CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Katerinanı düşünərkən...

© © Bioskop film / Paramount-Orion Filmproduktion / Westdeutscher Rundfunk / 1974Кадр из фильма "Поруганная честь Катарины Блюм"
Кадр из фильма Поруганная честь Катарины Блюм - Sputnik Azərbaycan
Abunə olmaq
"Söyüşün, təhqirin biri bir qəpik! Bunu doğmalarımın görəcəyi düşüncəsi ilə ətim ürpəndi. Yenə zavallı Katerinanı düşündüm..."

BAKI, 16 yanvar — Sputnik. Ölkə mediasında önəmsiz, qarayaxma, böhtan tipli xəbərlər meydan sulayanda yadıma Haynrix Böllün "Katerina Blumun tapdalanmış şərəfi" (Die verlorene Ehre der Katharina Blum) adlı məşhur romanı düşür. Öncə onu qeyd edim ki, Böll mənim sevdiyim yazıçılardandır və ömür vəfa edərsə, adını çəkdiyim romanı nə zamansa dilimizə tərcümə edəcəyəm. Haynrix Böllün alman dilini sadələşdirmə cəhdləri, sadə və oxunaqlı dildə yazılan əsərləri alman ədəbiyyatında öz yerini və mövqeyini hələ də qoruyur.

Təsadüfi deyil ki, Böll 1972-ci ildə "alman ədəbiyyatının intibahına xidmət edən və reallığı geniş şəkildə əhatə etməklə bərabər, insan xarakterlərini yüksək ustalıqla açan əsərlər yaratdığına görə" Nobel mükafatına layiq görülüb.

Baster Skraqs haqqında ballada kinosundən səhnə - Sputnik Azərbaycan
YAZARLAR
Vəhşi qərb haqqında antologiya: “Baster Skraqs haqqında ballada”

İngilis tənqidçisi və ədəbiyyatşünası Vilyam E.Yuill onun haqqında yazırdı: "Böll həmişə geniş miqyaslı yazıçı olub. Onu bütöv bir nəslin taleyi ilə bərabər, qarışqa yuvasına bənzər müasir şəhərlərdə yaşamağa məcbur olan ayrı-ayrı şəxslərin taleyi də narahat edir".

Böllün məhz Yuillin diqqətini çəkən yönünü – meqapolis insanının taleyinə işıq tutma cəhdlərini – təqdir edirəm. "Katerina Blumun tapdalanmış şərəfi" bu baxımdan çox diqqətçəkən romandır.

Şəxsi toxunulmazlığı ayaqlar altına atılan, ictimaiyyət qarşısında müdafiəsiz qalan Katerina Blumun yeganə günahı hərbi hissədən qaçmış bir anarxistin sevgilisi olmaqdır.

Mətbuatın əvvəlcə şərlədiyi, sonradan qatilə çevirdiyi Katerina Blum cəmiyyət qarşısında müdafiəsiz və təkdir. “Zeitung” qəzeti az qala hər nömrəsində onun haqda qalmaqallı və inanılmaz xəbərlər yayır, Katerina ilə yanaşı, günahsız adamları ləkələyir və əsl günahkarları təmizə çıxarır. Bütün bunların qarşısında zavallı Katerina sadəcə heyrət içərisindədir. (Situasiya tanış gəlirmi, əziz oxucu?)

"Katerinaya görə, günahsız insanların şərəfini və adını ləkələmək, sağlamlığını təhlükəyə atmaq, bəlkə də bu cür jurnalistlərin vəzifəsidir".

...Mətbuat çox təsirli vasitədir. İstənilən adamı bir anda fenomenə çevirib, ictimailəşdirə, istənilən adamı ləkələyib nüfuzdan sala bilər. Hər gün saytlardan, televiziyalardan, qəzetlərdən üstümüzə axışan xəbərlər ovqatımızı korlamağı, üzümüzdə təbəssüm yaratmağı, depressiyaya salmağı, emosiyalarımızı qızışdırmağı bacarır. Artıq müasir mətbuat və sosial media həyatımızın ayrılmaz hissəsidir.

Bir haşiyə: Bu yaxınlarda qonaq olduğum televiziya proqramlarının birindəki çıxışımı kontekstdən çıxarıb, saytlardan biri öz səhifəsində paylaşmışdı. Söyüşün, təhqirin biri bir qəpik! Bunu doğmalarımın görəcəyi düşüncəsi ilə ətim ürpəndi. Yenə zavallı Katerinanı düşündüm...

...Bəzi saytlarımız, qəzetlərimiz mənə qocalmış, gəlib-keçənin arxasınca qeybət edən, qonşunun qapısını pusan yaşlı, deyingən qocaları xatırladır.

Бизнесмен, фото из архива - Sputnik Azərbaycan
YAZARLAR
Yalana sığınıb yaşayanlar

Mətbuat və sosial media linç üçün start halındadır. Tək-tük media orqanları var ki, qanlı cinayətləri fetişləşdirib, bu barədə yazılar tirajlamaqdan yayınır. Hər şeyi xəbər və media prinsiplərinə uyğun həyata keçirir. Şəxsi həyatımda bu linçi və qaralama kampaniyasının necə ağrılı bir faciə olduğunu hiss etmişəm. 

Bəlkə də bu, zamanın tələbi, elmi-texniki tərəqqinin nəticəsi, kapitalizmin iyrənc simasıdır. Sözün düzü, bunu şərh etməkdən, mətbuatın və sosial medianın ziyanlarını sadalamaqdan uzağam. Hər şey hamımızın gözləri qarşısında baş verir. Saytlara nəzər salıb, qəzetləri vərəqləyib, kanalları dəyişib son günlərin trendlərini xatırlamağa çalışın.

Bu xəbərləri yazan jurnalistləri, dərc edən redaktorları “qəhrəman”larının sonrakı taleyi maraqlandırmır. Onları tiraj, İP, reytinq maraqlandırır. Biz (xalq) sadəcə ONLARIN böyük maraqlarının kiçik qurbanlarıyıq. Amerikadan idxal olunan kapitalizm bu qədər ürəkbulandırıcıdır. Çünki müasir mətbuat və sosial media kapitalizmin məşuqəsidir.

Mətbuat bizim qürurumuzu tapdamaqdan, namusumuzu, şərəfimizi ləkələməkdən çəkinmir.

Hamımız mətbuatın potensial qurbanlarıyıq. Bir gün hamımız bu “şıltaq məşuqə”nin sarsaq münasibətlərindən diksinəcəyik.

...Haynrix Böll "Katerina Blumun tapdalanmış şərəfi"ndə tənqid etdiyi jurnalistlər bir neçə dəfə dindirilmə üçün polisə çağırılan zavallı Katerinanı "doğru xəbər yaymaq", "oxuculara doğru xəbər vermək" adıyla necə ləkələyirlərsə, müasir mətbuatımız da şəxsi həyatlara, ailə sirlərinə məhz bu cür, qeyri-peşəkar formada “burun soxur”.

Nədənsə bu aralar şərəfi tapdanmış, mətbuat tərəfindən amansızcasına linç edilmiş Haynrix Böllün qəhrəmanı Katerina Blumu düşünürəm...

Xəbər lenti
0