17:19 19 İyul 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0271
  • EUR1.9142
Avropa İttifaqı və Türkiyə bayraqları, arxiv şəkli

Avropa İttifaqı Türkiyəni öz sıralarına qatmaq üçün yalvaracaq

© AP Photo / Lefteris Pitarakis
YAZARLAR
Qısa URL
Azər RƏŞİDOĞLU
1410 0 0

Avropa İttifaqında dəyişiklik rüzgarları davam edir

BAKI, 25 iyun — Sputnik. Avropa İttifaqında dəyişiklik rüzgarları davam etməkdədir. Proseslər o həddə gəlib çata bilər ki, hətta Avropa İttifaqı Türkiyəni öz sıralarına qəbul etmək üçün dəridən-qabıqdan çıxar, lakin rəsmi Ankara onu məyus edər. Ekspertlər hesab edirlər ki, indi Avrozonanı çətin iqtisadi sınaqlardan çıxarmaq üçün Türkiyə kimi "yeni qan"a ehtiyacı var. Bu fikirlər son günlər İtaliyanın "mini-BOT" adlı yeni milli valyutanın şəkillərini dövrəyə buraxmasından sonra daha da populyarlaşmağa başlayıb.

Qeyd edək ki, İtaliya parlamentinin büdcə komitəsinin sədri Klaudio Borgi bu yaxınlarda özünün "Twitter" səhifəsində avroya paralel olacaq "mini-BOT" adlı yeni milli valyutanın şəkillərini paylaşıb. Bəs Roma bu yeni valyuta ilə nəyə nail olmaq istəyir?

BOT italyancadan "sadə xəzinə istiqrazları" kimi tərcümə olunan "Buoni Ordinari del Tesoro" birləşməsindən yaradılmış abbreviaturadır. Onun əvvəlinə əlavə olunmuş "mini" sözü isə bu valyutanın nominalının adi istiqrazların dəyərindən aşağı, yəni cəmi yüz avro olacağını göstərir.

İtaliya hökuməti "mini-BOT"u dövriyyəyə buraxmaqla milli şirkətlərə və ev təsərrüfatlarına 52 milyard avro dəyərində olan borclarını ödəmək niyyətindədir. Sonra isə "mini-BOT" sahibləri onlardan istifadə edərək vergiləri ödəyə və hətta, satıcılar qəbul etsə, mal və xidmətlərə görə ödənişlər də edə biləcəklər.

Analitiklər hesab edirlər ki, bu qiymətli kağızların buraxılışı təsir baxımından iqtisadiyyata nəğd pul yatırımına bərabər olacaq, çünki şirkətlər bu qiymətli kağızlarla vergi ödəmək imkanını əldə edəndən sonra öz inkişaflarına daha da çox maliyyə yönəldə biləcəklər.

Bundan başqa, hökumət "mini-BOT" üzrə faiz dərəcəsini özü istədiyi kimi təyin edə və bununla da onun məzənnəsini tənzimləyə biləcək.

Bütün bu üstünlükləri nəzərə alsaq, "mini-BOT"un bir neçə ildən sonra İtaliyada əsas ödəniş vasitəsinə çevriləcəyi, defisitdə olan avronun isə əsas olaraq xarici ödənişlər üçün istifadə olunacağı istisna olunmur.

Lakin ekspertlər əmindirlər ki, Romanın planları daha geniş miqyaslıdır. Pavia Universitetinin dosenti Rikkardo Puqlisi "The New York Times" qəzetinə verdiyi şərhində bildirib ki, "Bu, İtaliyanın Avrozonadan çıxmasına hazırlıq çərçivəsində ilk addımıdır".

O deyib ki, "mini-BOT" dövriyyəyə daxil olanda hökumətə kifayət edəcək ki, onların ödəniş vasitəsi kimi məcbur istifadəsi haqqında əmr versin və bununla da italyan valyutası reallığa çevriləcək.

Əslində hadisələrin bu cür inkişafını gözləmək olar, çünki İtaliyada hakim koalisiyanın liderləri Matteo Salvini (Şimal Liqası) və Luici Di Mayo (Beş Ulduz Hərəkatı) qatı avroskeptik kimi tanınırlar.

