21:14 17 Oktyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8829
 Türkiyə prezidenti Rəsəb Tayyib Ərdoğan bələdiyyə seçkilərinin nəticəsini elan etdikdən sonra tribunadan gedir

Ərdoğanın ətrafında daralan çevrə və ya Türkiyəni gözləyən siyasi böhran

© AP Photo / Lefteris Pitarakis
YAZARLAR
Qısa URL
179020

Son zamanlar AKP daxilində partiya daxili mübahisələr, həmçinin ölkə iqtisadiyyatında vəziyyətin pisləşməsi növbədənkənar seçkilərin keçirilməsi ehtimalını daha da artırır

BAKI, 16 sentyabr — Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı və hakim Ədalət və İnkişaf Partiyasını (AKP) tərk edən dostların, sabiq komanda yoldaşlarının sayı artmaqdadır. AKP-ni tərk edənlərin sırasında nüfuzlu siyasətçilər və hakim partiyanın sabiq üzvlərinin olması heç şübhəsiz Ərdoğan hökumətini narahat etməyə bilməz.

Düzdür, əvvəllərdə AKP-sıralarını tərk edən şəxslər var idi. Lakin bu vəziyyət bu ilin yayından daha nümayişkəranə xarakter almağa başlayıb. AKP-dən ilk səs-küyə səbəb olan istefa isə iyulun 8-də baş verdi. Belə ki, Türkiyənin sabiq Baş Nazirinin müavini və Xarici İşlər naziri olmuş Əli Babacan qurucusu olduğu partiya sıralarını 18 il sonra tərk etdiyini bəyan etdi.

"Son illərdə bir sıra sahələrdə atılan addımlarla inandığım dəyər və fikirlər arasında dərin fərqliliklər formalaşıb. Bu dönəmdə də Türkiyə yeni sınaqlarla qarşı-qarşıya qaldı. Ölkəmizdə isə parlaq bir gələcək vəd edən, bambaşqa gözləntiləri olan dinamik, yeni nəsillərimiz var. İçərisində olduğumuz şərtlərdə Türkiyə üçün yeni bir gələcək baxışa ehtiyac var. Ölkəmizdə hər sahədə doğru analizlər, yenidən düşünülmüş strategiyalar, planlar, proqramlar mövcuddur. Cəmiyyətin müxtəlif təbəqələri ilə apardığımız məsləhətləşmələr də bunu təsdiqləyir" – deyə bəyanatda bildirilirdi.

Belə bir prosesin başlayacağı onsuz da gözlənilirdi. Çünki daha əvvəl Türkiyə KİV-də Əhməd Davudoğlunun rəhbərliyi ilə yeni partiya yaradılacağı və bu partiyanın formalaşmasında Baş Nazirin sabiq müavini Əli Babacanın da iştirak edəcəyinə dair məlumatlar yayılırdı.

Daha bir maraqlı məqam isə Babacanın istefasının məhz 23 iyul İstanbul Böyükşəhər Bələdiyyə Başkanlığı seçkilərindən sonra elan olunmasıdır. Bu faktı təsadüf saymaq olmaz. Belə ki, Babacan və onun quracağı yeni partiya üzvlərinin məhz AKP-nin İstanbul seçkilərinin nəticələrindən sonra daha da cəsarətləndiyi daha aydın görünür.

Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli
© urat Cetinmuhurdar/Presidential Press Office/Handout via REUTERS

Ötən həftə - sentyabrın 13-də Türkiyənin sabiq Baş naziri Əhməd Davudoğlunun hakim Ədalət və İnkişaf Partiyasından istefa verməsi isə Türkiyədə yeni bir partiyanın qurulacağına dair iddiaları daha da gücləndirdi. Əhməd Davudoğlu isə iddiaları bu sözlərlə təsdiqlədi: "AKP-də hədəflərimizi gerçəkləşdirmək imkanımız qalmayıb, yeni bir siyasi hərəkat inşa edəcəyik".

Əhməd Davudoğlu ilə yanaşı partiya sıralarını sabiq millət vəkilləri İbrahim Turan və Feramuz Üstün də tərk edib.

Bu arada Türkiyə KİV-ində Əhməd Davudoğlunun rəhbərlik edəcəyi partiyanın artıq mənzil qərargahının harada yerləşəcəyinə dair məlumatlar da yayılmağa başlayıb. Türkiyənin 11-ci Prezidenti Abdullah Gülün də yeni qurulacaq partiyaya üzv olacağı gözlənilir.

