin kimi şəhərlərdə çoxdan təmiz su və hava qıtlığı duyulur. İnsan sayı 10 milyonu çoxdan ötmüş bu meqapolislərin hətta əməlli-başlı idarə olunması belə sual doğurur. Məsələn, ətraf rayonları ilə birlikdə Braziliyanın ən böyük şəhərlərindən olan San-Pauluda artıq çoxdan su problemi yaranıb. Əhalisi 22 milyonu ötmüş bir şəhəri axı necə su ilə təchiz etmək olar? İnsanlar susuzluqdan əziyyət çəkirlər. Su əldə etmək üçün hər addımbaşı bir artezian quyusu qazılır. Özü də hər quyunun konkret sahibi olur. Kimsə qıraqdan gəlib bu sudan yararlana bilməz. İnsanlar birləşib vəsait toplayır, özlərini su ilə təmin etmək üçün quyu qazan şirkəti dəvət edirlər.

Ət yeməyi birə on azaltmaq lazım gələcək

Bu acınacaqlı vəziyyətdən çıxış yolu varmı? Müsbət perspektiv gözləmək çətindir. Yaxın gələcəkdə bəşəriyyət ən ağır, ən sərt qərarları qəbul etməyə məcbur olacaq. İlk növbədə planetin su ehtiyatı və onun düzgün istifadəsi məsələsi əhəmiyyət kəsb edəcək. Su qıtlığı var deyə bütün istehsalat növləri mümkün qədər qənaətedici sistemlərə keçməlidir. İkiqat su tələb edən texnologiyadan imtina etmək lazım gələcək. Məsələn, heyvandarlıq ən böyük su tələb edən sahədir. Üstəlik, dünyada yetişdirilən, xeyli su aparan soyanın da çox hissəsi heyvanlara yedizdirilir. Ət yeməyi birə on azaltmaq lazım gələcək. Bu bizim görə biləcəyimiz ən kiçik məsələlərdən olacaq.

Su qıtlığı olan bəzi ölkələr bəzi bitkilərin yetişdirilməsindən əl çəkməli olacaqlar. Pambıq əkinindən əl çəkməliyik, çünki harada əkildisə, orada quraqlıq yaranır. Suya tələbatı çoxdur. Daha çox çətənədən, kətan və sintetik materialdan hazırlanan geyimə üstünlük verməli olacağıq.

Suyun təkrar emalı, enerji tələb edən sahələrin ixtisar edilməsi, lazımsız əşyaların istehsalının azaldılması, yeni marketinq və iqtisadiyyat nəzəriyyəsinin yaradılması kimi məsələlər əhəmiyyət kəsb edəcək. Bəşəriyyət demoqrafiq artıma nəzarət, təbiətlə harmoniyada yaşamaq, ziyanlı istehsaldan əl çəkmək, planetin bütün resurslarına ciddi qənaət etmək kimi məsələlərin həllini axtarmalıdır.

Tapa bilməsək, deməli, yaşamaq şansımız da olmayacaq.

Əsas mövzular