07:11 28 Fevral 2017
Canlı yayım
Adamlar

Heyif deyil bizim millət?!

azistinc
YAZARLAR
Qısa URL
İsmayıl MƏMMƏDLİ
27000

Sən-mən ölüm qalıb, haqq-salam qalıb... Çörək kəsdiyimiz adama qarşı nakişilik etmərik biz! Amma onlarda... Elə bil robotdular köpəyuşağı, nə and-aman qanırlar, nə yalvar-yaxar.

BAKI, 4 apr — Sputnik. "Latviyada kiçik qəsəbədə yaşayırdım. Dolanışıq ucbatından, oralara gedib çıxmışdım — evlərin təmiri ilə məşğul idim. Orada qalma iznimin müddəti bitsə də, küçə-bayırda çox görünmədiyim üçün, ələ keçmirdim. Bir qonşur vardı — Ştrautman. Dostlaşmışdıq, aramız əla idi, özü də yeyib-içən kişi idi. Hər axşam ya onlarda, ya da mən qaldığım evdə boğazımızı yaşlayırdıq", —deyir, məni Avtoğavzaldan evə gətirən taksi sürücüsü.

56-57 yaşlarındakı Murad kişi, içini boşaltdığı siqaret qutusunu avtomobilin pəncərəsindən küçəyə tolavazladıqdan sonra söhbətinə davam edir: "Bir gün yenə yeyib-içdiyimiz vaxt Latviyada qalma iznimin bitdiyini, gizli həyat sürdüyümü Ştrautmana dedim. Əlindəki qədəhi yerə qoyub, heyrətlə üzümə baxdı, sonra başını aşağı salıb dodaqaltı nəsə donquldandı. Və səhəri gün sübh tezdən qapım döyüldü. Qapını açdım, qarşımda Ştrautman və arxasında 2 polis. "Şələ-pələni topla, deportasiya olunursan" dedilər. Başa düşdüm ki, əziz qonşum, çörək kəsdiyim adam məni satıb. Əlini çiynimə vurub, "Mənim ölkəmin qanunları dostumdan da üstündür, ailəmdən də" deyə qımışdı. Mən də "Utan, yerə gir, dostunu satdığın üçün" dedim".

Sürücü bunları danışa-danışa, tez-tez pəncərəni aşağı salıb, boğazındakı hayxırığı küçəyə boşaldırdı. Kişini satılmaq, həm də yaxın bildiyi adam tərəfindən satılmaq və "xırdaca" məsələyə görə, babat pul qazandığı ölkədən qovulmaq yaman əsəbləşdirmişdi: "Heyif deyil bizim millət?! Sən-mən ölüm qalıb, haqq-salam qalıb… Çörək kəsdiyimiz adama qarşı nakişilik etmərik biz! Amma onlarda… Elə bil robotdurlar köpəyuşağı, nə and-aman qanırlar, nə yalvar-yaxar. Həmin polislərə bir saat minnət elədim ki, 3 balam var, onlar üçün 5-10 manat çörəkpulu qazanmalıyam, xeyri olmadı".

Murad dayının, deyəsən qulağı zəif eşidirdi. Yolboyu, sol hərəkət xəttindən qəfildən sağa keçərkən, yaxud "bez pavarotnik" sağa-sola şütüyərkən, şənimizə ucalan alqış siqnallarına zərrə qədər əhəmiyyət vermirdi.

Nəhayət, gəlib çatdıq binamızın qabağına. Kişi maşını birtəhər blokun qarşısına park etdikdən sonra, mən yük yerindəki əşyalarımı boşaltmağa başladım. İki bağlamanı liftin qarşısına qoyub, digərləri üçün qayıtdığım vaxt, "şappp" deyə bir səs və məni gətirən taksi sürücüsünün "sənin ölünə lənət!" qışqırığını eşitdim.

Avtomobilin qabaq parpresi və Murad kişinin üst-başı sap-sarı idi. Yuxarı mərtəbələrin birindən "bayram hədiyyəsi" göndərmişdilər. Həm də kəsə yolla — balkondan üzü aşağı. Bir xörək qazanı qədər olan sovqatın içərisində zəfəranlı düyü qalıqlarından tutmuş, aşqaraya, sür-sümüyə, cəmi bir neçə dəfə istifadə olunmuş salfet topasına, hətta dibi tam sıyrılmamış plastik şirniyyat qabına qədər — nə istəsən, vardı.

Sürücü "gül ağzını" açıb ürəyindəkiləri göyə boşalda-boşalda, gözü ilə mərtəbələri nə qədər axtarsa da, nə bir açıq pəncərə tapdı, nə də eyvandan boylanan bir baş. Təbii ki, bu əməlin sahibi hər kimdisə, "yaxşılığın gizlisi daha çox savabdır" hədisini əzbər bilirdi və işini gördükdən sonra dərhal aradan çıxmışdı.

Digər çantamı da yük yerindən alıb, bloka girdim. Fikrim sonuncu yükü də liftin qarşısına qoyub qayıtmaq və gediş haqqımı ödəmək idi. Elə bu an "Üstüm batdı-batdı, maşınım batdı, "xotyabı" pulum batmasın, pulumu ver, ala!" —deyə kişi arxamdan qışqırdı. Və səbəbini də bu ölkədə heç kimə inanmadığı ilə izah etdi.

Həəə, Murad dayı. Dediyin kimi, heyif deyil bizim millət?!…

Əlaqədar

Siz kimə xidmət edirsiniz, sevgili MX-lar?
Bu da son: məbədə girdilər
Allah kəssin belə çörəyi
Teqlər:
millət, mentalitet, taksi, əhali, Latviya, azərbaycanlı