01:35 21 Fevral 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
YAZARLAR
Qısa URL
75211

Vətəndaşları Qarabağa qanunsuz səfər edən ilk üçlükdəki ölkələrin adına diqqət edin. Onlar guya dərdimizə dərman axtaran, regionda sülh və təhlükəsizliyi təmin etməli olan ATƏT-in Minsk qrupunun həmsədri olan ölkələrdir

BAKI, 27 yanvar — Sputnik. 7x7 həftənin ən əsas hadisələrini yazır

Davos

İsveçrənin Davos şəhərində keçirilən 50-ci Dünya İqtisadi Forumu Azərbaycan üçün bir sıra mühüm hadisələrlə yadda qaldı. Bakıda Dünya İqtisadi Forumunun regional mərkəzinin yaradılması ilə bağlı razılaşma Forumun ölkəmiz üçün ən mühüm hadisələrindən biri oldu. Məhdud sayda ölkələrdə yaradılan belə mərkəzlərin əsas məqsədi dördüncü sənaye inqilabının səbəb olduğu çağırış və imkanların həyata keçirilməsidir.

Bundan əlavə, "Procter and Gamble Europe" şirkətinin regional mərkəzini yaratmaq üçün də Bakı seçildi. Davosda ölkə rəhbərinin keçirdiyi görüşlər çərçivəsində, həmçinin, Azərbaycanın “Naxçıvan” və “Qoşadaş” yataqlarının Rusiyanın "Lukoil" şirkəti ilə birgə işlənməsi barədə qərar qəbul olunub, "Sighify" şirkətinin Azərbaycana yeni texnologiyalar gətirməsi məsələsi müzakirə olunub.

Göründüyü kimi, qlobal miqyasda həftənin ən mühüm iqtisadi hadisəsi olan Davos Forumu Azərbaycan üçün bir sıra hadisələrlə əlamətdar oldu.

Vasitəçilərin həmyerliləri

Ötən həftə Azərbaycanın işğal altındakı torpaqlarına qanunsuz səfər edən əcnəbilərlə bağlı statistika açıqlandı. Ermənistan KİV-nin məlumatına görə, Qarabağa qanunsuz səfər edənlərin 19160 nəfəri Rusiya, 7527 nəfəri ABŞ, 1661 nəfəri Fransa, 765 nəfəri Almaniya, 699 nəfəri Livan, 685 nəfəri Polşa, 671 nəfəri Çin, 594 nəfəri Argentina, 575 nəfəri Kanada və 568 nəfəri isə Suriya vətəndaşıdır.

İlk üçlükdəki ölkələrin adına diqqət edin. Onlar bizim əzizlərimiz – guya dərdimizə dərman axtaran, regionda sülh və təhlükəsizliyi təmin etməli olan ATƏT-in Minsk Qrupunun həmsədri olan ölkələrdir. Növbəti dəfə aydın olur ki, əslində həmsədrlərin mövcudluğu həqiqətən də nə qədər formal xarakterlidir və onlar Azərbaycanın ərazi bütövlüyünə, sadəcə, bir neçə kağız üzərində hörmət edirlər.

Təşviqat davam edir

Parlament seçkiləri ilə bağlı təbliğat-təşviqat kampaniyası davam edir.

Marafon başlayar-başlamaz təngnəfəs olub, geri qayıdanlar da var, ancaq hər halda media və sosial şəbəkənin əsas gündəmi seçki və namizədlərin təbliğatıdır. Lentlərimizi namizədlərin nurlu simaları, incə təbəssümləri, çoxçeşidli diplomatik ustalıqları bəzəyir. "Facebook"-da jurnalist həmkarlarımızdan hansınınsa yazdığı bu status bəzi namizədlərin kampaniyasının banallığını çılpaqlığı ilə ifadə edirdi: “Əziz yoldaşlar, köməyiniz lazımdır. Namizəd dostlarımızdan biri üçün əlini öpməyə təcili nənə axtarılır”.

