20:15 18 İyul 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0270
  • EUR1.9102
Avtobus sürücüsü, arxiv şəkli

Sahibkarın sərvətinə sərvət qatan, həyatın dibindəki avtobus sürücüləri

© REPORT
YAZARLAR
Qısa URL
İsmayıl Rafiqoğlu
96210

Kriminal tipli, narkotik aludəçisi olan, çox vaxt özünü başqa sahələrdə reallaşdıra bilməyən insanlar bu cür ağır şərtlərə razı olur

İctimai nəqliyyatda sürücü-sərnişin "qarşıdurmasını" az qala hər gün müşahidə edirik. Bəzən zorakılıqla nəticələnən bu atışmalarda adətən hücum obyekti avtobusun sürücüsü, ona tərəf aqressiya göstərən isə adi insanlar olur. Sürücü elə bil müharibənin ön cəbhəsində döyüşən əsgəri xatırladır: bütün silahlardan açılan atəşi sinəsi ilə qəbul etməyə məhkumdur.

Avtobus sürücüsünü təhqir etmək Azərbaycanda adi hala çevrilib

Tıxacın yaranması, yolun bağlanması, salonda insan sıxlığı, kondisionerin işləməməsi, avtobusun aşağı və ya yuxarı sürətlə hərəkət etməsi kimi hallar da sürücünü vətəndaşın qəzəbi ilə üz-üzə qoyur. İnternet vəzifəsini icra edərkən döyülən, təhqir edilən sürücülərin görüntüsü ilə doludur. Əksər insanlar nə Bakı Nəqliyyat Agentliyi, nə də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə şikayət etmək, marşrut xəttinin sahibini məhkəməyə vermək niyyətində yox, sadəcə daxildə toplanan neqativi sürücüyə yönləndirmək istəyindədir.

Avtobus sürücüsünü təhqir etmək Azərbaycanda adi hala çevrilib, amma bu sürücünün şikayətini çatdıra biləcəyi bir qurum, sözünü insanlara ötürəcək bir mətbuat orqanı tapılmır. Sürücünün danışmaq imkanı olsaydı, ona qarşı bildirilən iradlara nə cavab verərdi?

Marşrutda gündəlik yığılan puldan 180 manat "plan" verilməlidir

"Koroğlu" metro stansiyasından Bilgəh qəsəbəsinə doğru hərəkət edən 172 saylı marşrutun sürücüsünün sıradan bir gününü təsvir etməyə çalışaq. Adətən sürücü saat 5-də oyanmalıdır, çünki qanunla Bilgəhdən şəhərə doğru hərəkət edən ilk avtobus saat 6-da işinə başlayır. Amma bu bir qədər gec baş tutur, çünki sərnişin çox olmur. Avtobus düz gecə yarısına kimi bu 35 km. məsafəni dəfələrlə o baş bu başa qət edir. Orta hesabla 18 saat yolda olmalıdır.

Marşrutda gündəlik yığılan puldan 180 manat "plan" verilməlidir, qazandın-qazanmadın, pulu ödəməlisən. Orta hesabla 80 manat yanacağa sərf olunur. Sürücünün pul yığanları da 10-15 manata işləyirlər, su, siqaret, dönər də haradasa 10 manata yaxın pul tutur. Üstəlik, hər addımbaşı sürücüyə nəzarət üçün təyin edilmiş dispetçer də 1-2 manat qopardır. Avtobusun hər hansı bir təmir xərci ya tam, ya da qismən sürücünün boynundadır. Bu xətdə çalışan "DAEWOO BS090" avtobusların istehlak müddəti çoxdan bitib deyə təmirsiz ötüşmək mümkün deyil.

Beləliklə, Bilgəh avtobusunun sürücüsünün hər gün dəqiq 280-290 manat xərci var. Ailəsinə cüzi bir çörəkpulu aparmaq üçün ən azı 320-330 manat qazanmalıdır. Avtobusun cari xərcləri nəzərə alınsa, məbləğ 350 manata qalxacaq.

