CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sizlərlə bizlərin "paradı" - Elə-belə yola veririk

CC0 / Gerd Altmann / BoardMüəllim yazı lövhəsi qarşısında
Müəllim yazı lövhəsi qarşısında - Sputnik Azərbaycan
Abunə olmaq
Müəllimi, həkimi, ustası qeyri-peşəkardırsa, jurnalisti və ya dilçisi niyə qayda-qanuna riayət etməlidir? Söz oynatmaqla, baş aldatmaqla məşğuluq

BAKI, 15 noyabr — Sputnik.  Azərbaycan dili ilə bağlı sosial mediada müşahidə etdiyimiz müzakirələr hər bir halda kəskinlik və barışmazlıq ifadə edir. Dilin normalarını qorumağa çalışanlarla onu dəyişməyə cəhd edənlərin qarşıdurması sanki cəbhə xəttini xatırladır. Bu yaxınlarda işıq üzü görəcək orfoqrafiya lüğətinə edilən dəyişikliklər ətrafında dayanmadan davam edən polemikanı, yəqin, hamı xatırlayır.

Сьемка, фото из архива - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanda telekanallara xəbərdarlıq edildi

Bir tərəfdən dil dayanmadan dəyişir, həm başqa dillərdən gələn yeni sözlərlə zənginləşir, digər tərəfdən isə ədəbi dili onun daşıyıcıları dəyişdirirlər. Adi insan ona rahat olan formada sözü tələffüz etməyə üstünlük verdiyindən tədricən bir vaxtlar “kompyuter” kimi yazılan söz “kompüter”ə çevrilir. Akademik elm də bu dəyişikliyi qəbul etməyə məcburdur. Hətta -acaq, -əcək şəkilçilərinin istifadəsində artıq bir transformasiya baş verib. Yazıda “gələcəyəm”, danışıqda isə “gələcəm” kimi işlədilməli olan forma artıq hər yerə ixtisarla elə “gələcəm” halında yazılır. Bu heç səhv də sayılmır, rahatdır, artıq iki işarəyə ehtiyac yoxdur. Hətta məktəb dərsliklərində belə bu forma təklif olunur. Pomidor sözü də “pamidor” kimi işlədilir. Yəqin, nə vaxtsa lüğətdə bu cür yazılış forması veriləcək. Dildə dəyişikliklər qaçılmazdır.

Bəzən gözümüzün önündə yaranan hər hansı bir yeniliyin kökündə yad təsir və insan savadsızlığı durur. Türk kanallarının təsiri ilə böyüyən, rus və ingilis dillərini ana dilindən yaxşı bilən insanlar tədricən informasiya məkanında çalışdıqca, televiziyanı savadsız aparıcılar zəbt etdikcə, dildə işlədilən qüsurların sayı durmadan artır. Reklam sloqanları, küçə tabloları, televiziya verilişlərində yararsız, kobud və səhv ifadələrin sayı-hesabı bilinmir. Qarşısını almaq üçün nə qədər tədbir görülsə də, xeyri yoxdur.

Məncə, dili korlayan amillərin sırasında cəm formaların işlədilməsində yol verilən qüsurları araşdırmaq yerinə düşərdi. Dilimizdə cəm formaları adətən -lar və -lər şəkilçiləri ilə ifadə olunur. Məsələn, əməkdaş-əməkdaşlar, neftçi-neftçilər. Bu, hamıya hələ məktəbdən məlum olan həqiqətdir. Amma cəm təkcə bu yolla yox, müxtəlif ifadə vasitələri ilə göstərilə bilər. Nəyinsə sayı-miqdarı bilinirsə, cəm şəkilçisinə ehtiyac yoxdur. Əgər “5 əməkdaş” yazırıqsa, -lar şəkilçisi mütləq düşməlidir. Bunun əksinə olaraq rus dilində cəm şəkilçisi saxlanılır. Məsələn, “5 sotrudnikov” kimi verilir. Çox, çoxlu, son dərəcə çox, həddən artıq, bol kimi formalar də cəmi ifadə edir. Məsələn, “çoxlu əməkdaş” yazırıqsa, -lar şəkilçisinə ehtiyac yoxdur.

Məktəb sinifi, arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
"Azərbaycanda ingilis dili müəllimlərinin 25 faizinin ali təhsili yoxdur"

Sadə və anlaşıqlı qaydalardır. Dilin cəm şəkilçiləri 3 işarədən ibarət olduğu üçün istənilən halda cümlə ağırlaşacaq. Hallandırdıqda isə, lap uzanacaq. Deməli, mümkün qədər digər imkanlardan yararlanmaq lazımdır. Bunun əvəzinə “125 milyon dollar həcmində məhsullar”, “çoxlu səbəblər” kimi ifadələrə tez-tez rast gəlirik. Yeri gəldi-gəlmədi söz cəmlənir.

Bəzən elə sözün deyilişi, ya cümlənin quruluşu özü cəmi nəzərdə tutur. “İnsanlar məskən salırlar” deməyə, yəqin, ehtiyac yoxdur. Çünki “insan məskən salır” işlətməklə, hər hansı məkanda bir qrup insanın yerləşdiyini ifadə etmiş oluruq. Dili bilən bunu gözəl duyur. Cəmi çox işlətdikcə, mətnin gözəlliyi də itir. Dilimizə ən çox təsir edən rus və ingilis dillərində cəmi ifadə etmək asandır. Rus dilində “ptitsa” (quş) sözü cəmdə “ptitsı” kimi verilir, bir hərf digəri ilə əvəzlənir. İngilis dilində  “bird” sözünə “s” şəkilçisi əlavə etməklə “quşlar” formasını almaq olur.

