12:21 21 Avqust 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0256
  • EUR1.8859
Avropa İttifaqının bayrağı

Vaxtı bəlli olmayan Saziş - Ortada önəmli qərar ola bilər

© AFP 2019 / DANIEL LEAL-OLIVAS
YAZARLAR
Qısa URL
Azər RƏŞİDOĞLU
5301 0 0

Yeni sazişdə Dağlıq Qarabağın xüsusi olaraq Azərbaycanın ərazisi kimi göstərilməsi tamamilə başqa məsələdir

BAKI, 23 aprel — Sputnik. Tezliklə, Azərbaycan və Avropa İttifaqı arasında yeni tərəfdaşlıq sazişi imzalanacaq. Spiker Oqtay Əsədov sazişin 2019-cu il mayın 13-də imzalanacağını desə də, sonradan XİN sazişin həmin vaxt imzalanmayacağı ilə bağlı açıqlama yayıb.

Öz növbəsində, Avropa İttifaqının Bakı nümayəndəliyindən bildiriblər ki, intensiv danışıqlar gedir, amma konkret tarix söyləmək çətindir. "Biz də sənədin ən qısa zamanda imzalanmasında maraqlıyıq" – deyə nümayəndəlikdən bildiriblər.

Hələlik vaxt dəqiq bilinməsə də, bir şey dəqiqdir ki, yeni saziş nə zamansa imzalanacaq və artıq çox şey əvvəlki kimi olmayacaq.

Məlumata görə, Avropa İttifaqı ilə imzalanacağı nəzərdə tutulan strateji tərəfdaşlıq sazişinin layihəsində Dağlıq Qarabağ Azərbaycanın ərazisi kimi qeyd olunub. Azərbaycanın ərazi bütövlüyünün Avropa İttifaqı tərəfindən tanınması başqa, Dağlıq Qarabağın xüsusi olaraq Azərbaycanın ərazisi kimi göstərilməsi tamamilə başqa məsələdir. Bu, o anlama gəlir ki, Avropa İttifaqı ilk dəfə olaraq Ukrayna, Gürcüstan və Moldovadakı münaqişələrlə Dağlıq Qarabağ münaqişəsinə eyni standartlı yanaşma tətbiq edəcək.

Qeyd olunan ölkələrin ərazi bütövlüyü ilə bağlı Avropa İttifaqının çıxardığı qətnamələrdə məxsusi olaraq münaqişə zonalarının adları göstərilib. Məsələn, Gürcüstanın ərazi bütövlüyü tanınır və əlavə olaraq vurğulanır ki, Abxaziya və Cənubi Osetiya Gürcüstan torpaqlarıdır. Belə bir müddəanın – Qarabağla bağlı məsələnin də strateji tərəfdaşlıq sənədində öz əksini tapması Azərbaycanın maraqlarına cavab verir.

İstənilən halda, Azərbaycan Aİ ilə siyasi bərabərlik əsasında bir saziş istəyir. Hər iki tərəf görüşlərində sazişin əməkdaşlığın daha da inkişaf etdirilməsində mühüm addım olduğunu dilə gətirərək, bu layihə ilə əlaqədar qarşılıqlı anlaşma olduğunu biruzə veriblər. Saziş barədə gedən müzakirələrdə bildirilib ki, Aİ qonşuları ilə fərqləndirilmiş yanaşma seçməyə ehtiyac olduğunu qəbul edir. Bu, o deməkdir ki, Azərbaycan Aİ-nin siyasi assosiasiya və iqtisadi inteqrasiyası təkliflərindən özü istədiyi həcmdə faydalana biləcək.

Siyasi araşdırmaçıların fikrincə, adıçəkilən saziş Aİ-nin Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində ölkələrlə bağladığı sazişlərə çox bənzəyir, bura siyasi, iqtisadi-ticari, enerji, regional təhlükəsizlik və Dağlıq Qarabağ istiqamətlərinin daxil ediləcəyi şübhəsizdir. Lakin hələlik sənədə daxil olacaq maddələrin dəqiq sayı məlum deyil. Siyasi əməkdaşlıq daha önəmli olacaq. Bundan başqa, iqtisadi və enerji sahəsi də əhəmiyyətli hesab edilir.

Yeni saziş Azərbaycan məhsullarının Avropa İttifaqının bazarlarına çıxışının yaxşılaşması məqsədilə Azərbaycan qanunvericiliyin və prosedurlarının Aİ-nin ən mühüm beynəlxalq ticarət norma və standartlarına uyğunlaşdırılmasını nəzərdə tutur. Aİ ilə sazişin imzalanması birmənalı şəkildə qərbyönümlü siyasi kurs anlamına gəlmir. Azərbaycanın xarici siyasəti Avropaya, bizi tam öz əhatə dairəsinə daxil etməyə imkan vermir. Bəzi təhlilçilər belə hesab edirlər ki, Avropanın Gürcüstanla olan münasibətləri tək Gürcüstana aid deyil, bu, eyni zamanda Qafqaz regiona aiddir. Hansısa bir mərhələdə Azərbaycan da bu inteqral sxemə daxil ediləcək, lakin hazırkı durumda Bakı balans siyasətinə davam edəcək. Əsas rolu Azərbaycan oynayır. Sadəcə olaraq Gürcüstanın xarici siyasəti onlara imkan verir ki, Gürcüstanı öz inteqral sxemlərinə daha sürətlə və daha sıx şəkildə daxil etsinlər.

Ötən illər Aİ Şərq Tərəfdaşlıq Proqramını həyata keçirməklə bu problemləri həll etmək istəyirdi. Amma vəziyyət göstərdi ki, bu siyasəti həyata keçirmək üçün Avropaya lazımi şərait yaratmır.

Xatırladaq ki, ötən il Şərq Tərəfdaşlığı Proqramının reallaşdırılmasında müəyyən problemlər ortaya çıxdı, indi isə tərəflər başqa təkliflər üzərində işləyir. Azərbaycan tərəfi Avropa tərəfinə təklif edib ki, bu proqramdan əlavə olaraq qarşılıqlı münasibətləri yeni saziş üzərində quraq. Əslində, bu o deməkdir ki, Şərq Tərəfdaşlıq Proqramı öz yerində, amma bir çox məsələlər var ki, bu proqram onları əhatə etmir. Ona görə də Bakı ayrıca bir sənədin imzalanmasını zəruri hesab edir. Bu baxımdan, imzalanacağı nəzərdə tutulan strateji tərəfdaşlıq sazişinin layihəsində Dağlıq Qarabağ Azərbaycanın ərazisi kimi qeyd olunması diqqətdən qaça bilməz...

Əsas mövzular