01:02 26 İyun 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0272
  • EUR1.9396
İlham Əliyevin və Çin Xalq Respublikasının Sədri Si Cinpinin Pekində görüşü olub

Pekin dərsləri: Dünya nəhəngini Azərbaycana necə cəlb etməli

© Official website of President of Azerbaijan Republic
YAZARLAR
Qısa URL
Azər RƏŞİDOĞLU
4968 0 0

Çin investisiya, təcrübə və bazarları baxımından bu mənada böyük potensialı olan ölkədir

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev 2-ci “Bir kəmər, bir yol” beynəlxalq forumunda iştirak etmək üçün aprelin 24-də Çinə işgüzar səfər edib. Forumda iştirakdan əlavə İlham Əliyevin bir sıra mühüm görüşləri olub.

İlham Əliyev Pekində “CETC International” Korporasiyasının baş direktoru ilə görüşüb
© Official website of President of Azerbaijan Republic

Belə görüşlərdən biri də Rusiya prezidenti Vladimir Putinlə olan görüşdür. Vladimir Putin görüşdə azərbaycanlı həmkarını görməkdən məmnun olduğunu söyləyib: "Biz kluarlarda bir-birimizlə qısa danışıqlardan çox məmnunuq. Sizinlə artıq daha geniş tərkibdə söhbətləşmək imkanına malik olmaqdan şadam. Sizinlə müntəzəm görüşürük və təkcə fikir mübadiləsi aparmırıq, həm də birgə işimizi korrektə edirik. Fikrimcə, ümumilikdə birgə işimiz çox yaxşıdır. Ticari-iqtisadi əlaqələrimiz inkişaf edir. Biz hətta əslində Sizin təşəbbüsünüzlə ticari-iqtisadi sahədə demək olar ki, xüsusi qarşılıqlı fəaliyyət mexanizmi yaratmışıq. Zənnimcə, bu təşəbbüs yaxşı inkişaf edir. Sonra Rusiya və Azərbaycan tərəfindən olan həmkarlarımızdan bu barədə danışmalarını xahiş edərik. Lakin bütövlükdə bizim münasibətlərin inkişafından məmnunuq. Əminəm ki, bu gün Sizinlə qarşılıqlı fəaliyyətimizin bütün aspektləri barədə danışacağıq".

Azərbaycan Prezidenti İlham Əliyev isə çıxışında Vladimir Putinlə yenidən görüşməkdən məmnunluğunu ifadə edib: "Görüşlər münasibətlərimizin inkişafına çox ciddi impuls verir. Biz müntəzəm olaraq görüşür, bütün sahələrdə əməkdaşlığımıza dair vacib məsələləri həll edirik. Münasibətlərimizin necə inkişaf etməsindən çox məmnunuq. Bu münasibətlər bütün sahələri əhatə edir. İki ölkə arasında aktiv siyasi dialoq aparılır. Ticarət dövriyyəsinin artımını müşahidə edirik. Sizin də qeyd etdiyiniz kimi konkret layihələrin irəli aparılması üçün xüsusi mexanizm mövcuddur. Biznes dairələrinin birlikdə iş görməsinə çox böyük marağı var. Əlbəttə ki, əməkdaşlığımızın vacib istiqamətlərindən biri nəqliyyat-logistika sahəsidir. Burada da yaxşı nəticələrimiz var. Enerji, kənd təsərrüfatı və humanitar  sahələrdə əməkdaşlığımızın yaxşı nəticələri var. Hesab edirəm ki, əməkdaşlığımızın bugünki səviyyəsi çox məsələləri, ikitərəfli gündəmdə olan və regional məsələləri həll etməyə icazə verir. Ona görə də əminəm ki, bizim bugünki görüşümüz gələcəkdə dostluq, mehriban qonşuluq, qarşılıqlı dəstək və hörmətə əsaslanan münasibətlərin inkişafına yaxşı təkan verəcək. Biz bu münasibətləri qiymətləndiririk və onların irəliyə doğru gedəcəyinə ümid edirik".

İlham Əliyevin iştirak etdiyi beynəlxalq forum dünya mətbuatı tərəfindən diqqətlə izlənilir.

Böyük bir coğrafiyada effektlər yaradacaq "Bir kəmər - bir yol” layihəsi  yeni strateji reallıqların tərənnümü kimi qəbul olunur. Burada əsas oyunçu rolunda Çinin çıxış etməsi gerçək amil olsa da, faydalanma Şanxaydan Avropanın son Atlantik sahillərinə qədər bir nəqliyyat oxunda düzlənən bütün region ölkələrini əhatə edə bilər. Bu çoxsaylı ölkələr içərisində öz geosiyasi və geostrateji mövqeyi ilə seçilən tarixi İpək yolunun Şimal-Cənub nəqliyyat marşrutu ilə kəsişdiyi mühüm geostrateji məkanda qərarlaşan Azərbaycan da var. Bakı özünün müvafiq nəqliyyat-infrastruktur və logistik imkanları məcmusunda mühüm tranzit üstünlükləri ilə fərqlənir. Belə üstünlüklər həm də Böyük İpək yolunun baş arteriyası - TRASECA-nın mənzil qərargahının yerləşdiyi, Xəzərin ən böyük liman şəhəri paytaxt Bakının bütün multimodal nəqliyyat sistemini özündə birləşdirir. Avropa ilə Asiyanı birləşdirəcək yeni alternativ bağlantı - Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin işə düşməsi, Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin yaradılması, Şimal-Cənub nəqliyyat dəhlizinin yenidən qurulması fonunda bu effektlər daha real görkəm alacaq.

