09:56 01 Aprel 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
YAZARLAR
Qısa URL
108910

Cəmiyyətdə aqressiya mövcuddur, biz, əfsuslar ki, dialoqla həll edə biləcəyimiz məsələlərin həllini fiziki məhvetmədə görürük

BAKI, 17 fevral — Sputnik.  

7x7 həftənin ən yaddaqalan hadisələrini yazır

Münhen debatı

Bu həftə Münhen Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələrin mərkəzinə çevrildi. Azərbaycan Prezidenti İlham Əliyev Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan Baş naziri Nikol Paşinyanla Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələrdə iştirak etdi. Müzakirələr Paşinyanın əsassız iddialarının darmadağın edilməsi ilə yadda qaldı.

Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələrində
© Official website of President of Azerbaijan Republic

N.Paşinyan Xocalı soyqırımı ilə bağlı danışarkən Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibova “istinad edərək” sözügedən hadisəni azərbaycanlıların törətdiyini iddia etdi, Prezident İlham Əliyev isə bildirdi ki, bu məlumat Rusiyadakı bəzi erməni jurnalistlər tərəfindən icad olunub və Rusiya mətbuatında dövriyyəyə buraxılıb.

Seçkinin “VAR”ı

Həftənin ən mühüm hadisələrindən biri son parlament seçkilərində pozuntular qeydə alınmış 4 dairənin nəticələrinin ləğvi idi. MSK Çingiz Qənizadənin, Hadı Rəcəblinin, Rauf Arifoğlunun və Hüseynbala Mirələmovun qələbələrini tanımadı.

Budəfəki seçki göstərdi ki, sosial şəbəkələr istənilən prosesin nəticəsinə təsir etmək gücündədir. Məhz sosial şəbəkələr, xüsusilə "Facebook"da yayılmış videomateriallar bir çox dairələrdə seçkinin, namizədlərin taleyinə təsir etdi. Bu, təxminən futbolda yeni tətbiqinə başlanılan “VAR” sistemi kimi bir şeydir. Hakim görmədiyi epizoda oyunu dayandıraraq, monitorda baxır və qərar verir. MSK da hazırda həmin monitorun qarşısındadır...

Seçki gündəmdən düşməmiş bu mövzuda bir klassik lətifəni də oxucularımızla bölüşək: Seçki kampaniyası üçün səfərə çıxmış bir avtobus siyasətçi kəndlərin birində qəzaya düşür. Qəza yerinə gələn kəndlilər onların meyitlərini basdırır. Növbəti gün sahə müvəkkili bələdiyyə sədrindən soruşur ki, həmin adamları basdıranda dəqiqləşdirdinizmi ki, hamısı ölmüşdü? Sədr cavab verir: "Bəziləri yaşadıqlarını iddia edirdilər. Ancaq siyasətçilərin də necə yalançı olduqlarını bilirsiniz də..."

Koronavirus

Məlum virus bu həftə də gündəmdən düşmədi. Çində bu virusdan ölənlərin sayı 1770-i keçdi, xəstəlik Avropaya və okeanın o biri üzünə qədər yayıldı, təhlükənin sərhədləri genişlənməkdə davam edir... Bu ölkədə yaşayan azərbaycanlılar Türkiyəyə təxliyə edildi, bir neçə günlük karantindən sonra Vətənə döndülər. Sumqayıtdan Çinə iki dəfə tibbi ləvazimatlar göndərildi. Ləvazimatları çatdıranların virusa yoluxmaması üçün ümid edək ki, profilaktik addımlar düşünülüb, Sumqayıta qayıdıblarsa, onları yaxşı-yaxşı müayinə etmişik. Yeri gəlmişkən, bu yazı da Sumqayıtdan göndərilir. Onun da içərisində hər ehtimala qarşı uzun müddət qalmaq məsləhət deyil.

Ax, Bakı küləyi...

