06:36 01 Aprel 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
YAZARLAR
Qısa URL
89631

Azərbaycanın bir qədər sönük, qeyri-dinamik və hələ də özündə sovetin möhürünü gəzdirən televiziyasının yeni informasiya dövründə rəqabətə davamlı olması şübhə doğurur

BAKI, 28 fevral — Sputnik. “Televizora baxmıram”, “evimdə antenam yoxdur”, “yerli kanallar maraqsızdır” kimi ifadələrə sosial mediada tez-tez rast gəlirik. Gənclərin çoxu televizora heç baxmadığını etiraf edir. Soruşanda maraqlı cavablarla da rastlaşırıq. Bir universitet tələbəsi “televizora baxmıram, çünki evdəkilərin zövqünü bəyənmirəm” deyə bildirmişdi. Deyir: “Bu mənasız tok-şoulara axı nə qədər baxmaq olar? Bəzən maraqlı bir sənədli filmə və ya verilişə baxmaq istərdim, amma evdə pult kimin əlindədirsə, o da kanalı təyin edir. Mən isə telefonumla evin bir küncünə çəkilib istədiyimə smartfonda baxıram”.

Efir insanı doğma dilini əməlli-başlı bilmir

Yerli kanallardan narazılıq edənlər adətən bayağılığı, qeyri-peşəkarlığı, verilişlərin maraq doğurmadığını əsas gətirirlər. Bu iddiaların hamısında bir həqiqət var. Bəzən Azərbaycan kanallarına baxmaq insana doğrudan da iztirab verir. Pultun düyməsini basdıqca bir-birindən mənasız verilişləri, savadsız aparıcıları izləmək məcburiyyətindəsən. Bu onu tərifləyir, o da bunu. Nə qədər efir insanı doğma dilini belə əməlli-başlı bilmir. Danışa bilməyən aparıcılar da yeni nəslin dilini-düşüncəsini korlayırlar. İndi hamı bərbad danışır: uşaqlar televiziya-radioda eşitdikləri yararsız nitq, bəzən daim xarici kanallara baxdıqlarına görə, digərləri Azərbaycan dilindən kənarda olan mühitə bağlı olduqlarına görə, o biriləri sosial şəbəkənin dili korladığına görə.

Nəinki Azərbaycan kanallarında, bəzən əlində 200-dən yuxarı olan bir televiziya şəbəkəsindən heç bircə fərli-başlı veriliş tapmaq mümkünsüzdür. Oradan buraya, buradan oraya çeviririk. Heç nə də yoxdur. Evində Türkiyə, Rusiya və ya Avropaya yönəlmiş peyk antenaları olanlar daha yaxşı bilər: bir mənasız kanaldan digərinə keçməklə bəzən pultun düyməsini bir neçə yüz dəfə basmağa məhkumsan.

Nə qədər avara adam varsa, özünü çəkib qoyacaq “Youtube”-a

“Televizora baxmaram” deyənlərdən kimi dindirsən, adətən sosial şəbəkənin və ya “Youtube” adını çəkəcək. Yəni həm məlumatı oradan alır, həm də istədiyi videokontenti “Youtube” video platformasından izləyir. Amma bu da çıxış yolu deyil, çünki əgər telekanalın kontentini mənasız adlandırırıqsa, bir sıra “Youtube” videolarına informasiya “zibili” desək, yanılmarıq. Yer üzündə nə qədər avara adam varsa, özünü çəkib qoyacaq oraya. Nə istəsən, etməyə hazırdır. Təki “layk” toplasın, kanalını bəyənsinlər. Oynasın, çırtıq çalsın, üzünü-gözünü rəngləsin, meymun kimi bağırsın, ekran qabağında soyunub-geyinsin, kürəyinə döydürdüyü tatunu bir saat müzakirə etsin. “No problem”.

Televiziyanın günü-gündən mənasızlaşmasının səbəbi də elə bu tip kontentin hər yeri zəbt etməsindədir. Baxırsan, biri telefonla nəsə çəkdi, öz kanalına yerləşdirdi, milyonlarla baxış oldu, pulu da var, reklamı da. Televiziyada kiçik bir süjet üçün çəkiliş qrupu harasa getməli, sonra montaj otağında xeyli iş aparılmalıdır. Efirdə də bir anda itib gedəcək. Məhz internetlə rəqabətin fonunda televiziyanın da bu tip formata uyğunlaşması prosesi gedir. Deyək, artıq televiziya aparıcısından səlis yox, məhz ara dildə danışması, bayağı ifadələrin işlədilməsi tələb olunur. Hətta bu dildə danışan insanlar da televiziya efirinə rahatlıqla yol tapa bilirlər. Böyük izləyici kütləsi həm reytinq deməkdir, həm də reklam cəlb etməyin yollarından biridir.