Çinlə iqtisadi-siyasi əlaqələrin genişləndirilməsi Azərbaycan üçün hansı üstünlüklər yaradır? Siyasi araşdırmaçılara görə, müasir dünyada bütün dövlətlər Çin bazarı uğrunda mübarizə aparırlar. Həttə bu gün Çinlə ticarət müharibəsi aparan ABŞ da Trampdan əvvəlki prezidentlərin dövründə Çin bazarında mövqeyə sahiblənmək uğrunda ciddi mübarizə aparıb. Bu dövrdə Çində onlarla ABŞ müəssisələri açılıb. Bir müddət öncə Çinin dövlət rəhbəri Avropaya səfər etdi, Almaniya, Fransa, İtaliyada oldu, çoxsaylı və böyük həcmli iqtisadi sazişlər imzaladı. Yəni Avropa da çalışır ki, Çin bazarından pay götürsün. Bu baxımdan, Azərbaycanın da dünyanın ikinci ən böyük iqtisadiyyatına malik olan ölkənin bazarına hədəflənməsi çox təbiidir. Azərbaycanın ilyarım əvvəl işə düşən Bakı-Tiflis-Qars dəmiryol xəttinin  nəzərdə tutulan həcmdə yüklənməsi üçün Çindən Avropaya daşınan mallara böyük ehtiyacı var. Bu malların cəmi 5 faizinin Azərbaycanın da daxil olduğu marşrutla daşınması ölkəmiz üçün böyük iqtisadi fayda gətirə bilər. Yəni Azərbaycanın regional tranzit qovşağına çevrilməsi demək olar. Lakin Çin Azərbaycanın nəqliyyat dəhlizlərindən istifadə məsələsində bir qədər ehtiyatlı mövqe sərgiləyirdi. İlham Əliyevin Çinə görüşü zamanı Azərbaycanın Avrasiya regionunda özlərinin əsas tərəfdaşlarından biri adlandırılması göstərir ki, bu mövqedə ciddi dəyişiklik var. Hiss olunur ki, Çində Azərbaycan üzərindən keçən nəqliyyat-tranzit marşrutuna ciddi maraq yaranıb. Düzdür, Çin öz məhsullarının əsas hissəsini quru yolla - Qazaxıstan və Rusiya üzərindən, həmçinin dəniz yolu ilə Avropaya göndərir. Lakin bu, heç də alternativ marşrutun olmasını istisna etmir. Nəzərə aldıqda ki, Azərbaycan üzərindən keçən marşrut digərlərinə nisbətən daha qısadır, bu zaman Çinin marağının əsaslı olduğunu görərik. Bu marağın reallaşması Azərbaycanın Ələt dəniz limanı və Bakı-Tiflis-Qars dəmiryol xəttinin tamamilə yüklənməsi demək olacaq. Bu isə həm Azərbaycanda yeni iş yerlərinin, iqtisadi gəlirlərin artması, həm də ölkəmizin bölgədə rolunun güclənməsinə gətirəcək.

Çin investisiya, təcrübə və bazarları baxımından bu mənada böyük potensialı olan ölkədir. Çin öz məhsullarını Azərbaycanda istehsal edib Avropaya daha rahat və daha az xərclə çatdıra bilər. Bu kontekstdən yanaşsaq, mövcud vəziyyət o qədər də ürəkaçan deyil. Çünki indiyədək Çindən Azərbaycana 800 milyon dollar investisiya yatırılıb ki, bunun da hamısı neft sektorunadır. Hətta Azərbaycan kimi kiçik ölkənin Çinə yatırdığı investisiya bundan iki dəfədən də yuxarıdır. Azərbaycan investisiyaların, texnologiyaların cəlbi baxımından Çinin potensialından yararlanmaq üçün xeyli müddət əvvəl fəaliyyətlərə başlamalı idi. Amma gec də olsa, bunun başlanması və inkişaf etdirilməsi mühüm əhəmiyyət kəsb edir. Bundan sonra Çinlə Azərbaycan arasında iqtisadi əlaqələrin daha da genişlənməsi gözlənilir. Bu genişlənmə Azərbaycanın iqtisadiyyatı diversifikasiya etməsi üçün böyük imkanlar açacaq. Çinlə münasibətlərin genişlənməsinə Azərbaycan üçün yalnız tranzit ölkə olaraq rolunun artması nöqteyi-nəzərindən baxmaq lazım deyil. Tranzit imkanları bu münasibətlərin yalnız bir detalı ola bilər. Azərbaycan Çinlə əlaqələrdən investisiya cəlbi, müasir texnologiyaların inkişafı, yerli istehsalın qurulması baxımından yararlanmağa çalışmalıdır. Bu isə ölkədə xarici investisiyaların cəlbi üçün əlverişli mühitin yaradılmasını, azad rəqabətin formalaşdırılmasını zəruri edir. Bir sözlə, Bakı Çinlə əlaqələrini gücləndirməklə əslində yalnız iqtisadi baxımdan qazanmır, eyni zamanda geosiyasi uğur əldə edir...

Əlaqədar

İqtisadçılar Çin üçün bədbin proqnoz verdilər
Çin qırıcı istehsalında dünyada bir ilkə imza atacaq
ABŞ-da Çin xofu yayılıb: Onların rəqibi yoxdur
İlham Əliyevdən Çin şirkətlərinə jest
Çin lideri Azərbaycanın ərazi bütövlüyünü dəstəklədi

Əsas mövzular