Bəli, nə qədər qəribə olsa da, ötən həftənin ən yaddqalan hadisələrindən (!) biri də Bakıya qar yağması idi. İllərdir qara həsrət qalan paytaxtımız, nəhayət, ağ dənəcikləri öz səmasında gördü. Düzdür, təbiət bizi qartopu oynayacaq qədər yağıntı ilə sevindirmədi, ancaq hər halda, qar yağdı.

Bakıya qar yağmamasının səbəbini də elə ötən həftə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən öyrəndik. Məlum oldu ki, bu qədər şaxtalı havaya baxmayaraq, külək potensial qarı “küləklər şəhəri”nin səmasından uzaqlara “itələyib”.

Beləcə, biz artıq 5 yaşlı uşaqlara da qar haqqında nağıl danışırıq...

SOS!

Lənkəran şəhərində 62 yaşlı usta ehtiyatsızlıqdan yıxılaraq vəfat edib. Nəhmət Sərəng oğlu Məmmədov usta kimi çalışdığı evin hasarında qaynaq işi görərkən yüksəklikdən yıxılıb və həyatını itirib.

Tikinti gedən hətta hündürmərtəbəli binaların qarşısından keçərkən diqqət edin – əksər hallarda təhlükəsizlik qaydaları gözlənilmir. Nə müvafiq geyim, nə təhlükəsizlik kəməri istifadə edilmədən xeyli adam göyün ənginliklərində daşdan çörək çıxarır. Müvafiq qurumlar isə sərt tədbirlər görmək əvəzinə seyirçi olaraq qalır. Niyə? Bu, artıq başqa problematik mövzunun söhbətidir. Heç olmasa, tikintini aparan şirkət bu məsələdə güzəştə getməməli, tələbləri sərtləşdirməlidir. Başa düşməliyik ki, kimlərdənsə təlimat gözlədiyimiz vaxt insanlar həyatını itirirlər...

Aqressiya

Təəssüf ki, qanlı kriminal hadisələr də həftənin olayları sırasında idi.

Qubanın Birinci Nügədi kəndində aralarında yaranan şəxsi münaqişə zəminində 2001-ci il təvəllüdlü Şükürov Mətləb Bəşarət oğlu atası Şükürov Bəşarət Ramazan oğlunu çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirdi.

Bakıda avtobus sürücüsü dispetçeri bıçaqladı, Zaqatalada isə iki həmkəndli arasında mübahisə birinin digərini başından bıçaqla yaralaması ilə sona çatdı. Ağcabədidə isə ata oğlunu qətlə yetirdi, Bakıda ər arvadının burnuna bıçaqla xəsarət yetirdi və s.

Hadisələrin təfərrüatı bir daha göstərir ki, cəmiyyətdə aqressiya mövcuddur, biz, əfsuslar ki, dialoqla həll edə biləcəyimiz məsələlərin həllini fiziki məhvetmədə görürük.

Turşular da həyat alır

İmişlidə məskunlaşan məcburi köçkün ailəsinin 3 üzvü turşudan zəhərlənərək xəstəxanaya yerləşdirildi. Təəssüf ki, onlardan ikisi - 15 yaşlı qız və ana həyatını itirdi. Məlum olub ki, zəhərlənməyə səbəb konservləşdirilmiş pomidor turşusundan hazırlanan xörək olub.

Mütəxəssislərin, həkimlərin, KİV-in ev şəraitində hazırlanmış bu cür turşuların təhlükəli olması barədə daim xəbərdarlıq etməsinə baxmayaraq, biz bu turşuların bankalarını evimizdən, bu təamları süfrəmizdən əskik etmirik.

Əlaqədar

Başımızı qatan seçki prosesi, Çinə göndərilən “Çin məhsulu” və sarımsaq effekti
Bu həftə koronavirus qovdu, biz isə qaçdıq, amma ona tərəf...
Qarabağa qanunsuz səfərlər, axtarılan nənə, yazıçı Anar və Bakıda “işə düzələn” robot

Əsas mövzular