Reklamın dilində eşitdiyimiz sloqanlar hərdən lap pis səslənir. Boyanı reklam edən “Faydasını alanlar bilər” sloqanı “Faydasını alan bilər” kimi olsa, daha yaxşı səslənər. Sloqanın yaradıcıları “alanlar” kimi verməklə, yəqin, çoxluğu göstərmək niyyətində olduqlarını bildiriblər. Əks effekt alınıb. “Faydasını alan bilər” atalar sözü, ya zərbi-məsəl kimi səslənir. Yəni “zər qədrini zərgər bilər” kimi, amma “alanlar bilər” artıq bir yad ifadə kimi eşidilir. Söz öz gücünü itirir.

Xarici dillərdən gələn bir çox söz dilimizə düzgün oturmur. Ən çox rastlaşdığımız uyğunsuzluq “parlament seçkiləri” və “prezident seçkiləri” ifadələri ilə bağlıdır. Axı niyə seçkiləri olmalıdır? Söhbət bir seçkidən getmir məgər? Əgər son 4-5 seçkini nəzərdə tutsaydıq, məntiq olardı, amma hər dəfə seçkilər yazmaq elə də münasib deyil. “Parlament seçkisi” və “prezident seçkisi” olmalıdır. Bəzi mətbuat orqanı elə belə də işlədir.

Bəzən redaktor ifadədə uyğunsuzluq olduğunu duymalıdır. Məsələn, “ABŞ 112 milyard dollarlıq Çin məhsuluna gömrük rüsumlarını ləğv edir” başlığında “gömrük rüsumunu” işlətmək daha doğru olardı, çünki məbləğ də bilinir, söhbətin məhz gömrük rüsumundan getdiyi də aydındır.

Bapbalaca “qreçka”nın dam dolusu toyu və ya dilimizin çətinlikləri  - Sputnik Azərbaycan
VİDEO
Tərcümənin çətinlikləri və ya "qreçka" ingilisin başına Bakıda necə oyun açdı

Bəzən qaydanı sadəcə bilməlisən. Əgər insana aiddirsə, “işçilər gəlirlər” olur, heyvanlarda isə “atlar otlayır”, “itlər gəzir” kimi verilməlidir.

Dilimizdə həm ərəb, həm də Avropa dillərindən gələn bəzi sözlər öz mahiyyətində çoxluğu ifadə etdiyindən cəmləməyə də ehtiyac yoxdur. Hər tinbaşı “məktəb ləvazimatları” tablosuna rast gəlirik. Birmənalı ləvazimat olmalıdır. Ya telekanallarda tez-tez “ölkəyə gizli yolla gətirilən ədəbiyyatlar müsadirə edilib” kimi danışıq tərzini eşidirik. Birincisi, “ədəbiyyat müsadirə edilib” olmalıdır, ikincisi, kitab müsadirə edilə bilər, ədəbiyyat yox. Ya deyək, aksesuar sözü hər alış-veriş dükanında “aksesuarlar” kimi verilir. Məsələn, “mobil aksesuarlar” yazmağın nə mənası var? Aksesuar çoxluğu ifadə edən anlayışdır.

PR, marketinq və biznes mühitində yeni termin və ifadələri vermək ehtiyacı bəzən qarışıq fikirlərin ortaya çıxması ilə nəticələnir. Məsələn, “Nəticələri, uğurları və uğursuzluqları müzakirə edin və çıxış yollarının düşünülməsində onun da iştirakını hiss etdirin” cümləsində 4 cəm şəkilçisinin hamısını kəsməklə cümlə heç nə itirməz, əksinə, qazanar. Çox yəqin, ingilis dilində bu ifadələr cəm halında olduğu üçün belə də verilib.

Televiziya aparıcılarının “Sizlər”, “Bizlər” işlətməsi aranı lap qarışdırır. Siz də, biz də toplum deməkdir, cəm şəkilçisinə ehtiyac yoxdur. Texnologiyalar, texnikalar, bacarıqlar, bizneslər, fəaliyyətlər, qabiliyyətlər, müvəffəqiyyətlər, daha nə kimi nələr, nələr istənilən mətni ağırlaşdırır. Fikri qısa, yığcam formada vermək bacarığı itir. Nə yazan yazdığını bilir, nə də oxuyan bir şey anlayır. Elə-belə yola veririk.

Lazım olmayan yerdə cəm şəkilçisini işlətmək, bu formaları tirajlamaq, televiziya efirindən təkrarlamaq dili korlayır, qarma-qarışıqlığa gətirib çıxarır. Savadsız yazara, teleaparıcıya nə deyəsən axı? Müəllimi, həkimi, ustası qeyri-peşəkardırsa, jurnalisti və ya dilçisi niyə qayda-qanuna riayət etməlidir? Söz oynatmaqla, baş aldatmaqla məşğuluq. 

Allah özü dilimizi qorusun!

Xəbər lenti
0