10:43 18 Noyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0267
  • EUR1.8804
Çəkliş, arxiv şəkli

Bir az qeyri-adi, bir az bayağı "gediş" - Məşhur olan hər kəs istedadlıdırmı?

© AP Photo / Lefteris Pitarakis
YAZARLAR
Qısa URL
90710

"Başımızı keçmişdən və bugünkü məişətimizdən ayırıb gözucu gələcəyə doğru baxa bilsək, bu sadə həqiqəti dərhal görəcəyik"

BAKI, 15 oktyabr — Sputnik. Məşhurluq sənətə və sənətkara, ən əsası, bilgiyə və istedada meyardırmı? Bilikli və istedadlı olduğunu sübut etmək üçün mütləq məşhurmu olmalısan? Yaxud da əksinə, məşhur olmaq üçün mütləq bilgili və istedadlımı olmalısan? Həm məşhur, həm də bilgili və istedadlı olmaq mümkündürmü? Bu kimi bir sıra suallar ətrafında uzun-uzun düşünmüşəm və hələ də düşünməkdəyəm.

Cəmiyyət isə hər məsələdə olduğu kimi, bu məsələ barədə fikirlərdə bölünüb. Bir qisim yalnız bilikli və istedadlı adamların məşhur olduğunu düşünür. Bir qisim isə tam əksinə, əsl biliyə və istedada sahib insanların heç vaxt məşhur olmadığını fikirləşir. Müəyyən qisim də hər kəsin bir yolla məşhur ola bildiyini, həqiqi bilikli və istedadlı şəxslərin isə bəzən şanssızlıqdan məşhur ola bilmədiyi qənaətindədir. Fikirlər müxtəlif, həqiqət isə nisbidir. Lakin məncə, həqiqətə ən yaxın olan variant budur ki, məşhurluq da, əsl bilik və istedadın tanınması da elə həqiqətin özü kimi nisbi məsələdir.

Bu gün dünyanın hər yerində məşhur olmaq çox sadə məsələdir. Hər kəsin əlinin altında tanına biləcəyi açıq və azad bir səhnə var – sosial şəbəkələr. Ağlına gələni et, bir az qeyri-adi olsun və ya çox bayağı olsun, dərhal tanınacaqsan. Belə olan halda da bilik və istedaddan söhbət gedə bilməz. O zaman birmənalı olaraq məşhurluq bilik və istedada meyar deyil.

Bəs həqiqi bilik və istedadların əksəriyyəti cəmiyyətə faydalı olduğu halda niyə məşhur olmurlar? Buradakı açar “məşhur” sözündədir. Daha ətraflı izah edim: deyək ki, bir istedadlı bəstəkar və müğənnini, möhtəşəm sənət nümunələri yaradan, mədəniyyətin təkcə bu gününə deyil, həm də gələcəyinə xidmət edən, tarixi dəyərlər qazana biləcək şedevrlər ərsəyə gətirən sənətkarı 10 milyonun cəmi 500 min nəfəri tanıyır. Amma bu 500 min nəfər sənəti bilən, duyan, anlayan insanlardır.

"Boynubükük qalmışıq" - Tbilisidəki Azərbaycan teatrında ürək dağlayan mənzərə>>

Bu kəmiyyətdə kiçik olan insan sayı keyfiyyətdə nəhəngdir. Onların içində jurnalistlər, tənqidçilər, həkimlər, müəllimlər və sıradan işlərlə məşğul olan aydın zəkalar var. Həmin istedadlı bəstəkar və müğənnini bu adamlar nəsil-nəsil ötürəcək, yaşadacaq, tarixə saxlayacaqlar. Haqqında jurnalistlər, tənqidçilər məqalələr yazacaq, musiqişünaslar kitablar tərtib edəcək, onun əsərlərini gələcəyin musiqiçiləri oxuyacaq, öyrənəcəklər və yeni musiqiçilər nəsli yetişəcək. Ziyalılar öz çıxışlarında ondan və onun yaratdıqlarından danışacaqlar. Sıradan işlərlə məşğul olan, amma aydın zəkalar öz övladlarına, nəvələrinə ondan, onun əsərlərindən bəhs edəcəklər. Beləcə, bu həqiqi musiqi bilgisi və istedadı bütün zamanlarda var olacaq.

9.5 milyon nəfərin dinlədiyi, sevdiyi musiqiçi isə sadəcə bu gün var. Onu dinləyən kəmiyyətdə böyük görünən kütlə keyfiyyətdə əhəmiyyətli olmadığı üçün o şəxs tarixə qalmayacaq. Onunla heç bir nəsil yetişməyəcək. O, hər hansı tənqidi məqalələrdə ad olaraq qalsa da, orada da mənfi fikirlərə hədəf olduğu üçün sevilməyəcək. Və beləcə, bu gün çoxluğun məşhur etdiyi sənətə yad olan şəxsləri tarix qəbul etməyəcək, amma kiçik və aydın toplumun dəyərləndirdiyi həqiqi sənətkarı isə tarix mükafatlandıracaq.

Başımızı keçmişdən və bugünkü məişətimizdən ayırıb gözucu gələcəyə doğru baxa bilsək, bu sadə həqiqəti dərhal görəcəyik. Belə olan halda 9.5 milyon nəfərin dinləyib sevdiyi şəxsmi məşhurdur, yoxsa 500 min nəfərin dinləyib sevdiyi və nəsildən-nəslə, zamandan-zamana ötürülüb bütün gələcəklərdə sənəti ilə var olan o həqiqi sənətkarmı?

Məhz bu səbəbdən əsl bilik və istedad haqqında fikir bildirəndə onun nə qədər tanındığını meyar etmək lazım deyil. Əgər o, həqiqətən bilik və istedad işığı saçırsa, mütləq aydınladacaq bir gün qaranlıqları. Axı bizə ən yaxın ulduz olan Günəşin də işığı 8 dəqiqə sonra çatır dünyamıza.

Əlaqədar

Səhnəsi əlindən alınan qadınlar...
Ayağımızın altında yatan sərvət - Biz ondan da xəbərsizik
"Filmlərdə teatrdan qazandığımızı xərcləyirik" - Məmməd Səfa
Fidan Hacıyeva: "Televiziya və radioda xalqın zövqünü korlamaq olmaz"
Amerikada yaşı 160 ildən çox olan Azərbaycan xalçaları bərpaçısını gözləyir

Əsas mövzular