16:40 18 Sentyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0264
  • EUR1.8811
Xankəndi şəhəri

Yeni dəyişiklik bütün perspektivləri heçə endirdi

© Sputnik / Ilya Pitalev
YAZARLAR
Qısa URL
63402

“Lapşin olayı”ndan sonrakı aktivlik müəyyən suallar yaradır

Fevralın 20-də Azərbaycanın separatçı bölgəsi Dağlıq Qarabağda “konstitusiya referendumu” keçirildi. “Referendum” nəticəsində qondarma Dağlıq Qarabağ rejimində “prezident idarəçiliyi”nin saxlanması və daha da gücləndirilməsi nəzərdə tutulur. Ermənistan mənbələrinin məlumatına görə, “referendum”un gedişini xarici müşahidəçilər də izləyib. Buna baxmayaraq, qondarma “DQR”-də keçirilən referendumu heç kəs tanımayıb. Rusiya, Avropa Birliyi “referendum” ərəfəsində bəyanat yayaraq, onun nəticələrini tanımayacağını bəyan edib. Türkiyə də Dağlıq Qarabağda keçirilən "referendum"u tanımadığını bildirib. Eyni mövqeni İran nümayiş etdirib. Qeyd edək ki, Azərbaycanın Xarici İşlər Nazirliyi dəfələrlə bəyanat yayaraq bu addımı kəskin pisləyib, bunu təxribatçılıq adlandırıb.

Xatırladaq ki, bir qədər öncə prezident İlham Əliyev “Dağlıq Qarabağa heç vaxt müstəqillik verilməyəcək. Əgər kimsə bunu gözləyirsə, qoy əbəs yerə gözləməsin, bu olmayacaq. Dağlıq Qarabağ Azərbaycann torpağıdır. Həm tarix, həm də bütün dünya belə qəbul edir” mesajı ilə Bakının mövqeyini açıqlamışdı. 

Burada bir məqama diqqət yetirmək lazım gəlir. “Lapşin olayı”ndan sonra rusiyalı və avropalı bəzi ictimai xadimlərin separatçı “DQR”-ə yenə də səfər etməsi və “referendumu” izləməsi sual doğurur. Bakı bu məsələdə daha sərt  mövqe nümayiş etdirməli idi. Xatırladaq ki, sabiq prezident Heydər Əliyev dövründə də Azərbaycan hakimiyyəti bu məsələlərdə Rusiyaya qarşı sərt mövqe nümayiş etdirir və keçmiş dövlət başçısı Rusiyanın Ermənistanı silahlandırmasına və Xankəndinə qanunsuz edilən səfərlərə qəti etirazını bildirirdi. 

“DQR”-də keçirilən referendum əslində Serj Sərkisyan rejiminə spekulyasiya üçün şərait yaradır. Xatırladaq ki, Ermənistan təşkilatlarının etiraf etdiyi kimi, Serj Sərkisyanın hakimiyyətdə olduğu illər arasında Ermənistanı 300 minə yaxın insan tərk edib. Sərkisyan millətçilik müstəvisində oynamaqda davam edir və bəyan edir ki, Dağlıq Qarabağın statusu müəyyənləşmədən ətraf torpaqlar boşaldılmaycaq və guya, Madrid prinsipləri statusun müəyyənləşməsini zəruri edir. 

Vurğulayaq ki, Madrid prinsiplərinə görə, işğal altındakı 5 rayon (Ağdam, Füzuli, Zəngilan, Qubadlı və Cəbrayıl) və Laçının 13 kəndi azad edilir, qaçqınlar geri qayıdır, bütün kommunikasiya xətləri açılır, Dağlıq Qarabağ üçün aralıq status müəyyənləşdirilir, bölgədə tərkibi hələ bəlli olmayan sülhməramlı qüvvələr yerləşdirilir, Laçın və Kəlbəcərin boşaldılması tarixi dəqiqləşdirilir və gələcəkdə Dağlıq Qarabağın yekun statusu ilə bağlı referendum keçirilir. 