Bu qədər pulun qazanılması realdırmı? Hesablamaq çətin deyil. Avtobus 35 km. yolu qanunla 1 saat 15 dəqiqəyə dəf etməlidir. Son dayanacaqda gözləntiləri də hesaba alsaq, deməli bir dairə 3 saata reallaşır. Bir sürücü uzaqbaşı 15 saata 5 belə gediş edə bilər. Ondan artığına gücü çatmaz. Avtobusun orta insan tutumu 70 nəfərdir, əgər avtobus tam dolu sərnişinlə hərəkət etsə, 50 qəpikdən bir tərəfə 35 manat edəcək. Cəmi 350 manat qazanmaq olar.

Bütün bu hesablamalar əslində reallığı əks etdirmir, çünki avtobusu heç də tam sərnişinlə doldurmaq olmur. Kimsə Maştağaya, kimsə də Zabratacan gedir, 50 yox, 30-40 qəpik ödəyir. Minən-düşən olur deyə orta hesabla bir tərəfə 30-40 manat arası qazanmaq olar. Bəzən çox, bəzən isə az gəlir olur.

172-nin sürücüləri "kreativ" variantlar da düşünüb tapırlar

Reallıq isə daha acıdır, çünki insan bir-iki həftə belə rejimdə işləyər, amma sonra dözməz, ya bir reysdən imtina edər, ya nəsə başqa bir yol düşünər. Məhz bu səbəbdən axşam saatlarında Bilgəhdən şəhərə hərəkət edən avtobus tapmaq müşkülə çevrilir, şəhərdən gələn hər avtobus sərnişinləri düşürdüb elə evə yönəlir. Qrafiklə isə hətta gecə 12-də belə avtobus olmalıdır, amma olmur. Xüsusilə qış aylarında. Yayda dənizə gediş-gəliş var deyə avtobuslar hərəkət edir, amma bəzən o da olmur.

172-nin sürücüləri "kreativ" variantlar da düşünüb tapırlar. Sürücü kəndə girərkən sükanı "ehtiyat" sürücüyə verib evə dönür, bir qədər istirahət edir, yatmaq imkanı qazanır. Nahar etmək, çay içmək də olar. Avtobus elə kəndin içində xeyli dolaşır, sonra da sonuncu dayanacaq olan Kardioloji sanatoriyada xeyli dayanır. Müəyyən nöqtədə avtobus yenidən öz yiyəsinə qaytarılır. Əlbəttə, sürücü üçün bu əsil xilas yoludur, bir qədər yorğunluğunu alıb yenə iş başına qayıdır, amma sükanı kimə verir?

Adətən hətta 18 yaşdan aşağı gənclər və ya sürücülük vəsiqəsi olmayan insanlar avtobus sürməyi, daha doğrusu, "dəlləkliyi sərnişinlərin başında" belə öyrənirlər. Çox təhlükəli tendensiya olsa da, hər halda bir insanın 15-17 saat avtobus sürmək kimi bir məsuliyyətli yükünü tək çəkməsindən daha yaxşıdır. İstirahət edən sürücü yolda daha az qəzaya yol verər.

Beləliklə, bu cür ağır rejimdə çalışan sürücü ayda uzaqbaşı 500-700 manat arasında gəlir əldə edə bilər. Onların rəsmi işləyib-işləməməsi, gələcək üçün sosial ödəmələrinin verilməsi də şübhə doğurur, çünki ölkənin nəqliyyat sistemindən dövlət büdcəsinə çox cüzi bir vergi ödənilir, marşruta baxan şirkətlər nə vergiyə, nə də pensiya fonduna pul ödəmək istəmirlər.

