Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

“Yaşa mənim xalqım” deyən o lirik Leylidən bir də heç vaxt olmayacaq

Abunə olmaq
Sovet İttifaqı dövründə Türkiyədə konsert verən və bu səhnədə sovet əsgərlərinin mühasirəsində "Çırpınırdı Qara dəniz, baxıb türkün bayrağına" deyə mahnı oxuyan, oxuya bilən ilk və tək azərbaycanlı müğənni idi

BAKI, 11 yanvar — Sputnik. Həyatı 4 yaşımdan bu tərəfə xatırlayıram. Ondan əvvəldə nələr baş verib, dəqiq bilmirəm, amma ondan sonrası xatirəmdədir. Onu da deyim ki, mən nadinc, şıltaq, dilbilməz uşaq olmuşam. Ağıla gələcək, ya da gəlməyəcək olan o qədər yaramazlıqlar etmişəm ki, bütün bunların içində məni ram edən çox az şey vardı. Onlardan biri də Zeynəb Xanlarova idi...

Автомобиль ППС, фото из архива - Sputnik Azərbaycan
"Həm ziyarət, həm ticarət" prinsipi ilə yaşayan müğənni ələ keçdi

Bilirəm, çoxunuzun onunla bağlı xoş fikirləri yoxdur. Bunun ən böyük səbəbi onun siyasi karyerası və tutduğu mövqedir. Amma bunu oxuyan hər kəsdən xahiş edirəm, gəlin, siyasətçi Zeynəb Xanlarovadan yox, sənətkar Zeynəb Xanlarovadan danışaq. Axı bilənlər bilir, səbəbsiz və ya təmənnalı sevmərəm kimsəni!

Televizorun hər evdə olmadığı vaxtlardan danışıram. Bütün kənddə, qəsəbədə 1-2 evdə televizor olardı və o evin əhli bütün kəndin media qurumu idi. Anonslar, xəbərlər, proqnozlar və digər bütün məlumatlar o ev sayəsində bütün kəndə və ya qəsəbəyə ötürülərdi. Bu məlumatların içində ən gözləniləni, intizar ediləni, maraq doğuranı Zeynəb Xanlarovanın oxuyacağına dair anonslar olardı.

Mən də o nadinc halımla təkcə bu xəbərə qulaq kəsilər, uğunardım sevincimdən. SSRİ Xalq artisti oxuyacaq deyirdilər. Canlı əfsanə, qüdrətli sənətkar, dünya şöhrətli sənət ulduzu, şərqin nəhənglərindən biri... Bu ifadələri onun haqqında az-qala hər yerdə, hər saniyə deyirdilər. Sıravi adamlar da, efir adamları da, dövlət nümayəndələri, müəllimlərimiz də deyirdi. Onu bizim üçün əvvəldən mükəmməlləşdirmişdilər. Amma bu mükəmməlliyi ona hədiyyə etməmişdilər. Zeynəb Xanlarova istedadsız adam deyildi, ola bilməzdi. İstedadsız adam kəskin sovet senzurası dövründə Opera Teatrının səhnəsində Leyli, Əsli oynaya bilməzdi. İstedadsız, bacarıqsız, səriştəsiz, tənbəl, laqeyd adam dünyanın az qala bütün ölkələrində konsert verib saatlarla canlı ifalar sərgiləyə bilməzdi. O, mənfi enerjili, narahat edici, depressiv, aqressiv təəssürat yaradan biri də deyildi. Əgər elə olsaydı, bu qədər sevilməzdi, bu qədər gözlənilməz, arzu edilməz, həsrəti çəkilməzdi. Elə mən özüm, o kiçik yaşımda, o balaca canımla onu görəndə, eşidəndə o qədər xoşbəxt olurdum ki, indi ifadə edə bilmirəm o hisləri!

Nəysə. Bütün uşaqlığım və yeniyetməliyim boyunca onun efirə çıxmasını, onun oxumasını gözləmişəm. Onu görəndə həyəcanlanmışam, xoşbəxt olmuşam, zövq almışam. Sizi deyə bilmərəm, amma mənim ona saysız-hesabsız mənəvi borclarım var. Bunu bilirəm, fərqindəyəm.

Təxminən, 13-14 yaşlarımda başladım Zeynəb Xanlarova haqqında çoxsaylı arzuolunmaz fikirlər eşitməyə. Ən birinci eşitdiyim o oldu ki, Zeynəb Xanlarova Lerikə yol çəkməyə icazə verməyib. Parlamentdə deyib ki, "Lerik heç kəsə lazım deyil, indi ora yol çəkmək bizə maddi israfdır". 