Salvini hətta seçkiqabağı kampaniya zamanı deyib ki, "onun partiyasına verilmiş səs, avrodan imtina və milli valyutaya qayıdış üçün verilmiş səsdir".

Təəccüblü deyil ki, bu təşəbbüsün müəllifi Şimal Liqasının deputatı Klaudio Borgi həm də parlamentin büdcə komitəsinin sədridir.

"Əgər İtaliya nə vaxtsa avrodan imtina etmək qərarına gəlsə, yeni banknotların çap olunmasını gözləmək lazım olmayacaq. Çünki hər şey artıq edilib: sadəcə "mini-BOT"u yeni valyuta elan etmək lazım olacaq", - deyə Borgi bildirib.

Bu istiqrazların nə vaxt buraxılacağı hələ də bilinməsə də, ekspertlər büdcə məsələsinə görə Roma və Brüssel arasında yaranmış münaqişə səbəbindən "mini-BOT"un yaxın aylarda işıq üzü görəcəyinə inanırlar.

İtaliyanın bu qərarı Avropa İttifaqının taleyinə də təsir göstərə bilər.

İddialar var ki, Avropa Birliyi xeyli zəifləyib. Belə bir vaxtda Türkiyənin bu təşkilata üzvlüyü məsələsi də diqqətçəkəndir. Söhbət ondan gedir ki, Aİ illərdir Türkiyəni öz sırasına qatmırdı. İndi bəzi ekspertlər hesab edirlər ki, Avropa İttifaqının xüsusilə iqtisadi problemləri həll etməsində yardımçı ola biləcəyini nəzərə alaraq Türkiyəni quruma daxil etməsi mümkün görünür. Amma heç şübhəsiz ki, bu o qədər də asan olmayacaq. Hansısa ölkələrin Aİ-dən çıxarılmasının müzakirə edildiyi bir vaxtda oraya Türkiyənin qəbul edilməsi heç də asan görünmür.

Bəzi Qərb araşdırmaçıları isə belə hesab edirlər ki, Avropa İttifaqı nəinki zəifləyir, əksinə, güclənir. Məsələ ondadır ki, bu gün Aİ-də çox sürətlə mərkəzləşmə prosesi gedir. Faktiki olaraq Avropa İttifaqı ölkələrinin bir çox səlahiyyətləri ölkələrdən alınaraq mərkəzi idarəetməyə verilir. Bu şərtlə razılaşmayanların isə Avrozonadan, hətta Avropa İttifaqından çıxarılması təklifi irəli sürülür. Milli hakimiyyətlərinin bir hissəsini Avropa İttifaqına verməyən dövlətlər ən azı Avrozonadan çıxarılacaqlar. Bəzilərini isə Avropa İttifaqından xaric ediləcəklər. Buna görə də gedən prosesləri Avropa İttifaqının dağılması kimi yox, əksinə, güclənməsi kimi qiymətləndirilir. Lakin böhran baş verdiyi üçün bir tərəf bu vəziyyətdən istifadə edib Avropa İttifaqını mərkəzləşdirib gücləndirməyə, digər tərəf isə öz milli maraqlarını məsafələşdirib qorumağa çalışır.

Bu proseslərin baş verdiyi bir ərəfədə Türkiyənin Aİ-yə üzvlüyü məsələsinə gəlincə, Türkiyənin bu gün Aralıq dənizi və Yaxın Şərq regionunda rolu artır. Bu şəraitdə Türkiyə öz səlahiyyətlərinin bir hissəsindən imtina edərək Brüsselin tabeliyinə keçməyə çətin razılaşar. Bir şeyi də unutmayaq ki, bu mərhələdə Avropa İttifaqının Türkiyəni öz daxilinə almaq marağı güclənə bilər. Daha dəqiqi, bu marağın artdığı hiss olunur. Amma indi gedən prosesdə oyunçuların yeri dəyişir. Əvvəllər Türkiyə Aİ-yə üzv olmaq istəyirdi, lakin ağır şərtlərlə üzləşirdi. İndi isə elə vəziyyət yaranacaq ki, Avropa İttifaqı qəbul etmək istəyəcək, Türkiyə buna razılıq verməyəcək. Bütün bunlar Avrasiya İqtisadi Birliyinin də güclənməsinə gətirib çıxarda bilər...

Əsas mövzular