17:40 16 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
YAZARLAR
Qısa URL
89040

Ən azı, bir bəyanata ehtiyac var, ortaya mövqe qoyulmalıdır. Kimin tərəfindəyik? Əhalinin, yoxsa işi düzgün qura bilməyən sahibkarın?

BAKI, 3 mart — Sputnik. Jurnalistə hədə-qorxu gəlmək, onu qanunsuz izləmək dünyanın bir çox ölkəsində ciddi cəzalana biləcək hal kimi qiymətləndirilir. Bu barədə ən sərt cəzaya ABŞ-da məruz qalmaq olar. Söz azadlığı, mətbuatın azad işləmək imkanı konstitusiyada əksini tapıb.

Azərbaycan qanunları da jurnalisti hərtərəfli müdafiə edir. Kiminsə jurnalistə təzyiq göstərməsi həmin adamın ciddi cəzalanmasına gətirib çıxara bilər. Amma reallıqda hüquq-mühafizə orqanları qanunun icrasında elə də maraqlı deyillər.

Sahibkar “təhlükə” mənbəyini tapmaq və zərərsizləşdirməyə qərar verir

Neçə gündür, mətbuatda və sosial mediada jurnalist Aləmdə Nəsibə qarşı edilən təzyiq barədə xəbərlər paylaşılmaqdadır. Aləmdə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin 3-cü kurs tələbəsi, həm də artıq bəzi media orqanları ilə əməkdaşlıq edən jurnalistdir. Təhsilini bitirməsə də, artıq jurnalist fəaliyyəti ilə ciddi məşğul olur, ən azı, köşələri sistematik dərc olunur.

Aləmdə hər gün universitetə Ramana qəsəbəsindən 204 saylı marşrutla gedir. Sonra da elə bu marşrutla evinə dönür. 204-lə bağlı son dövrdə bir neçə yazı və video paylaşılıb. Videoda sürücünün sükan arxasında çay içdiyi, telefonla danışdığı və siqaret çəkdiyi açıq-aydın görünür. Mövcud qaydalara görə, avtobus sürücüsü bu hərəkətlərin heç birini sükan arxasında edə bilməz. Açıq-aydın qanun pozuntusu var. Belə sürücünü həm 204 saylı xəttin rəhbərliyi, həm yol polisi cəzalandırmalıdır. Bakı Nəqliyyat Agentliyi də reaksiya göstərməlidir, çünki avtobusun daxilində kamera da quraşdırılıb, yəni bu hərəkətə göz yummaqdan başqa nəsə demək olmaz.

Qanuna riayət etməli olan sahibkar heç bir halda səs-küy doğurmuş videodan sonra nəsə bir başqa yol düşünməzdi. Ən azı, şərti də olsa, sürücünü cəzalandırıb bu barədə sosial şəbəkədə və mətbuatda məlumat yayardı. Amma 204 saylı marşrutun sahibi Sənan Səlimov başqa cür hərəkət etməyə qərar verir. Xətdə çalışan sürücülərinə daha diqqətli olmağı tapşırır. Yəni “təhlükə” mənbəyini tapmaq və zərərsizləşdirməyə qərar verir. Aləmdənin jurnalist olduğunu bilən sürücülər çəkilişin ondan gəldiyini düşünürlər. Bundan sonra jurnalistin sözün əsl mənasında izlənilməsi başlanır.

Jurnalisti izlə, iki maşın dolu kişi ilə ona psixoloji təzyiq göstər

Aləmdənin harada yaşadığını təyin edən Sənan Səlimov onu evinin yaxınlığında qarşılayır, yaxınlıqdakı iki maşında əyləşən bir neçə sürücü də uzaqdan onların söhbətini izləyir. Səlimov bir neçə gün Aləmdəni izləyib, kimlərdənsə soruşub onun haqqında məlumat toplayıb və videonu onun çəkdiyini düşünür. Guya bilmək istəyirmiş ki, bəlkə, ona qarşı hansısa kobudluq olub. Yəni videonu ona görə çəkib yayır.

Çox qəribə məntiqdir, jurnalisti izlə, iki maşın dolu kişi ilə ona psixoloji təzyiq göstər, sonra da qarşısını kəs ki, bəs, bəlkə, sizə qarşı kobudluq olub? Bəs marşrutdakı kamera nə üçündür? Bəzək aksesuarıdır? Kimisə sorğu-suala tutmağın nə adı var? Jurnalistin işi xəbər yaymaqdır, məlumat paylaşmaqdır. Polisin də işi oğrunu tutmaq. Hansısa oğru gedib polisə deyə bilərmi ki, niyə oğurluq faktını araşdırırsan? Yəqin, heç kim buna cəsarət belə etməz.