Микрофон, фото из архива - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanlı müğənni: "Qazanc yeri toy olduğu üçün hamı bəsit musiqilər oxumağa çalışır"
Bir yanda da dildən-dilə, eldən-elə dolaşan və heç bir əsası olmayan Nəzakət Məmmədova iddiaları vardı. Sonra eşitdim ki, ittifaq dağılanda Zeynəb Xanlarova Azərbaycanın müstəqilliyinin əleyhinə səs verib. Bu cür ittihamlar onu zaman-zaman xalqın gözündən salırdı. Mən daha uşaq yaşlarımda kəndimizdə gördüyüm kimi, hamıda ona qarşı heyranlıq, pərəstiş görmürdüm. Amma mən sevgimdən dönməmişdim, indi də dönməmişəm! Sevdiklərimi asanlıqla unudan, tərk edən, sonra da ona nifrət bəsləyən adam deyiləm. Təbiətimdə özümə qarşı belə bir dönüklük yoxdur. Axı mən ona olan mənəvi borcumu unutmamışdım, unutmamışam.

İşləyirdim. Həm də oxuyurdum. Çox yorğun, halsız, əsəbi, gərgin, bəzən də tamamilə həyatdan küsmüş halda olurdum. Məni bu narahatlıqlardan Zeynəb Xanlarova arındırırdı. Bütün il boyu gözümü yeni ilə dikirdim. Hamı fişəngin, yolkanın, Şaxta Babanın, plovun, dolmanın, aşqaranın, ləvənginin dərdi ilə yeni ili gözləyəndə, mənim tək dərdim o olurdu ki, Zeynəb Xanlarova oxuyacaq və mən azacıq da olsa bu narahat mühitdə xoşbəxtlik tapacam.

Bəzən haqqında çox yaxşı şeylər də eşidirdim. İddia olunurdu ki, Rəşid Behbudovun həyatını xilas edib. Hindistan söhbətini eşitməmiş olmazsınız. Konsert üçün getdiyi ölkələrdən saçlarının arasında əhəmiyyətli sənədlər daşıdığına dair söhbətlər də çox həyəcanlı olurdu. O sənədləri gətirməklə ölkənin taleyüklü məsələlərində uğurlu nəticələrə imza atdığı deyilirdi. Azərbaycanla Türkiyə arasında bağların qırılması üçün çalışan Sovet İttifaqı dövründə Türkiyədə konsert verən və bu səhnədə sovet əsgərlərinin mühasirəsində "Çırpınırdı Qara dəniz, baxıb türkün bayrağına" deyə mahnı oxuyan, oxuya bilən ilk və tək azərbaycanlı müğənni idi. Bunu Türkiyədə eşitmişdim. Türkiyədə tanış olduğum yaşlı bir kişi azərbaycanlı olduğumu öyrənəndə məni evinə aparıb Zeynəb Xanlarovanın vallarını, hətta imzalı albomunu göstərmişdi və bunu 70-ci illərdə Zeynəb Xanlarovanın İstanbul konsertində şəxsən özündən aldığını demişdi. Daha sonra Ankarada yaşlı bir kişi azərbaycanlı olduğumu öyrənəndə "Xanlarova yaşayırmı" soruşdu. Yaşadığını dedim, onu hardan tanıdığını sual etdim və "Biz Qara dənizi Xanlarovadan duyduq, o zamanlar Qara dənizi heç görməmişdik" dedi.

Айгюн Тагиева - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanlı müğənni yeni il gecəsi evlilik təklifi aldı

Sizin üçün bütün bunlar nə qədər önəmlidir, bilmirəm. Amma mənim üçün çox önəmlidir. İl oldu 2020 və Zeynəb Xanlarova ilə qarşıladıq bu ili də. Siyasi karyerasını da, mövqeyini də sevmirəm, razılaşmıram, tərəfdarı deyiləm. Sənətini, sənətə olan sevgisini, əzmini, mübarizəsini, olduğu yeri fəth edə bilmə bacarığını hər zaman sevmişəm, bu gün də sevirəm və sevgidə sədaqətli olduğum üçün əminəm ki, hər zaman sevəcəyəm.

Baxın, dinləyin, görün özü də necə deyir:

Bitdi bu məhəbbət göz yaşlarında!

Biz niyə ayrıldıq sonunda belə?

Süz məni o soyuq baxışlarınla,

məni unutmağa tələsmə hələ!

Əyilməz qəddim bax, dağ bil məni.

Şirin meyvələrdən bağ bil məni.

Desələr ölmüşəm, sağ bil məni.

Məni unutmağa tələsmə hələ!

https://www.youtube.com/watch?v=DdNEcLipfpE

Məncə də. Onu, onun zəhmətini, onun bizə yaşatdığı kəmiyyətdə kiçik, amma mahiyyətdə böyük xoşbəxtlikləri unutmağa tələsməyək hələ! Hər şey düzələcək, əminəm. Lerikə yol artıq çəkilib, Azərbaycan da daha müstəqildir. Çox deputatlar da gəlib keçəcək məclisimizdən, boş-boş danışıqları ilə. Amma səhnəmizdəki “Dünyanın xoşbəxti mənəm dünyada” deyən, xoşbəxtliyi şüurumuzun altına həkk edən, “Qalmaz belə, qalmaz dünya”, “Gərəksən mənə”, “Yaşa mənim xalqım” deyən o lirik Leylidən  bir də heç vaxt olmayacaq.

Xəbər lenti
0