20:03 21 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0232
  • EUR2.0623
YAZARLAR
Qısa URL
68010

Rəsulzadə demokratik baxışlarına, intellektinə görə tamamilə fərqlənən bir dəyərdir. Rəsulzadə bir aynadır. Bu böyük fikir adamını oxumaq və anlamaq lazımdır.

BAKI, 31 yan — Sputnik. Bu gün Azərbaycan siyasi fikir tarixinin parlaq siması olan Məhəmməd Əmin Rəsulzadənin anadan olduğu gündür. İctimai fəallar onun Novxanıdakı heykəli önünə yığışaraq, onun ideyalarına sadiq qalacaqlarına növbəti dəfə söz verdilər. Rəsulzadənin yazdıqlarından bir cümlə belə oxumayanlar da onu özlərinə rəhbər bilirlər. Lakin Rəsulzadə təfəkkürü olmadan, onun fotosu, zahiri görüntüləri altında baş verəcəklər qətiyyən təqdir oluna bilməz. Ən əsas olan respublikaçılıq ideyasına sadiqlik, bayrağımızda təsbit olunan hər üç ideya daşıyıcılarına normal münasibətin yaradılmasıdır. "Əsrimizin Səyavuşu" əsərində Rəsulzadə Azərbaycan üçün xilas düsturunu işləyib və yaxın illər ərzində onun yazdığı doktrinadan kənara çıxmaq imkansızdır.
Böyük fikir adamını oxumaq və anlamaq lazımdır. Rəsulzadə şəkildə qalmayıb. Onun ideyalarını yaşatmaq mühümdür.

  

Ötən əsrin əvvəllərində yaradılan demokratik quruluş bu gün də əsas paradiqma olaraq qalmaqdadır. Bəzi tarixçi və ziyalıların tarixi saxtalaşdırmaq cəhdləri bir nəticə vermir. Böyük fikir adamlarının Azərbaycana qazandırdığı istiqlal və respublikaçılıq ideyası hazırda da əsas meyar olaraq qalmaqdadır.

Lakin Rəsulzadəni şad etmək və 28 mayın əsl bayrama çevrilməsi üçün bu millətə yeni qələbələr lazımdır. Qarabağın azadlığı lazımdır.

Bircə qələbənin həzzi, torpaqların tam azad olunması milli yüksəlişlə sonuclana bilər. Həmin gün 28 mayın yenidən dirçəldilməsi günü olacaq. Qələbə qazanan milləti isə heç kəs yarı yolda saxlaya bilməz.

Rəsulzadə eyni zamanda bir demokratiya örnəyidir. Azərbaycan Demokratik Respublikası millət, məzhəb, siyasi partiya, sosial təbəqə fərqi görmür və bütün vətəndaşların siyasi hüquqlarını təmin edən bir quruluşa malik dəyərdir. Müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycanın o zamankı nəhəng fikir adamları — Məhəmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov, Fətəli xan Xoyski, Həsən bəy Ağayev, Nəsib bəy Yusifbəyli, Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski və başqalarının fəaliyyəti hər birimiz üçün bir örnək olmalıdır.

Azərbaycan Demokratik Respublikasının banisi olan Rəsulzadənin irsinin yenidən araşdırılması son dərəcə vacibdir. Ən azı ona görə ki, Rəsulzadə bir paradiqmadır. Düşüncə və fəaliyyətinə görə fərqlənən, yüksəklikdə dayanan bir şəxsiyyətdir. Onunla müqayisədə 70 il bizə sırınan saxta tarix qəhrəmanları olduqca cılız görünürlər. 

Rəsulzadə eyni zamanda bir dəyərdir. Demokratik baxışlarına, intellektinə görə tamamilə fərqlənir. Rəsulzadə bir aynadır. Onun şəxsiyyəti çoxlarının eyiblərini qabarıq şəkildə üzə çıxardır.

Rəsulzadə Qobustan qayalıqları üzərində əks olunan bir tarixdir. Qayalar üzərindəki tarix isə min illərlə yaşayacaq. Doğum günün mübarək, böyük azərbaycanlı!

Əlaqədar

Publisist: Azərbaycan Xalq Cümhuriyyəti tariximizin şərəfli dövrüdür
Azərbaycan Xalq Cümhuriyyəti yaddaşlarda
"Bir kərə yüksələn bayraq, bir daha enməz!"
Teqlər:
Nəsib bəy Yusifbəyli, Həsən bəy Ağayev, Fətəli xan Xoyski, Əlimərdan bəy Topçubaşov, Azərbaycan Demokratik Respublikası, Məhəmməd Əmin Rəsulzadə, Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadə

Əsas mövzular