21:37 18 Oktyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8907
Bakının mərkəzində qızlar, arxiv şəkli

Səhnəsi əlindən alınan qadınlar...

© Sputnik / Murad Orujov
YAZARLAR
Qısa URL
646 0 0

"O, həmin anda xəyali olaraq bir məişət otağında deyil, səhnədədir, tamaşaçı qarşısındadır. Bunu onun bədən dilindən rahatlıqla anlamaq olar"

BAKI, 27 sentyabr — Sputnik. Ən böyük probleminiz - qeyri-adi görünən hər şeyə ya gülür, ya da nifrət püskürürsünüz. Dəfələrlə şahid olmuşam ki, gülüş, məsxərə, ya da nifrət, qəzəb niyyəti ilə tirajlanan materialların mahiyyətində tamam ciddi amillər durur və özündə böyük problemləri, dərin anlayışları ehtiva edir. Təqdim etdiyim video da bu cür yanlış və bayağı məqsədlərə ləvazimat olan, əslində, daha böyük həqiqətlərə güzgü tutan həmin materiallardan biridir.

Videoda bir qadın görürsünüz. İlk baxışda sadə geyimli və sadə məkanda qeyri-adi hərəkətlərlə, təlaş və sevinc qarışıq nitqlə: "Gələcəm qışbaşı. Allah qoysa, toydur. Nişan gəlib mənə", - deyir. Videonun yeddinci saniyəsindən sonra əvvəlcə ürkək baxışlarla ətrafa baxır və bir melodiyanı zümzümə edir, sonra videoya çəkildiyini görüb şövqlə mahnı oxuyub, rəqs etməyə başlayır.

O səs və rəqsdə nələr yoxdur ki!? Musiqi duyumu, bədənin ritmik ahəngi, bütün ədaları ilə performansının içində quş kimi süzən səhnə ulduzu, mahnının sözlərini unutmasının sərgilədiyi nömrənin dolğunluğuna və təsir gücünə yansımaması, peşəkar və təcrübəli bir artist kimi vəziyyətdən çıxma bacarığı, özünə səhnə etdiyi balaca məişət otağını bütün hərəkətləri ilə doldurmağa çalışması və s. Bütün bunları edən Musiqili Komediya Teatrının artisti deyil, Opera və Balet Teatrının balerinası deyil, Filarmoniyanın solisti deyil, bəlkə, orta məktəb təhsilini belə doğru-düzgün ala bilməyən kənd insanı, məişət qadınıdır. Bu səbəblə onun hərəkətlərində və görünüşündəki zahiri estetikanı, nitqini, notlara riayətini təhlil etmək məntiqli olmaz. Amma bu, onun istedadını və istedadının məhvini inkar etmir.

O, həmin anda xəyali olaraq bir məişət otağında deyil, səhnədədir, tamaşaçı qarşısındadır. Bunu onun bədən dilindən rahatlıqla anlamaq olar. Səsinin mülayimliyi, axıcılığı hüzur verir. Lakin bütün bunlar ümumilikdə şərqin qaranlıq adətlərində məhv olur.

Kiçik bir videonun bütün TV və mediaya verdiyi ibrət dərsi>>

"Qadın səhnəyə çıxmaz", "Qız nədir, oxumaq nədir", "Qadın səhnəyə çıxırsa, pozğundur", "Səhnə zinadır", "Artistlik haramdır" kimi ifadələri yaradan bir kütlənin qadın istedadlarının bu cür məhvi də məchul gələcək deyildi. Hər şey əzəlindən bəlli idi. Və bu qadın tək deyil! Və bunu yaşayan təkcə qadınlar deyil! Artistə mütrüb adı verən adamlar barbarlığına, cəhalətinə təkcə qadınları hədəf almayıblar. Sadəcə qadınlar bu məhvdə çoxluq təşkil edirlər, digər məhvlərdə də olduğu kimi.

Gözəl səsi, avazı, boğazı olan, aparıcılıq üçün səhnəni idarəetmə bacarığına malik, komik ya da tragik obrazların ifası üçün fövqəl aktrisalıq istedadına sahib neçə-neçə qızlar, qadınlar xüsusilə bölgələrdə iyrənc adətlərə əsir tutularaq səhnədən məhrum edilirlər. Sonra ilk fürsətdə ərə verilir, uşaq doğmağa məcbur edilirlər. Yarıtmaz, bərbad təhsil sistemi də onların əlindən tutmur. Çünki təhsil sistemi paytaxta nisbətdə bölgələrdə daha bərbaddır və təhsil uşaqları bilik və bacarıqlarına uyğun yönləndirmir. 14 ixtisas seçib, hansına düşsə, az qala toy çaldıran arzusuz-amalsız gənclər yetişdirir.

Nəticədə zaman-zaman içindəki bacarığı ruhunu boğan, hər yerdə o bacarığını sərgiləyib ruhuna rahatlıq vermək üçün özünə səhnələr düzəldən belə qadınlar ərsəyə gəlir, onlara da "əqli problemli" damğaları qoyub məsxərə edirlər. Halbuki, onların bu halında cəhalətinə yenik düşən, hələ də qızları səhnə insanı olmaq istəsə, qarşısına adət-ənənə qılıncları ilə çıxan vicdan pozğunlarının hamısı günahkardırlar. Elə tribunalarda mədəniyyətdən pafosla dəm vuran riyakar dövlət nümayəndələri də eyni dərəcədə müqəssirdirlər.

Qəfil dayanıb mühitə və öz halına yanğılı qəhqəhə çəkir və sonda: "Dünya mənimdir!" - deyir, körpə qığıltıları ilə. Necə ki, bir artist səhnədəki performansını ifa etdikdən sonra uğunur izləyicilərin alqışlarına, o da elə uğunur. Çünki onun təsəvvüründə böyük bir tamaşaçı salonu, gur projektor işıqları ilə parlayan geniş səhnə var. Sizin onun əlindən aldığınız səhnəni, o, öz xəyalında yaratmağa məcbur olub və bu, onun dünyasıdır. Kaş ki, bütün dünyalar onun olaydı, qaniçən diktatorların yerinə...

Nə gözəl dünyan var, əzizim!? Mən təzimlə alqışlayıram sənin dünyanı, sənət eşqini, səhnə sevdanı, xəyali ulduzluğunu! Təkcə gül verə bilmirəm sənə, çünki istedadının qanı ilə sulanan bu məmləkətin çiçəklərini sənə verməyə üzüm yoxdur! Bağışla hamımızı!

Əlaqədar

Qaynayan Tbilisi və azərbaycanlıların küçə performansı
Gənc aktyor: "Biletin qiymətini 2 manat edəndə dedilər varlanmaq istəyirsiz?"
Azərbaycanlı sənətkar Fransanın ali mükafatına layiq görülüb
Füzuli Hüseynov: "İçki içən, siqaret çəkən bizə ayda 10 milyon xeyir verə bilər"
Azərbaycanda unikal sərgi - Xan əminin qavalı, Aftandilin qarmonu, Aşıq Ədalətin sazı

Əsas mövzular