Bu arada Türkiyənin "Gazeta Duvar" nəşri Əhməd Davudoğlu və Əli Babacanın AKP-dən olan millət vəkilləri ilə görüşdüyünü və belə bir görüşün baş tutmasını gizlətmədiklərini yazır. Nəşr qeyd edir ki, 10-15 millət vəkili AKP sıralarından istefa verməyə və yeni qurulacaq partiyaya üzv olmağa hazırdır.

Təbii ki, baş verənlər AKP-də də narahatlığa səbəb olmaya bilməz. Hakim partiya sabiq üzvləri tərəfindən qurulacaq partiyaya AKP-dən axın olacağından ehtiyatlanır. Artıq məsələ o yerə çatıb ki, hakim partiya öz üzvlərinin iştirakı ilə qapalı görüşlər, qurultaylar keçirməyə başlayıb və bu istiqamətdə böyük bir plan-proqram hazırlayıb.

Baş verənlərdən isə hələlik məmnun tərəf kimi Türkiyə müxalifəti görünür. Hakim partiyada yaranan bölünmə onsuzda ölkədə keçirilən son bələdiyyə seçkilərindən sonra öz gücünü və təsirini artıran Cümhur İttifaqının (CHP və İYİ Parti) siyasi çəkisini artırır. Türkiyə müxalifəti CHP və İYİ partiyaları artıq sabiq AKP üzvlərinin yarada biləcəyi potensial partiyanı dəstəkləyib və bunun həmin partiyalar üçün təhdid olmaması qənaətindədir.

Türkiyədə növbəti prezidenti seçkiləri 2023-cü ildə keçiriləcək. Bu seçkilərin keçirilməsinə 4 il qalmasına baxmayaraq artıq indidən Türkiyədə növbədənkənar seçkilərin keçiriləcəyinə dair söz-söhbətlər gəzməkdədir. Belə ki, artıq Türkiyə siyasi arenasında olan bütün partiyalar, partiya rəhbərləri aktiv şəkildə bu ehtimalı nəzərdən keçirməyə başlayıblar. Bir qrup jurnalistlə son görüşündə İYİ Partiyanın lideri Meral Akşener də məhz buna işarə edib. O, qeyd edib ki, "Bir dəyişiklik olmazsa, 2023-cü il seçkilərində cənab Ərdoğanın seçilməsi mümkünsüzdür. Özünün də bunu gördüyünü bilirəm".

Lakin xanım partiya sədrinin "dəyişikliklər olmazsa" ifadəsini işlətməsi ağıllarda müəyyən suallar doğurub. AKP-nin də növbədənkənar seçkilərə gedəcəyi istisna edilmir. Son zamanlar AKP daxilində partiya daxili mübahisələr, həmçinin ölkə iqtisadiyyatında vəziyyətin pisləşməsi növbədənkənar seçkilərin keçirilməsi ehtimalını daha da artırır. Bu yola getməklə hakim partiya həm də sabiq partiya üzvlərinin yaradacağı partiyanın 2023-cü il seçkilərinə qədər tam olaraq formalaşması, təşviqat-təbliğat aparmasının qarşısını alacaq. Belə ki, Prezident Rəcəb Tayyib Ərdoğana yaxın olan mənbələr də Türkiyədə prezident və parlament seçkilərinin 2021-ci ildə keçirilməsi məsələsinin gündəmdə olduğunu qeyd edirlər.

Bundan əlavə, Türkiyə prezidentinin yaxın 2-3 ayda ölkə hökumətində ciddi dəyişikliklərə gedəcəyi də gözlənilir. Plana əsasən bu dəyişikliklər Türkiyə cəmiyyətində AKP-nin nüfuzunun düşməsinin qarşısını almalıdır. Yayılan məlumatlarda istefaya göndəriləcək nazirlər siyahısının başında isə Xəzinə və Maliyyə naziri Berat Albayrakın gəldiyi qeyd olunur.

Görünən budur ki, Türkiyə yaxın gələcəkdə olduqca həssas siyasi dövrdən keçəcək. Bu həssas dövrdə atıla biləcək ən xırda bir səhv isə son nəticədə AKP-nin Türkiyə siyasətindəki liderliyini sonlandıra bilər.

Əsas mövzular