14:19 10 Dekabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0268
  • EUR1.8813
Xəstəxana, arxiv şəkli

Zəhərlənməmək üçün fransızsayağı olmağı bacarmalıyıq

© Sputnik / Varvara Gerte
YAZARLAR
Qısa URL
27020

Parisdə məşhur fransız bulkalarından kiminsə zəhərləndiyini eşitməmişik. Yanaşma başqadır, kimisə zəhərləmək biznesi itirmək, böyük cərimə olunmaq, məhkəmə çəkişməsinə məruz qalmaq deməkdir.

BAKI, 1 dekabr — Sputnik. Bəzən xəbər epidemiya rolunu oynayır, bir dəfə rezonans doğurdusa, oxşar hadisələr dayanmadan baş verir. Son zamanlar tələbə yataqxanasında baş verən, bir tələbənin ölümü ilə nəticələnən qida zəhərlənməsindən sonra tez-tez mətbuatda kütləvi zəhərlənmə xəbərlərin izləyirik.

Zəhərlənən insanların sayı statistikada göstərilən miqdardan xeyli çoxdur

Tələbə yataqxanasında huşsuz vəziyyətdə aşkarlanan 3 tələbə qızdan ikisini xilas etmək mümkün olub, amma zəhərlənmənin nə səbəbdən baş verdiyi dəqiqliyi ilə bilinmədi. Mətbuat onlarla versiya irəli sürdü: tələbələrin dönər, suşi və ya mənşəyi bilinməyən digər qida səbəbindən zəhərləndikləri bildirildi.

Ardınca Şəkidə bir gənc xanımın da zəhərlənmə diaqnozu ilə xəstəxanaya çatdırılma xəbərini eşitdik. Qazdan isə bu günlərdə daha 6 tələbə qız zəhərləndi.

Qış gəldisə, qazdan zəhərlənmə çoxalır. Dərs mövsümü başladısa, tələbənin qidalanma problemi artır. Fasiləyə vaxt az, yemək seçimi isə məhduddur. Məhərrəmlik bitdisə, toy məclislərinə start verilir. Yenə də növbəti zəhərlənmə xəbərləri yayılır. Zəhərlənən insanların sayı statistikada göstərilən miqdardan xeyli çoxdur, çünki hər toydan sonra onlarla insan zəhərlənir. Bunu bilmək üçün statistikaya ehtiyac yoxdur, sadəcə toyxanadakı ayaqyoluna baş çəkmək kifayət edər. Köhnə salatdan yeyib, keyfiyyətsiz araqdan içənlər elə oradaca qidadan "azad" olur, "bu dəfədən ötdük" deyə rahat nəfəs alırlar.

Dərmandan da zəhərlənən az olmur. Həkimə getmək əvəzinə qohum-qonşuya məsləhət üçün üz tutanlar aptekdən aldıqları preparatlardan zəhərlənirlər. Buradan içib, oradan "azad" olurlar. Orqanizmi davam gətirməyənlər isə xəstəxanaya düşürlər.

Qaz zəhərlənməsi çox adi səbəbdən baş verir. Evi qızdırmağa standart sobası, binada qızdırma sistemi və ya fərdi kombisi olmayan bir çox insan elə mətbəxdə qaz sobasını yandırmaqla qızınmağa cəhd edir. Nəticədə ya kütləvi zəhərlənmə olur, ya da ki, partlayış. Bəzən uşaq da qazla oynayır, yandırıb söndürməyə çalışır. Yaşı az olsa da, bəlkə də biz böyüklərdən ağıllıdır. Uşağın nadincliyi səbəbindən kütləvi zəhərlənmə, ya da qaz partlaması hadisəsinə, demək olar, rast gəlinmir. Nadinclik etsələr də, vaxtında "tormoz" etməyi bacarırlar.

Hərə bir dönərlə gəzir

Böyüklər isə çox əməli elə bilərəkdən edirlər. Elə götürək qida zəhərlənmələrini. Niyə bir şüurlu varlıq digər şüurlu varlığı köhnə qida ilə zəhərləməlidir? Bir toydan o biri toya ötürülən qidanı neçə dəfə satmaq olar? Yaxşı, deyək bunu satanların vicdanı yoxdur. Bəs, bizim gözümüz görmür? Bəyəm toyda qarşımıza qoyulan salatın vəziyyətini, qidadan duyulan pis qoxunu hiss etmirik?

