CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Əhalidən əvvəlcədən pul yığmaq yaxşıdır, amma...

CC0 / jarmoluk / womanKommunal qəbzləri hesablayan qadın, arxiv şəkli
Kommunal qəbzləri hesablayan qadın, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan əhalisinin əksəriyyəti “Marmot günü” filminin qəhrəmanı kimi etmək zorundadır

BAKI, 21 fev — Sputnik. Ötən gün axşam saatlarında işdən evə gedərkən fevral ayı ərzində artıq üçüncü dəfə təkrarlanan hal baş vermişdi. Evdə qaz səhər saatlarından kəsilmiş, axşam qazın verilişi bərpa olunanda isə sayğac kilidlənmişdi (el dilində desək, koda düşmüşdü). Yenidən yaxınlıqdakı ödəmə terminalına yaxınlaşıb smartkarta pul yüklədim, o pulu da sayğaca (baxmayaraq ki, sayğacda 20 manata yaxın pul vardı.) Sonra mavi düyməni sıxıb saxladım, 189-dan 0-a qədər geri sayımın başa çatmasını gözlədim. Klapan açıldı. Amma qaz yenə də gəlmədi. 104-ə zəng edib baş verənləri anlatdım (hələ ora zəng edib düşmək böyük xoşbəxtlikdir). Telefonun o başındakı xanım kartı sayğaca qoyub orada yazılanları oxumağımı istədi. Dediklərini elədim. Xanım bildirdi ki, bizim klapanın ağzı kiflənib, 24 saat ərzində Azəriqaz-ın əməkdaşları yaxınlaşıb problemi həll edəcəklər. Bu, bir ayda 3-cü dəfə təkrarlandığından, özümü “Marmot Günü” filminin qəhrəmanı kimi hiss etdim. Ötən 2 dəfə də 24 saatın tamamında zəng edib qazımızın gəlib-gəlmədiyini soruşmuşdular. Biz də “gəlir” demişdik və telefonun dəstəyini asmışdılar. Halbuki qaz, sayğac xeyli vaxt yanmayan boş havanı hesabımıza yazandan sonra və onların texniki dəstəyi olmadan gəlməyə başlamışdı. Bu dəfə də elə olacaqdı. Və mən sözügedən filmin qəhrəmanı kimi baş verəcəkləri qabaqcadan bildiyimdən, eynilə onun kimi etdim. Hadisələri zamanın axarına (Azəriqaz-ın əməkdaşlarına) buraxmadım: “Texniki dəstəyə ehtiyac yoxdur xanım, onsuz da 24 saat içində qazımız bir şəkildə gəlib çıxacaq”. 

Финансовая отчетность, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Kommunal xidmətlər bahalaşacaq

Biz eyni şeyləri işıq, su, lift, kanalizasiya, istilik təchizatı idarələri ilə də yaşayırıq. Bir növ bunlara adət etmişik. Məsələn, bizi istiliyin gəlməməsi deyil, gəlməsi təəccübləndirir. Həmin gün mütləq qonşu blokda yaşayan və qazanxanada işləyən Vaqif dayını həyətdə görəndə, qəsdən soruşuram: "Vaqif dayı, nə baş verib, xeyirdimi?" Kişi söhbəti artıq başa düşür və tələsik Gədəbəy ləhcəsi ilə ürəklə cavab verir: “Atapleniniz gəlermi, ay qızım?!” 

O gün telefonumuz kəsilmişdi. + 12 12-yə zəng edib telefonumuzun təmirə ehtiyacı olduğunu xəbər verdim. İnsafən sonrakı gün telefonumuzu düzəltməyə bir-birindən xəbərsiz iki briqada gəldi. Problemi həll edib getdilər. Sonra ATS-dən zəng edib soruşdular ki, evdəyikmi, texniki dəstək göndərmək istəyirlər. Yenə təəccübləndik. Burada nə isə bir sirr var. Yoldaşım uzaqgörənliklə dedi: “Nəsə baş verir. Ya tezliklə telefon pullarını qaldıracaqlar, ya da başqa nəsə edəcəklər.” Bu “nəsə” özünü çox gözlətmədi. Ötən gün o mübarək SMS-i aldıq. 

Bakı Telefon Rabitəsi İstehsalat Birliyi sabit (stasionar) telefon xidməti üçün “öncədən ödəmə” sisteminin tətbiqinə başlayıb. Həmin sistemə görə, 1 mart tarixindən etibarən sabit (stasionar) telefon istifadəçiləri hər ayın 5-dək telefon borcunu öncədən ödəməli olacaqlar. Ödəniş edilmədiyi təqdirdə, ayın 6-dan etibarən xidmət birtərəfli qaydada dayandırılacaq və abunəçilər yalnız daxil olan zəngləri qəbul edə biləcəklər. Sonrakı bir ay ərzində borc ödənilmədiyi halda, abunəçiyə əlavə borc yazılmaması üçün telefon şəbəkədən çıxarılacaq. Şəbəkədən çıxarıldıqdan sonra, iki ay ərzində abunəçi iki ayın abunə və istifadə edilmiş xidmətlərin haqqını ödəyərək telefon xidmətini bərpa edə bilər. Əks halda, onunla bağlanan müqaviləyə xitam veriləcək. Əgər abunəçi telefon xidməti üçün müraciət edərsə, telefon çəkilişi tarifinə uyğun olaraq ödəniş (30 manat) etməli olacaq. 

Maliyyə hesabatı, arxiv şəkli - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Məhdud büdcə ilə sosialyönümlü xərcləri artırmaq...