Qarabağ üçün keçərli ola biləcək daha bir model Cənubi Tirol modeli ola bilər. Avstriya ilə həmsərhəd olan İtaliyanın şimalında Cənubi Tirolda əksəriyyət – almandilli əhali, Azərbaycanın tərkib hissəsi olan Dağlıq Qarabağda isə əhalinin əksəriyyəti ermənilərdir. İkinci Dünya Müharibəsindən sonra İtaliya və Avstriya arasında Cənubi Tirol uğrunda münaqişə yüksək muxtariyyət statusunun, yerli özünüidarənin verilməsi və muxtariyyət çərçivəsində bütün qərarların, hər birinin sayından asılı olmayaraq, yerli icmaların konsensusu şərti ilə qəbul edilməsi yolu ilə həll olunub. Region sabitlik və çiçəklənmə əldə edib ki, bu da sonradan İtaliya və Avstriyanın Avropa İttifaqına üzvlüyü ilə gücləndirilib.

Əslində Azərbaycanın tərkibindəki muxtariyyət təcrübəsinə də müraciət etmək olar. Söhbət Naxçıvan Muxtar Respublikasından gedir. Naxçıvan Muxtar Respublikası hüquqi statusuna görə Azərbaycan Respublikasının tərkibində muxtar dövlətdir. Azərbaycan Respublikasının Konstitusiyasına görə, muxtar respublikada dövlət hakimiyyəti hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkil edilir; qanunvericilik hakimiyyətini Naxçıvan Muxtar Respublikasının Ali Məclisi – parlamenti həyata keçirir. Beləliklə, siyasi və iqtisadi zəmində kifayət qədər geniş səlahiyyətlərə malik olan Naxçıvan inkişaf yolunu özü müəyyənləşdirir. Əlbəttə, Naxşıvandakı hazırki idarəetməylə bağlı xeyli suallar ola bilər, ancaq önəmli olan hər iki tərəfin səlahiyyət bölgüsünə riayət etməsidir. Yəni, Naxçıvan nümunəsi göstərir ki, Dağlıq Qarabağ da ona verilən səlahiyyətlər çərçivəsində bölgənin inkişafı, qanunverici və icraedici institutların formalaşmasını təmin edə bilər, yaranan suallar isə dialoq çərçivəsində Xankəndi ilə Bakı arasında həll oluna bilər. 

Dünyada Dağlıq Qarabağ münaqişəsinin həllinə uyğun modellər haqqında danışdıqda ən çox Finlandiyaya məxsus isveçlilərin yaşadığı Aland adaları misal çəkilir. Dağlıq Qarabağın gələcək statusunu əsasən bu modellə müqayisə edirlər. Təsadüfi deyil ki, ATƏT-in Parlament Assambleyası Aland modelinin Dağlıq Qarabağ münaqişəsinin həllində əsas kimi götürülə biləcəyini irəli sürmüşdü. İsveçlə Finlandiya arasında bağlanmış müqaviləyə əsasən, Aland əhalisi dilini, mədəniyyətini, adətlərini saxlamaq hüququ alır, bununla assimilyasiya olunmaq təhlükəsi aradan qalxır. İsveç adalardakı isveçlilərin təhlükəsizliyinə və soydaşları ilə maneəsiz əlaqə yaratmağa təminat alır. Laqtinqin hüquqi səlahiyyətləri təhsil və mədəniyyəti, səhiyyə və iqtisadiyyatı, nəqliyyatı, kommunal təsərrüfatı, polisi, poçtu, radio və televiziyanı əhatə edir. Bu sahələr üzrə Alandın suveren dövlət səlahiyyətləri var. Qalan qanunvericilik səlahiyyətlərinin hamısı – xarici siyasət, mülki məcəllənin əsas hissəsi, məhkəmə və cinayət hüququ, gömrük və pul dövriyyəsi Finlandiyanın səlahiyyətlərinə daxildir. Aland əhalisinin mənafeyini qorumaq üçün Finlandiya parlamentinə arxipelaqdan bir deputat seçilir. Adaların qubernatorunu laqtinqin razılığı ilə Finlandiyanın prezidenti təyin edir. İqtisadiyyat sahəsindəki münasibətlər də sadə quruluşa malikdir: Finlandiya hökuməti vergiləri, gömrük rüsumlarını və başqa ödəncləri bütün ölkədə tətbiq edilən qaydalarla yığır. Arxipelaqın xərcləri dövlət büdcəsindən ödənir. Dövlət öz borcunu çıxandan sonra gəlirlərin bir hissəsini arxipelaq üçün ayırır. Qalan məbləği laqtinq büdcə maddələri üzrə bölüşdürür. Finlandiya prezidentinin laqtinqin qəbul etdiyi qanunlara veto qoymaq hüququ var. Prezident ona göndərilmiş qanunlara yalnız iki halda – adaların parlamenti öz səlahiyyət həddini aşanda və ya qəbul edilmiş qanun Finlandiyanın daxili və xarici təhlükəsizliyinə qorxu yaradanda veto qoya bilər. Aland Skandinaviya ölkələri ilə birbaşa əməkdaşlıq edə bilir. Skandinaviya ölkələri Nazirlər Şurasının işində Aland hökuməti də iştirak edir. Xarici siyasət Finlandiya hökumətinin və parlamentinin səlahiyyətinə daxildir. Lakin Finlandiya Alandın daxili işlərinə təsir göstərə biləcək beynəlxalq müqavilə imzalayanda bu müqavilənin qüvvəyə minməsini laqtinqlə razılaşdırmalıdır. Beləliklə, Aland modelini Dağlıq Qarabağ münaqişəsinin həlli üçün tətbiq etsək, bölgənin yerli parlamenti daxili məsələlər və büdcə ilə bağlı qərarlar qəbul edə, hökuməti formalaşdıra bilər. 

