11:00 18 Noyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0267
  • EUR1.8804
İmadəddin Nəsiminin Bakıda heykəli

Altı əsr sonra Nəsimi bircə günlük dünyaya gəlsə...

© Sputnik / Murad Orujov
YAZARLAR
Qısa URL
88 0 0

Nəsimi bircə günlük dünyaya gəlsə və yaşadığı mühitin, aydınlatmaq istədiyi dünyanın halını görsə, nə edər?

BAKI, 17 oktyabr — Sputnik. Nəsiminin yaşadığı dövrdən sonra onun adı heç vaxt bu qədər çəkilməmişdi. 650 illik yubileyi ilə bağlı Azərbaycanda Nəsimi ili elan olunduqdan sonra dahi mütəfəkkirin adı az qala hər gün ölkə mediasında hallanmaqdadır.

Nəsimiyə bütün zamanlarda şeirlər, mahnılar, romanlar, tamaşalar, filmlər həsr olunub. Adı küçələrə, parklara, metroya verilib. Büstləri, heykəlləri ucaldılıb. Nəsimi uzun illərdir ki, hörmət, ehtiram, sevgi və sayğı ilə anılır, yad edilir. Bu il isə qat-qat çox yad edildi, araşdırıldı, öyrənildi.

Bütün bu proseslərə baxıb düşünürəm: əgər Nəsimi altı əsr sonra bircə günlük dünyaya gəlib özünə həsr edilən bu qədər sənət nümunələrini görsə və bir də həm Azərbaycanda, həm də dünyada baş verən hadisələrə baxsa, sevinər, ya üzülər?

Əgər Nəsimini oxuyub anlamısınızsa, bu suala cavab vermək çətin olmaz. Nəsiminin arzuladığı insan və xəyal etdiyi dünya şübhəsiz ki, bu deyildi. Belə olan halda, Nəsimi kimi bir şair sıradan insan eqosu ilə şöhrətə qapılıb özünə həsr edilən bu ehtişamlı xatirələrə sevinməz. Arzuladığı insan anlayışının, əslində, heç vaxt anlaşılmadığına və ya yanlış anlaşıldığına, xəyal etdiyi dünyanın bugünkü çirkabına üzülər. Bəlkə şairanə həssaslıqla duyğulara qapılıb onun xatirəsinə ucaltdığımız bütün büstləri, heykəlləri də dağıdar.

Ən ağır olanı da odur ki, Nəsimini sevdiyini iddia edənlərin əksəriyyəti onu əsla anlamayanlardır. Bu gün ölkədə hər cür hoqqadan çıxanların hamısı Nəsimini sevir. Bu özbaşınalığa göz yuman, bütün zülmlərə boyun əyən adamlar da o nəhəng ədəbiyyat Günəşini sevirlər. Həyat yoldaşını, qızını döyən, onları bütün azadlıqlardan məhrum edən, hətta onların başını kəsən, yandıran, intihara sürükləyən Azərbaycan kişilərinin də hamısı Nəsimini sevir. Qeybətlərdə ömür çürüdən, evində, ailəsində mal-mülk davası döyən, övladlarını qul kimi yetişdirən, hər zülmə rəğmən atasına, qardaşına, ərinə itaət edən Azərbaycan qadınlarının da hamısı dahi şairi sevir.

Onların hansından Nəsimi haqqında soruşsanız, sizə bir neçə qəzəlini əzbər deyər, taleyini, mübarizəsini bəh-bəhlə danışarlar, haqqında bər-bəzəkli cümlələr qurar, onu təsvir üçün ən möhtəşəm ifadələri taparlar. Onların yanında Nəsimi haqqında azacıq mənfi fikirlər səsləndirsəniz, sizi alçaq, əclaf, vətən xaini, mədəniyyət düşməni, bilgisiz, kasad, cahil çıxaracaq, hətta məhkəməyə verəcək, hətta və hətta döyə, öldürə bilərlər. Çünki Nəsimi dahidir. Nəsimi ədəbiyyatımızın dünyəviləşə bilən ilk və hələ ki, tək simasıdır. Nəsimi mədəniyyətimizin haqqında iftixarla, qürurla, üzüağ, alnıaçıq danışa biləcəyimiz şəxsiyyətidir. Onu bütün azərbaycanlılar sevir, qoruyur, nəsildən-nəsilə ötürürlər. 

Di gəl ki, onu əksəriyyəti anlamır və onun ideyalarına riayət etmirlər. Anlamaq və riayət etmək bir yana, hətta onun bütün arzularına xəyanət edirlər, onun istədiyi bir dünyanın olmaması üçün hər yola əl atırlar.

650 il sonra Nəsimi bircə günlük dünyaya gəlsə və yaşadığı mühitin, aydınlatmaq istədiyi dünyanın halını görsə, nə edər? Hərdəmxəyal dahimiz sufiyanə bir sevdayla bu halımıza rəğmən yenə bizi qucaqlayıb öpərmi? Yoxsa insani hislərlə çirkabımızdan iyrənib Hələbin xarabalığında öz çəkildiyi çarmıxı axtarıb tapar və dərhal bizdən qurtularmı?

Əsas mövzular