12:08 21 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
YAZARLAR
Qısa URL
21131

Bu tiplər yaranmış fürsətdən istifadə edərək özlərini "yenilikçi", "postmodernist" adlandırıb oxucunun gözünə girməyə çalışır, özünü ətrafındakılara bacarıqlı, qabiliyyətli insan kimi təqdim edirlər

BAKI, 7 dekabr — Sputnik. Yaradıcı insan tükənəndə, yorulanda, bezəndə özü haqda mif yaratmağa, sonra da uydurduğu bu mifə vurulub yaşamağa başlayır.

Yaradıcı adamlar belədir, daima diqqət, qayğı, sevgi axtarır, tapmayanda məcburən uydururlar.

Yaradıcılığa könül vermiş insanları bu baxımdan anlamağa çalışıram.

Necə də olsa, belələri anadangəlmə reallıq hissini itirib, öz dünyasında yaşamağa alışanlardır.

Qələm adamlarımızın arasında elələri var ki, hərdən ad-soyadının da doğruluğuna tərəddüdlə yanaşıram.

Bəlkə də, texnologiya bu qədər inkişaf etməsəydi, yalanlarımızı da rahat sırıya bilərdik xəlayiqə. Di gəl ki, bu şoğərib internet başımıza bəla, ömrümüzə qənim kəsilib.

Lənətə gəlmiş internetin sayəsində yalanın ömrü heç qırx gün də çəkmir.

Dünyanın zayı çıxıb, vallah, daha əvvəlki kimi yalan danışmaq, insanları aldatmaq olmur.

Heyif deyildi qələmlə kağıza yazdığımız o məhzun günlər.

“Qəhrəman”lar, “dahilər” yetişdi o çətin və maraqlı vaxtlarda.

İndi “google” imkan vermir ki, yalanımızı rahat danışaq.

Haradansa axmağın biri çıxıb, araşdırıb, dərinə gedib açır yalanın üstünü.

***

Bəzən öz cıqqılı istedadını qaldırıb dağ başına qoyanları görürəm, məni gic gülmək tutur.

Olmayan istedadını şişirdib gözə soxanlarla dil tapmaq, onları anlamaq çox çətindir.

Qarşılaşdığım bu kateqoriyaya aid olan ünsürlər təkbaşına heç nəyə qadir deyil.

Onların mütləq tərifə, başqaları tərəfindən təsdiq olunmağa ehtiyacı var. Belələrinin "istedadı" dəstəbazlıqla, qrupbazlıqla daha da çiçəklənir, inkişaf edir.

Bu cür "istedad" sahibinin kiçicik də olsa imkanı varsa, ətrafına üç-beş səfehi yığıb “əfsanəvi şəxsiyyətə” çevrilə bilir.

Ölkədə belə "istedad" sahibləri üçün münbit şərait var.

***

Əlləri klaviaturaya çatan kimi ona-buna söz atmağa başlayan bəzi "istedadlar" öz potensiallarının, istedadlarının qısırlığını, dayazlığını və ya kiçikliyini qəbul etmək istəmirlər.

Tarixi şərait, siyasi vəziyyət hər zaman onların xeyrinə işlədiyindən bu "gülməşəkərlər" özlərinin anadangəlmə dahi olduqlarını düşünüb, ustalıqla sözün arxasında gizlənirlər.

Klaviatura qəhrəmanlarının "şərəfli" həyat yoluna birlikdə nəzər salaq: Əvvəlcə meydanda olan populyarlara yarınır, sonra bütün vasitələrdən istifadə edib onlarla dost olur, sonra özünə bir balaca yer edib, hamıya təpik atmağa başlayırlar.

Belələri həmişə kimlərə isə "lazım olur".

Belələrini təriflə aldadıb istifadə edən ağıllı adamlar mütləq tapılır.

Bu tiplər yaranmış fürsətdən istifadə edərək özlərini "yenilikçi", "postmodernist" adlandırıb oxucunun gözünə girməyə çalışır, özünü ətrafındakılara bacarıqlı, qabiliyyətli insan kimi təqdim edirlər.

Oxuduğu kitablardan çıxardığı seçmə cümlələri yazıya çevirib tirajlayan, eyni mövzunu saqqız kimi dartıb uzadan, tapşırılan işin öhdəsindən lazımınca gələ bilməyən, saxta və pafoslu tənqidçi obrazı yaradan bu tiplərin ildə bir məzhəbə qulluq eləməsi heç kəsə sirr deyil.

***

Bir-iki qədəhdən sonra sözünü yığışdıra bilməyən, əlinə imkan düşən kimi dost-tanışa arxa çevirən, bir-iki sınıq-salxaq, mahiyyətsiz cümləsini gözə soxan bu kəslərə müxtəlif qəzet künclərində, portallarda rast gələ bilərsiniz.

Ad çəkib qanınızı qaraltmaq istəmirəm.

Yüngülvari dilixorçuluq kifayətdir.

***

İllərdir müxtəlif və rəngarəng adamlar tanımışam bu mühitdə.

Necə ütülü yalanlar eşitmişəm.

Xəzrilər, gilavarlar əsib keçib.

Başqalarını istedadsız, savadsız hesab edən, yediyi qaba tüpürən, bütün şərəfsizlikləri göz qırpmadan edə bilən bu insanabənzərlər arasında xeyli vaxt öldürmüşəm, bəlkə, bir ton araq içmişəm.

Mənfəətləri olmayan yerdə qaçıb kol-kosa dürtülən, məşhurlaşa bilməyəcəkləri situasiyanı öz lehinə çevirməyə cəhd göstərən alayarımçıq qələm adamlarının utanmadan meydan suladıqlarını da çox görüb bu eynəyə möhtac gözlər.

İndi dünya əvvəlki kimi deyil, vallah.

O vaxt mən hələ qızla oğlanın dostluğuna inanırdım, Şekspiri də dahi hesab edirdim…

Əsas mövzular