"Plan" adı ilə ildə 648 min manat toplanır

İnternetdə olan məlumata görə, 172 saylı marşrut "Aişə MMC" şirkətinə məxsusdur. Xətdə cəmi 12 avtobusun işlədiyi bildirilir, amma inandırıcı görünmür, çünki avtobusu xeyli gözləmək lazım gəlir. Əgər gündüz saatlarında qrafik gözlənilirsə, axşama doğru getdikcə çox pozulur, avtobus dəqiqəbaşı hər tində dayanıb sərnişin toplayır, yəni planı yığan sürücü artıq özünə işləyir, yeri gəlsə, bir saatlıq yolu lap iki saata gedər, təki pul olsun.

Avtobusların vəziyyəti çox pisdir, bəzən hətta paneldə benzinin, yaxud da yağın səviyyəsini göstərən qurğu belə işləmir. Oturacaqlar qırıq, döşəmə deşik olur. Yayda qoruyucu pərdələr asılmır deyə gün insanları yandırır, tıxacda isə havasız şəraitdə benzin qoxusundan ürəyi gedənlər də az deyil.

Bilgəh avtobusunun rəqibləri Maştağayacan hərəkət edən 131, 107, 189, 186 kimi marşrutlar 172-nin potensial sərnişinlərini "ələ" keçirirlər. Sərnişin az olanda avtobuslar bir-birini qabaqlamağa çalışır, insan həyatını təhlükəyə atırlar.

"Plan" adı ilə toplanan məbləği hesablamaq da yerinə düşərdi. Ayda bir avtobusdan 5400 manat, ümumi işlək marşrutların orta sayı haradasa 10 olsa, deməli 54 min manat toplanır. İlə 648 min manat edir. Bu məbləğdən çox cüzi vergi və qeyri-xərclər ödənilir. Deməli, yarıqırıq, qəza vəziyyətində olan avtobuslardan bu böyüklükdə pul yığılır.

Əlbəttə, sürücünü də ideallaşdırmaq lazım deyil. Kriminal tipli, narkotik aludəçisi olan, çox vaxt özünü başqa sahələrdə reallaşdıra bilməyən insanlar bu cür ağır şərtlərə razı olur. Hətta bu kateqoriya insanların arasında psixi pozuntusu olan da az deyil, böyük əksəriyyətini sükan arxasında siqaret çəkməməyə, telefonla danışmamağa məcbur etmək belə olmur. Nə istəyirlər, onu da edirlər, çünki bura gələnin sayı elə də çox deyil. Hamı normal iş axtarır, 8 saatlıq iş rejimi, şənbə-bazarı, bayramları azad olan bir iş. 15-17 saat sükan arxasında 500 manata çalışmaq istəyənlər tapılmır.

Bir cərimə, iki cərimə...

Avtobus sürücüsünün güzəranı belədir. Sahibinə öz qazancından 10 dəfə artıq gəlir verir, 15 saat iş başında olur, sərnişin zorakılığına məruz qalır, söyülür, bəzən döyülür, avtobusu qəzaya uğradır, əməlli-başlı yemək yeyə, özünə baxa bilmir, əyin-başı, üz-gözü çirk içində gəzir.

Bu əzilən, təhqir edilən insanlara hər gün həyatımızı etibar etsək də, onların nə cür yaşadığını, nə hislər keçirdiyini bilmirik. Bakı Nəqliyyat Agentliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin vəziyyətdən nə qədər xəbərdar olduğunu demək çətindir, amma ən azı aybaay monitorinq keçirmək, vəziyyəti araşdırmaq imkanı hər zaman var.

Marşrut avtobuslarının yeniləri ilə əvəzlənib kart sisteminə keçid olmasını hamı səbirsizliklə gözləyir. Təbii, qanunla sürücünü 8 saat əvəzinə 15 saat işləməyə məcbur edən şirkəti böyük məbləğdə cərimələmək lazımdır.

Bu elə də çətin deyil, bir cərimə, iki cərimə, bir də görərsən, qazancın 50 minini işçiyə, 100 minini isə ildə bir avtobusun dəyişməsinə sərf eləmək marşrut yiyəsi üçün elə də çətin olmaz.

Qanuna əməl etməyi öyrənməliyik…

Əsas mövzular