BTRİB hesab edir ki, bu sistemin tətbiqi abunəçilərin debitor borcunun yaranmasının qarşısını alacaq, müvafiq qaydada öncədən ödənilən məbləğə uyğun xidmətin verilməsini təmin edəcək. Bu da müxtəlif səbəblərdən ünvanı tərk edən və ya abunə haqqını ödəyə bilməyən istifadəçilərin borclanması kimi problemləri aradan qaldıracaq.

Biz BTRİB-i başa düşməyə çalışırıq. Borcları bir şəkildə ödətmək, el dilində yazsaq, dövlətin büdcəsini bir şəkildə doldurmaq lazımdır. Əsl fürsətdir, bütün kommunal xidmət institutları camaatın boğazına çöküb “xidmət haqları”nı qaldırmaqla məşğuldur. Amma xidmətin keyfiyyətini qaldırmaq ağıllarına belə gəlmir. 

BTRİB-dən Sputnik Azərbaycan-a bildiriblər ki, beynəlxalq aləmdə xidmət haqlarının qabaqcadan ödənilməsi praktikası var… Bu, bizim üçün sürpriz deyil. Amma beynəlxalq praktikada o da var ki, yararsız xidmətə görə abunəçidən dəfələrlə üzr istəyirlər və ona müqavilədə nəzərdə tutulduğu kimi keyfiyyətli xidmət göstərməyəndə də, elə həmin müqaviləyə əsasən də kompensasiya ödəyirlər. 

Açıq pəncərə qabağında duran adam - Sputnik Azərbaycan
CƏMİYYƏT
Millət vəkili: "Köckünlər işıq spirallarınından isifadə edərək pəncərəni açıq qoyurdular"

Amma bizdə nə BTRİB, nə də digər kommunal xidmət qurumları abunəçiyə keyfiyyətsiz xidmətə görə kompensasiya ödəməyi ağlının ucundan belə keçirmir. Müqavilə şərtləri də tamamilə xidmət göstərən tərəfin istəklərinə uyğun olaraq tərtib edilir. Abunəçinin o müqaviləyə nəyi isə diqtə etmək lüksü yoxdur. Qış aylarında istilik həftələrlə verilməyə, veriləndə də evi isitməyə bilər. Amma biz gəlməyən istilik haqqını tam şəkildə ödəmək zorundayıq. Çünki qarşı tərəf bunu istəyir. Qaz sayğacına qabaqcadan pul vururuq, amma qaz günlərlə gəlmir, gələndə də şam kimi yanır. O qazla suyu qızdırmaq, çay qaynatmaq, xörək bişirmək mümkün deyil. Hamamda çimmək üçün gecəni yatmadan hamının yatmasını və qazın nisbətən artmasını gözləməlisən. Dərd də burasındadır ki, onda da su borusunda təzyiq olmur və suqızdırıcı cihazın işləməyə gücü çatmır. Klassik hamamlarda olduğu kimi suyu vedrədə qızdırmalı, vannalara yığmalı, parçla (su qabı) çimməliyik.

Lift xarab olanda, pul yığıb azı 1 həftə mexanikin yolunu gözləməliyik. Elektrik kəsiləndə “Azərişıq”ın mətbuat katibi Tanrıverdi Mustafayevə zəng edib dərdimizi deməliyik. Vay o gündən ki, bizim işığımız, yenə el dilində desək “şahmata düşə”. 

Kanalizasiya idarəsinə binanın zirzəmisinə yığılan suları çəkməsi, evdən kanalizasiya iyinin rədd edilməsi məqsədilə kanalizasiya xəttini təmizləməsi üçün min dəfə xahiş-minnət etməliyik. Həyəti süpürüb zibili daşıtmaq üçün JEK-ə azı 10 dəfə zəng etməli və 5 dəfə də idarəyə gedib JEK işçiləri ilə dalaşmalıyıq. Amma yanvar ayı başlamamış JEK işçiləri növbə ilə qapımızı döyüb “imkan varsa 6 aylıq evkirəsini qabaqcadan ödəyərdiz” deyəcəklər. 

Elektrik sayğacı - Sputnik Azərbaycan
CƏMİYYƏT
Elektrik sayğaclarının yanmasının səbəblərinə aydınlıq gətirildi

Uzun sözün qısası, hörmətli “Azərişıq”, “Azəriqaz”, “Azərsu”, “Bakıistiliktəchizat”, “Sukanal”, JEK, pul yığmaq yaxşıdır, qiymətləri qaldırmaq ondan da yaxşıdır. Amma xidmətin də keyfiyyətinə bir əncam çəkmək lazımdır axı. Siz iddia edə bilərsiz ki, xidməti yaxşılaşdırmısız, boruları dəyişmisiz, qaz, elektrik, su, istilik verilişini artırmısız. Amma vallah sizə sadəcə iddia etmək qalır, bizə isə sizin yaratdığınız problemlərin çətinliyi altında əzilmək. Onsuz da həyatımız, dolanışığımız, gündəlik qayğılarımız asan deyil. Problemlərimiz başdan aşır, zamanın, cəmiyyətin, əlaqədar qurumların və s. yaratdığı problemlərin altında əzilirik. Sadəcə öz işinizə insani yanaşsaz, öz vətəndaşlarınızın qayğısına qalsaz…

P.S. Və tez-tez sitat gətirməyə cəhd etdiyiniz beynəlxalq aləmdə xidmətlər və münasibətlər tamam başqa səviyyədə və keyfiyyətdədir. Onların ən azı şikayət edə biləcəkləri sonuncu institut — ədalətli məhkəmə instansiyası var. Amma biz kommunal problemlərlə bağlı şikayətimizi məhkəməyə etməyə qorxuruq. Bilirik ki, sizin qurumların başında oturanların sözü məhkəmədə daha keçərlidir, nəinki sadə vətəndaşın sözü.

Xəbər lenti
0