11:13 22 Noyabr 2017
Canlı yayım
Bir cənub şəhərində filmindən kadr

Səmimi azərbaycanlı – Şəppəli

© Foto: filmdən stop-kadr
YAZARLAR
Qısa URL
Azər RƏŞİDOĞLU
329 0 0

Hansı ədəbiyyat qəhrəmanı azərbaycanlıları tam xarakterizə edir? Muğannanın “Şəppəli”si orta statistik azərbaycanlı kimi.

Orta statistik azərbaycanlı kimə bənzəyir? Hansı ədəbiyyat qəhrəmanı bizi tam xarakterizə edir? Yazıçı Elçinin “Baladadaşı”ndan tutmuş, Muğannanın “Şəppəli”sinə qədər hər kəs bizim bir parçamızdır. Azərbaycanda ictimai şüurun Mirzə Cəlilin “Poçt qutusu”ndan çıxdığını söyləyənlər bəlkə haqlıdırlar. Mirzə Cəlil bu gün çox aktualdır. Cəmiyyət sanki xudayar bəylərdən, novruzəlilərdən ibarətdir. Son vaxtlar baş verənlərin kökündə də sanki Mirzə Cəlilin “Qurbanəli bəy” hekayəsindəki “molodes sobak” yaltaqlığından başqa heç nə durmur. Nökərlərinə qarşı əzazil olan Qurbanəli bəy “pristavın itinə baxıb ”molodes sobak" deyir. Ağır dərddir.

*  *  *

Azərbaycan siyasəti rus yazıçısı Anton Çexovun yaradıcılığını xatırlatmağa başlayıb. Eyni həyatı yaşayanların savaşı, müşahidə olunanlar sanki “6 nömrəli palatada” baş verir. Çexov bu gün çox aktualdır. İnsanlar gerçək həyatdan uzaqlaşaraq, özlərini “futlyar” içində qapadırlar. İstedadlı bir siyasətçi, bir ziyalı, bir jurnalist tam deqradasiyaya uğrayır. Çexov göstərirdi ki, əslində, insanın mühitin təsiri ilə miskinləşməsi, gerçək həyatdan mənəvi “futlyar”da gizlənərək ölü hala düşməsidir. Bu mövzuya həsr olunan əsərlərdən ən parlaq olanlar arasında Çexovun “İonıçin deqradasiyası” adlı hekayəsidir.

Çexov insanın mənəvi deqradasiyasını gözəl təsvir edir. Azərbaycanda özlərini ziyalı, elita, siyasi lider adlandıran əksər insanların həyatı eynilə Çexovun əsərlərini xatırladır.  Böyük rus yazarının təsvirini oxuduqdan sonra mövcud siyasi düşərgələrdə olan “maraqlı qrup və klanların” mahiyyətini dərk edə bilərik. Çexov sübut edir ki, adi adamlardan seçilməyən, boz insanlar özlərini seçilmiş kimi  qələmə verirlər. Mahiyyət etibarilə elitaya layiq olmayanların davranışı isə faciələrə səbəb olur. Nə “ağıllı və zəkalı” Startsev, nə xeyriyyəçi Vera İosifovna qurduqları xəyallardan uzağa çıxa bilmirlər, elə buna görə də həyatlarını məhv edirlər. Startsevin İonıça çevrilməsi Azərbaycanın çağdaş siyasəti üçün də aktualdır.

Hekayənin sonu qəhrəmanın həyatına da yekun vurur: “O, tək-tənhadır, ömrü darıxdırıcıdır, heç nə ilə maraqlanmır”. Halbuki zahirən İonıçın həyatı… zəngindir. Beləcə Startsevdə insan, şəxsiyyət, istedad məhv olur. Hətta müəllifin hekayə boyu səviyyəsizliyini, düşüncəsizliyini lağa qoyduğu Turkinlər belə mənəvi cəhətdən İonıçdan daha yüksəkdə durur, bütün bayağı və miskinliyə baxmayaraq onlarda müəyyən insani cəhətlər olduğu üzə çıxır, adam onlara acıyır. Startsevin isə heç bir müsbət cəhəti qalmır. Qəhrəmanının mənəvi tənəzzülünə yekun vuran Çexov “sanki insan yox, hansısa bütdür gələn” ifadəsini işlədir.

Azərbaycan siyasəti üçün bir tərif kimi səslənəcək ifadədir — “sanki canlı bir insan deyil, bir bütdür”. 

*  *  *

Yeniyetməliyim dövründə məhəllədə iki dəliqanlının “söz davası”nın şahidi olmuşdum. Əsəbləri tarıma çəkilən gənclər bir-birlərinin qanını axıdacaqlarına hazır kimi görünürdülər. “Qan düşməsin” deyə məhəllə uşaqları onları sakitləşdirməyə cəhdlər edirdi. Hər iki gənc onları saxlayanların əlindən çıxmağa cəhd göstərir, “Burax məni, Əttağa cəddi, yortacağam” deyə yəmin edirdi. Dalaşanları sakitləşdirmək istəyənlər də onların söyüşünə tuş gəlir, arada sillə də yeyirdilər. Məhəllədə qan düşməsi, polisin (o zamanlar milis adlanırdı) küçəyə təşrif buyurması heç kimin marağına uyğun deyildi. Lakin dava edənlər onları sakitləşdirmək istəyənləri daha pis təhqir etməyə başlamışdılar. Bütün bu hadisələri soyuqqanlılıqla izləyən məhəllə cayıllarından biri (həbsxanada olduğu üçün məhəllədə çoxları ondan çəkinirdi) birdən sərt şəkildə dilə gəldi: “Alə, buraxın onları”. Hamı dərhal deyilənə əməl elədi. Məhəllə cayılı dalaşanlara yaxın gəldi: “Alə, heç kəs sizi ayırmayacaq. Demirdiniz ”yortaram"? Yortmayanın…".

Bu sözlərdən sonra sanki dalaşanlar nə etdiklərinin fərqinə vardılar. Hamı məhəllədən dağılışdı. Bu hadisənin üstündən heç bir gün keçməmiş bu iki şəxs mehriban şəkildə görüşüb, öpüşüb, söhbət edir, sanki heç nə baş verməmiş kimi davranırdılar. Lakin o gündən məhəllədə heç kəs onlarla salamlaşmırdı. Bir qədər keçəndən sonra hər ikisi başqa yerə köçdü.

Riya gündəlik həyatımıza qarışanda fəsadlar verir. Riyadan azad olmaq üçün isə yeni ədəbi obraza ehtiyac yaranır. Bu baxımdan, Muğannanın “Şəppəli”si daha səmimidir…

Əsas mövzular