01:09 02 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
YAZARLAR
Qısa URL
151720

Koronavirus ilə bağlı dəqiq məlumatları, səhih analizləri bu sahənin mütəxəssislərindən eşitməyimiz, onların tövsiyələrini oxumağımız məsləhətdir.

Dünya çox ciddi sınaq qarşısındadır.

Koronavirusun  törətdiyi  COVID-19 xəstəliyi sürətlə yayılır, artıq pandemiya elan olunan bu xəstəliklə bağlı hər gün neqativ xəbərlər gəlməkdə davam edir.

Dünya virusla, afətlə, bəlayla, xəstəliklə savaşır.

Xof, təşviş, qorxu, narahatlıq artır, insanlıq ciddi sınaqla üzləşdiyini idrak edir.

Ölkəmiz də bu savaşın, bu bəlanın içərisindədir.

Dövlət öz üzərinə düşəni edir, təcrid, karantin, xüsusi rejim tətbiq edilir.

Vətəndaşlar üçün güzəştlər və yardımlar planlaşdırılır, həyata keçirilməsi gözlənilir.

Ağır günlərdir.

Hamı üçün olduqca ağır sınaq, çətin imtahandır.

Bu sınaqdan çıxmağımızın hələlik yeganə yolu, özümüzü və yaxınlarımızı qorumaq, qadağalara və tövsiyələrə əməl etməkdir.

***

Koronavirus ilə bağlı dəqiq məlumatları, səhih analizləri bu sahənin mütəxəssislərindən eşitməyimiz, onların tövsiyələrini oxumağımız məsləhətdir. Bu barədə Azərbaycan dilində internet portalı da fəaliyyət göstərir, məsuiyyətli xəbər saytları dəqiq və dolğun məlumatlar verir.

Sosial şəbəkələrdəki “informasiya seli”nin içərisindən doğru-dürüst informasiya, məlumat tapmaq çətin olsa da, mümkündür.

Ölkədə karantin elan olunub, küçəyə çıxmaqla bağlı məhdudlaşdırmalar tətbiq olunur, dövlət bacardığı qədər vətəndaşına düzgün istiqamət verir.

Pandemiya ilə bağlı yaradılan Operativ Qərargah da gərgin rejimlə çalışır.

Efirlərdə, internet resurslarında insanları evdə qalmağa səsləyirlər.

Təəssüf ki, əksəriyyət bu qadağalara riayət etmir.

Yaşadığım evin geniş prospektlərdən birinə açılan pəncərəsindən müşahidə edirəm; insanlar heç nə olmamış kimi maskasız, əlcəksiz küçələrdə dolaşırlar.

Qaçmaq, hava almaq, idman etmək, velosiped sürmək, laqqırtı vurmaq bəhanəsi ilə evdən çıxanları anlamaq mümkün deyil.

İnsanlar hələ də bu izolyasiyanın onlar üçün həyati əhəmiyyətli olduğunu dərk etmirlər.

Kiçik marketlər, məhəllə dükanları qadağalara, tövsiyələrə riayət etmir. Əlcəksiz, maskasız iş başında olan insanları görəndə təhlükənin miqyası insanı xoflandırır.

Avtomobillərin hərəkəti məhdudlaşdırılsa da, sabaha qədər küçələrdə şəxsi avtomobillər şütüyür. Və insanlar bunun necə fəsadlara yol açacağını əsla düşünmürlər.

***

Yalan informasiya yayanlar, bilmədikləri sahədən insanlara dərs keçənlər gündən-günə artır.

Yanlış informasiyaların yayılması pandemiya qədər qorxuludur.

Qarşımıza çıxan hər videonu, xəbəri doğru hesab edib yaxınlarımızla, dostlarımızla paylaşmaqdan çəkinməliyik.

İnsanların psixologiyasını pozmaq, evdə oturub vəziyyətin düzəlməsini gözləyən əhalini qorxutmaq sadəcə ayıbdır.

İşbazlar, spirti, maskanı, əlcəyi beş qat qiymətinə satanlar insanları narazı salırlar. Yenə də kiçik ticarət obyektləri qiyməti süni şəkildə artırır, onsuz da çətin durumda olan insanları daha gərginləşdirir.

Tibb işçiləri Kommunarkada
© Photo : Press Service of the Department of health of Moscow

Bu çətin və təhlükəli günlərdə bir olmağımız, qarşılaşdığmız təhlükənin öhdəsindən yalnız birlikdə gəlməyimiz mümkündür.

Evdə qalmağımız həm yaxınlarımızı təhlükədən qoruyur, həm də pandemiyanın yayılmasının qarşısını alır.

Bunu dərindən düşünüb dərk etsək, bu qədər qadağaya və məhdudiyyətlərə ehtiyac qalmazdı.

İstənilən halda, bu qadağalar ölkənin, dünyanın xeyrinədir.

Evdə qalaraq, dünyanı xilas edənlərdən olmaq şansımız varkən, küçələrə çıxmayaq. Nə qədər çətin olsa da, bunu etmək mümkündür. Bu gün evdə oturmaqla yaxınlarınızın, övladlarınızın superqəhrəmanı ola bilərsiniz.

Zəruri hallar istisna olmaqla küçələrdə vaxt keçirmək təhlükənin miqyasının böyüməsinə səbəb olduğunu hamımız bilirik. Çin, İtaliya, İran, İspaniya nümunələrini hamımız gördük.

Ailəmizi, doğmalarımızı, ölkəmizi, dünyamızı qoruyaq!

Gəlin yaşadığımız ölkəni, ailəmizi, doğmalarımızı sevdiyimizi davranışlarımızla, atdığımız addımlarla sübut edək.

Bu sevgi bizi xilas edəcək!

Əlaqədar

Koronavirus həyatları dəyişir: burada isə ondan qorxan yoxdur
İtaliyada "COVID-19" xəstəliyindən "qəribə" ölüm hadisələri baş verir
Azərbaycanda daha 41 nəfərdə koronavirus aşkarlanıb
Qan soran cəlladlar – Bu dəfə bəla onlardan gələ bilməz
Sarımsaqdan zəncəfilə kimi: antiseptik ədviyyələr nə qədər effektlidir?

Əsas mövzular