00:55 30 May 2017
Canlı yayım
ABŞ dolları

Yaşıl əskinasın qürubu

Irochka
BLOQLAR
Qısa URL
İsmayıl MƏMMƏDLİ
1327992

ABŞ valyutasının çökdürülməsi prosesi başladı

BAKI, 5 dek — Sputnik. O, cəngavərlər haqqında oxuduğu romanların təsiri altına düşüb, özünü cəngavər hesab edir. İnsanlara pislik edən əjdahalar zənn etdiyi yel dəyirmanlarına hücum çəkir. "Döyüş"də xəsarət alsa da, ağlı başına gəlmir.

Yanğın
© AFP / Sergei Supinsky

Sonra qoyun sürülərini bir-birinə hücum edən iki ordu zənn edir. Zəif olanın tərəfinə keçir və onları "qoruyur". Qoyunlarına hücum olunduğunu görən çoban isə, onu yaxşıca əzişdirir.

Tanımadığı çobanı ağasının zülmündən qurtarmaq istəyir, onun müdafiəsinə qalxır. Amma o getdikdən sonra ağası hirslənib çobanı ölümünə döyür.

Özünü ədalət carçısı sayan bu adam, məhbusları azadlığa buraxır. Və məhbuslar azalığa çıxan kimi onu daş-qalaq edirlər.

Hesab edir ki, ona üz verən bütün bədbəxtliklər və insanların onu anlamaması, yalnız igid adamlara qismət olan bir sınaqdır. Onun arzuları gülüş hədəfi olur və sonda xülyalarından ayrılaraq, evinə dönməyə məcbur qalır…

Qərb insanının obrazı kimi formalaşdırılan bu qəhrəman, nədənsə Şərq insanına daha çox bənzəyir. Hətta, eynisidir. Öz arealında xeyli dərəcədə populyarlığını itirsə və üstündən 5 əsr keçsə belə, biz bu qəhrəmanı — Don Kixotu hər gün xatırlayırıq, xatırladırıq.

Ötən həftə də türkiyəli qardaşlarımız bu obraza girdilər, sağ olsunlar. Belə ki, Anadolu coğrafiyasının ən böyük heyvan bazarının yerləşdiyi Aksarayda, iri fermerlər, Avropa və Amerikanın ölkələrinə qarşı tətbiq etdiyi sanksiyaya cavab olaraq, dollar və avroları ayaqları ilə tapdalayıb, sonra yandırdılar. Aksaray Ticarət Bürosunun sədri Həmid Özkökün rəhbərlik etdiyi fermerlər, həmçinin, iri plakatlar açaraq "Bazarımızda dollar və avroya yer yoxdur" şüarı səsləndirdilər.

Yanlış başa düşməyin, dolların əslini deyil, bənzərini yandırıblar. Hardadı bu zavallılarda o qədər dollar ki, hələ bir yandırsınlar da?!

21-ci əsr Türkiyəsində baş verən bu hadisə(lər), ötən əsrin 79-cu (həmçinin sonrakı) ilində İranda yaşanan hadisələrlə tam səsləşir. Çünki biz heç dəyişmədik, dəyişməyə könlümüz də yoxdur. Hər zaman şüarçı, populist, qaraguruh olduq.

Dolların niyə, hansı səbəb(lər)dən milli valyutamızı "yediyini" analiz etmək, yaşıl əskinasla dil tapmaq, yaxud ondan daha güclü olmaq əvəzinə, ən asan yolu seçirik — onu yandırırıq. Bununla da ürəyimiz soyumur, bərkdən qışqırmağa başlayırıq ki, səsimiz, okeanın o tayına çatsın, Ağ Evdəki qara kişi də zəhmimizdən tir-tir əssin.

İşıqforda dayanan avtomobillər
© Sputnik / Murad Orujov

Dəqiqləşdirmə aparmağa həvəsim olmasa da, yüz faiz əminəm ki, çobanların bu qətiyyətli addımından dərhal sonra, dünya birjalarında dolların reytinqi sürətlə aşağı düşməyə başlayıb (avro, ümumiyyətlə gizlənməyə siçan dəliyi axtarır). Federal Ehtiyat Sistemi rəhbərliyinin, dolların devalvasiyasının qarşısını almaq üçün, dünyanın 4-cü böyük neft yatağı olan "Wolfcamp"ın ağzına vurulan möhürü qoparmağa çalışdığı da ehtimal olunan variantlar sırasındadır.

Abilərimiz hələ bir az da bərkinsələr (məsələn, sovet rəhbərliyi ABŞ-ın acığına, bir təyyarə dolusu taxılı Aralıq dənizinə tökdüyü kimi, onlar da bir tanker dolları Mərmərə sularında qərq etsələr), Birləşmiş Ştatlar prezidenti, borc üçün, İslam İnkişaf Bankının qapısında hönkür-hönkür ağlayacaq. Qarabala, məsuliyyətdən yayınmaq üçün, postunu vaxtından əvvəl sarıbalaya təhvil verəcək. Tramp da, daxili ictimai rəyi dərin sosial-iqtisadi böhrandan yayındırmaq üçün, Ağ Evi bombaladacaq (nə vecinə, onsuz da ailəsi orada yaşamayacağını açıqlayıb).

Niyəsə fikrim dağıldı… Vaqif Səmədoğlunu xatırladım:

Allah,
Özüm gəlim,
Ya kimisə göndərəcəksən?

Əlaqədar

İdeal şəhər tapıldı
Həyat dərsi
Yalan ayaq da tutar, yeriyər də – bu da fakt!
Ərəblərin yolu Bakıdakı bu küçədən düşərsə...
Standart düşüncələr paketi
Teqlər:
ABŞ, Şərq, Qərb, valyuta, lirə, dollar, insan, çoban, ağa, cəngavər

Əsas mövzular