Şagirdin ölümü

Ötən həftə Bakıda azyaşlı it dişləməsindən sonra vəfat etdi. Hadisə Xəzər rayonu, Qala qəsəbəsi, Xaşaxuna yaşayış massivində qeydə alınıb. Belə ki, dördüncü sinif şagirdi Polad Ömərov ötən ay küçə iti tərəfindən dişlənib. Həmin vaxt uşaq yaxınları tərəfindən xəstəxanaya çatdırılıb və ona yardım göstərilib. Qonşularının bildirdiyinə görə, uşaqda quduzluq əlaməti olduğu üçün o, ötən gün ölüb.

Biz adətən başqalarını ittiham etməyə meylliyik. Bu, öz məsuliyyətimizi azaltmağa kömək edir. Baxmayaraq ki, uşağın valideynlərinə izah edilib ki, mütləq qaydada digər iynələr vurulmalıdır, ancaq məlum olur ki, onlar iki dəfə yaşayış üzrə uşağa iynə vurdurublar, daha sonra isə poliklinikaya getməyiblər.

Və nəticədə, bir azyaşlı həyatını itirir.

Quduz itlərin küçələrdə dolaşması isə başqa bir problem olaraq qalır.

Yol qəzaları

Yol qəzaları can almaqda, əfsuslar ki, hər həftənin baş mövzuları sırasında qalmaqda davam edir.

Ən dəhşətli yol qəzası isə bazar günü İsmayıllı rayonunda baş verib. Bakıdan Qəbələyə turistləri aparan “Mercedes-Benz” markalı sərnişin mikroavtobusu “VAZ 2106” markalı minik avtomobili ilə toqquşub. Hər iki avtomobil zərbənin təsiri nəticəsində yoldan çıxaraq aşıb. Hadisə zamanı “VAZ 2106”-da olan ana və ata hadisə yerində, bir övladı isə xəstəxanada ölüb, 15 nəfər isə yaralanıb.

Yol qəzalarında həyatını itirənlərimizin sayı müharibədəki itkilərimizi çoxdan geridə qoyub. Əksər hallarda yol qəzalarının səbəbi sürət həddinin aşılmasıdır. Unuduruq ki, sürət həyatda inkişaf, yolda təhlükədir…

AYB sədri

Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədrliyinə yenidən namizədliyimi irəli sürməyi düşünürəm". Bunu jurnalistlərə açıqlamasında AYB sədri Anar Rzayev deyib.

O bildirib ki, AYB-nin qurultayının tarixi haqqında hələ ki, dəqiq bir məlumat yoxdur: "Hesab edirəm ki, bu il ərzində qurultay baş tutacaq və qurultayda sədr vəzifəsinə öz namizədliyimi irəli sürəcəm".

Bu açıqlama əksər yazıçıların qınağı ilə üzləşib. Ümumiyyətlə, bizdə təyin olunmayan, seçkili olan əksər strukturlarda demokratiya və faydalı iş əmsalı aşağıdır. Bu, o deməkdir ki, biz hələ düzgün seçim meyarlarımızı bərkitməmişik.

Robot Bakıda “işə düzəldi”

“IBA Bot” adlı robot Azərbaycanda bankda fəaliyyətə başlayıb.

Məlumata görə, Müştəri Xidməti Departamentinə müraciət edən müştəriləri bundan sonra “IBA Bot” qarşılayacaq. Robot onların suallarını cavablandıracaq. Bank xidmət və məhsullarından istifadə zamanı müştərilərə istiqamət verəcək.

Bəli, süni intellekt daha bir neçə adamı işsiz qoydu. İstənilən növ intellektin, texnologiyanın inkişafı həyatımızı asanlaşdırır. Amma mütləq belədir: Kimin üçünsə yaxşı olanda, kimin üçünsə pis olur…

Əsas mövzular