Dağlıq Qarabağ münaqişəsinin həlli haqqında danışılarkən, zaman-zaman Tatarıstan modelinə də istinad edilir. Rusiya Federasiyasının tərkibində muxtar respublika olan Tatarıstan 1990-cı il avqustun 30-da dövlət suverenliyi haqda bəyannamə qəbul etdi. Suverenlik haqqında bəyannaməyə görə, bölgə rəsmən Tatarıstan Respublikası adlandırılır. Tatarıstanın suverenlik aktında yazılıb ki, Tatarıstan Respublikasının statusu Tatarıstan Respublikası və Rusiya Federasiyasının birgə razılığı olmadan dəyişdirilə bilməz. Eyni zamanda, Tatarıstan Respublikası ərazisinin sərhədləri onun razılığı olmadan dəyişdirilə bilməz. Tatarıstan Respublikası öz səlahiyyətləri çərçivəsində müstəqil xarici iqtisadi əlaqələrdə iştirak edir. Tatarıstanın xarici ölkələrdə iqtisadi nümayəndəliklər açmaq hüququ var. Tatarıstan modeli də Dağlıq Qarabağ üçün uğurlu örnək ola bilər.

Dağlıq Qarabağın Tatarıstanın statusuna malik olması, müstəqil iqtisadi siyasət yürütməsi, iqtisadi sahədə müstəqil xarici razılaşmalar imzalaması, xarici ölkələrdə iqtisadi nümayəndəliklər açması, yerli hakimiyyət institutları formalaşdırması və qəbul edilən qanunların Azərbaycan qanunvericiliyi ilə uzlaşdırılması, bir sözlə yerli hakimiyyətin böyük idarəçilik səlahiyyətlərinə malik olması deməkdir.

Adıçəkilən və nəzərdən keçirilməyən istənilən model barədə fikir mübadiləsi aparmaq mümkündür. Lakin “DQR”-də keçirilən referendum adıçəkilən modellər üzərində sülh danışıqlarını davam etdirmək perspektivini heçə endirir. Bu baxımdan, münaqişənin həlli yollarının tapılmamasının başlıca günahkarı İrəvan və onun himayə etdiyi separatçı rejimdir…

Əlaqədar

Novruz Məmmədov: “Lapşin məsələsini siyasiləşdirmək lazım deyil”
"Lapşin prosesi"nin ikinci mərhələsi başlayır
“Lapşinin Azərbaycana ekstradisiyası pozucu mövqedə duran hər kəsə mesajdır”
Teqlər:
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Serj Sərkisyan, İlham Əliyev, Heydər Əliyev, Xankəndi, Avstriya, İtaliya, Dağlıq Qarabağ, İran, Ermənistan, Türkiyə, Azərbaycan, Bakı

Əsas mövzular