Üstəlik, 5-6 cür bir-birinə uyğun olmayan yeməyi yeyiriksə, deməli, zəhərlənmə üçün artıq zəmin yaradırıq. Üstəgəl alkoqollu, qazlı, rəngli içkiləri bura əlavə etsək, zəhərlənmə qaçılmaz olur. Mətbuat dəfələrlə dönərin ziyanından yazır, problemi açıqlayar, amma yenə də bu ziyanlı qidadan istifadə edirik. Ola bilər, tələbənin imkanı və vaxtı yoxdur normal qidalanmağa, amma tək tələbə yemir axı dönəri. Hərə bir dönərlə gəzir.

Hadisə buradan baş verir, oradan tezliklə unuduruq

Paytaxtın on minlərlə kafe-restoranının mətbəxində nə hazırlanır, biz bilmirik. Amma zəhərlənənlərin sayı azalmır ki, azalmır. Böyük mənada nəzarət də yoxdur, bu qədər obyektə nə yolla təsir etmək olar? Yəqin ümumi bir anlama gəlməliyik. Biri-birimizi zəhərlənməklə kim nə qazanır?

Qazdan, qidadan və ya dərmandan hər hansı bir zəhərlənmə olursa, bu bizə bir xəbərdarlıq olmalıdır. Dövlət qurumlarından tutmuş ictimai təşkilatlara kimi hər bir belə hala reaksiya göstərməlidir. Qanun sərtləşməli, ciddi tədbirlər görülməlidir. Hadisə buradan baş verir, oradan tezliklə unuduruq. Sonra yenə baş verir, bir az media səs-küy salır və yenə unudulur.

Nə məktəbdə uşağa başa salan olur, nə də universitetdə tələbəyə izah edən. Məktəb uşağı bu yandan zəhərlənir, tələbə də o yandan.

Fransız fransızı zəhərləmək istəməz

Parisdə məşhur fransız bulkalarından kiminsə zəhərləndiyini eşitməmişik. Yanaşma başqadır, kimisə zəhərləmək biznesi itirmək, böyük cərimə olunmaq, məhkəmə çəkişməsinə məruz qalmaq deməkdir. Üstəlik, fransız fransızı zəhərləmək istəməz, çünki Fransada "fransızsayağı yaşamaq tərzi" kimi bir fənn tədris olunur. Özünü necə aparmalısan, necə danışmalısan, başqasına ziyan vurmamalısan, mübahisə predmeti olan mövzulardan kənar qaçmalısan kimi anlayışları tədris edirlər.

Məsələn, bu yaxında dünya şöhrətli aşpaz Mark Veyratla restoran gidi "Mişlen" arasında məhkəmə çəkişməsi başlayıb. Aşpazın hazırladığı pendir suflesinin dadı bir müştəridə narazılıq doğurub. O, bu yeməyin fransız yox, ingilis qidasından hazırlandığını iddia edirmiş. Bu səbəbdən "Mişlen" Mark Veyrata məxsus restoranın bir ulduzunu əlindən alaraq üçdən ikiyə endirib. Aşpaz isə bu qərarı ədalətsiz sayaraq məhkəməyə müraciət edib. Veyratın dediyinə görə, suflenin dadının dəyişməsi bura əlavə edilən zəfəranla bağlı olub.

Bizim də qidaya yanaşmamız fransızsayağı olsa, zəhərlənmə hallarının baş verməsi sıfıra enər. Fransız fransızı zəhərləmədiyi kimi, azərbaycanlı da azərbaycanlını zəhərləməməlidir. Bir-birimizə yanaşmanı dəyişməli, təhsil-tədrisi, maarifçiliyi gücləndirməliyik. Qazdan boğulma da məhz fərdilik səbəbindən baş verir. Bütün binanı istilik sistemi ilə təchiz etmək əvəzinə, kombi, qızdırıcı qaz sobası, elektrik qızdırıcı və nəhayət, mətbəxdəki qaz sobasını yandırmaqla məşğuluq. Halbuki bütün dünyada bina ümumi sistem vasitəsilə qızdırılır. Həm təhlükəsizdir, həm də əlverişli. Bina sakinlərinin ümumi marağına xidmət edir. Heç kim prosesdən kənarda qalmır.

Biganəlikdən uzaq duraq gərək.

Əsas mövzular