Tamaşaçı istədiyi kontenti özü təyin edir

Heç orta məktəb savadı olmayan bloqçu öz “Youtube” kanalında özünü necə aparırsa, indiki televiziya aparıcıları da buna uyğun hərəkət edirlər. Nədənsə “televizora baxmıram” deyənlərin böyük əksəriyyəti hər gün sosial mediada telekanallara məxsus kontenti paylaşır. Baxmıram desə də, ucundan-qulağından nəsə görür, nəsə eşidir. Televizora baxmağın da qaydası dəyişib. Artıq izləyici televiziyanın təklif etdiyi kontenti yox, öz istəyinə uyğun mövzuları seçir. Dünyanın aparıcı telekanallarına da çıxış əldə etmişik. İPTV xidməti isə istənilən telekanalın arxivinə daxil olmağa real imkan yaradır. Daha canlı efirə də baxmaq tələbi yoxdur. Futbol üzrə futbol çempionatını canlı izləmək vacibdir, amma hər hansı bədii və sənədli filmi arxivdən də tapmaq olar. Evə gec gəlmisən, bəyəndiyin veriliş artıq bitib. Bu halda gir arxivə, lap əvvəldən bax.

Aparıcı ölkələrdə çoxdan başlayan bu proses hazırda Azərbaycanda da reallaşıb. Tamaşaçı istədiyi kontenti özü təyin edir. Texnoloji yeniliklər də əlbəttə bütün mənada televiziyanı dəyişdirib. Telekanalların həm internetdə canlı yayımı var, mütləq olaraq “Youtube” kanalları yaradılıb, maraqlı verilişləri hər bir variantda izləmək mümkündür. Əgər evdə Smart TV varsa, deməli bu qurğuya heç televizor da demək doğru deyil. Özündə hər bir imkanı birləşdirən bu aparatların vasitəsilə internetin hər bir imkanından - axtarış sistemi, sosial şəbəkələr və videoplatformalardan tam yararlanmaq olar. Böyük ekranlı smartfondur elə bil.

Peşəkarlar da virtual mühitə inteqrasiya olmağa çalışırlar

Artıq bəzi televiziya analitikləri internetdə də vəziyyətin bir qədər dəyişdiyini iddia edirlər. Bloqçuların və azad jurnalistlərin televiziyanı dəyişdiyi kimi peşəkarlar da virtual mühitə inteqrasiya olmağa, daha maraqlı və baxılan kontent yaratmağa çalışırlar. Smartfon qarşısında atlanıb düşənlərdən bezib bir əməlli-başlı məzmun axtaranlar üzünü peşəkarlara tərəf çevirir. Vəziyyət tədricən dəyişir. Vaxtilə televiziyada çalışmış, kifayət qədər təcrübəsi olan bir çox insan internetdə öz şəxsi biznesini qurur, daha dolğun videobloqlar yaradırlar. Zaman ötdükcə bu yönümdə olan videolara maraq böyüyəcək. İnformasiya mühiti böyüdükcə, həm internet televiziyaların sayı artacaq, həm də müxtəlif imkanlar çoxalacaq. Tamaşaçının diqqətini saxlamaq üçün daha kəskin mübarizə aparmaq lazım gələcək.

Azərbaycanın bir qədər sönük, qeyri-dinamik və hələ də özündə sovetin möhürünü gəzdirən televiziyasının yeni informasiya dövründə rəqabətə davamlı olması şübhə doğurur. İstedadlı, peşəkar insanların harada olacağı da əhəmiyyətlidir. Televiziya həmişə jurnalistikanın ən maraqlı hissəsi sayılıb. Yəni uğur üzünə güldümü, hansısa telekanalda işə düzəldinmi, deməli populyarlıq, şan-şöhrət səninlə bir addımlayacaq. Amma bu gün populyar olmaq üçün heç də efirə çıxmaq lazım deyil, bir bloq yaradıb maraqlı kontent yaratmaqla ulduza çevrilmək olar.

Yaxın gələcəkdə birmənalı televizora baxan, ya da baxmayan insanlara yəqin rast gəlməyəcəyik. Televiziya və internet tam birləşəcək, həm də tamaşaçının nəyə baxacağını heç bir halda diktə etmək mümkün olmayacaq. Hər bir auditoriyanın zövqünə uyğun material hazırlamaq lazım gələcək. Baxan baxacaq, baxmayan da “Youtube”dan seçib baxacaq.

Əsas mövzular