Aləmdənin bu yayılan video ilə heç bir əlaqəsi olmasa da, hazırda bir qınaq obyektinə çevrilib. Sürücülər ona əyri-əyri baxır, kəndin camaatı da. Guya sükan arxasında çay içib, telefonla danışan sürücü yox, elə Aləmdənin özüymüş.

Hadisə tək bununla bitməyib, bu xətdə işləmiş, lakin yol verdiyi xətalara görə işdən azad edilmiş sürücü Alı İsrafilov da içkili halda gecə Aləmdənin yaşadığı evə gəlib. Həyətin qapısını döyüb, Aləmdədən Sənan Səlimova zəng etməsini, işə bərpa edilməsini tələb edib.

"Adamın yoxdur?", "Atan, qardaşın yoxdur?"

Məsələnin ictimailəşməsi nəticəsində jurnalistə Daxili İşlər Nazirliyindən zəng vurulub, izahat alınıb, Baş Polis Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət gəlib. Hazırda araşdırma aparılır. Aləmdənin dediyinə görə, idarənin rəisi onunla çox nəzakətlə davranıb. Amma işi aparan polislərin davranışı o qədər də ürəkaçan olmayıb.

""Adamın yoxdur?", "Atan, qardaşın yoxdur?" Bu suallara qısaca və çox yumşaq cavab verim ki, bir xanımın şəxsiyyət kimi qəbul olunması üçün nə adama, nə də kişi cinsindən birinə ehtiyacı var! Mənimçün bu belədir. Problem mənimdir. Kimsə söhbət edə, mənəvi, qanuni dəstək ola bilər. Bu tamamilə ayrı yanaşmadır. Lakin mən, ya başqa xanımlar gözəgörünməz, ağıldankəm deyilik ki, adamı, kişi cinsindən biri yanında olmadan, onu himayə etmədən saya sayılmayaq! Bəli, mən əvvəlki iki gün də, bu gün də burada təkəm”, - deyə polis idarəsindən dönən jurnalist öz sosial media profilində yazıb.

Sənan Səlimovun davranışında cinayət tərkibi yoxdur. O, hətta işdən azad elədiyi sürücünün hərəkətinə də cavabdeh deyil. İşçidir, qanunu pozub, cəzasını alıb. Bu, mənəvi dilemmadır. Polis də sahibkara ciddi xəbərdarlıq edib. 

Marşrut sahibini mətbuatla davranış təliminə göndərməliyik

Aləmdə də tək deyil, onun arxasında təzyiq məlumatını yayan xəbər saytları, dərdinə şərik olan jurnalist dostları, mənim kimi köşə yazarları var. Dəstək olmuşuq və olacağıq.

BNA hadisəyə reaksiya göstərməyib. Bəlkə də reaksiya var, nəticəsini hələ görəcəyik. Ola bilər, sahibkarın lisenziyasını da geri götürdülər. Amma ən azı, bir bəyanata ehtiyac var, ortaya mövqe qoyulmalıdır. Kimin tərəfindəyik? Əhalinin, yoxsa işi düzgün qura bilməyən sahibkarın?

Azərbaycanın nəqliyyat sisteminə bağlı qanunvericilik daha da sərtləşdirilməlidir, məncə. Hər jurnalist də əlinə bir kamera alıb gərək düşsün avtobusların canına. Hərə bir tərəfdən çəkib yaysın, hər gün belə sürücü və avtobus yiyəsi cərimələnməlidir. Belə videolar yayılan kimi polis və prokurorluqdan da reaksiya olmalıdır. 

Kiçik bir işimizlə hər gün nəyisə dəyişək gərək. Aləmdə, sözsüz, möhkəm jurnalistdir, bu böhrandan üzüağ çıxacaq, yəqin. Amma marşrut sahibini isə cəza olaraq mətbuatla davranış təliminə göndərməliyik, çünki həm sahibkar kimi, həm də jurnalisti izləyən “müstəntiq” kimi yararsızdır.

Əlaqədar

Yuxulu və qəzəbli - Onların susqunluğu səbəbindən ölmək üçünmü doğulduq?
Yuxarı mərtəbə yerində qalır, aşağı isə Bakıya gedir - "hibrid" mütəxəssisləri mat qoydu
Sözü deyən arxasında dursun: hər şikayətə görə zəng vuracaqlar

Əsas mövzular