23:48 21 May 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0264
  • EUR1.8970
Kino

Serial düşüklüyü

compss.3dn
BLOQLAR
Qısa URL
Orxan BAHADIRSOY
80350

BAKI, 30 mart — Sputnik. Nə yazıq ki, serial deyəndə Azərbaycan rejissorlarının, ya da rejissorluq iddiasında olanların ağlına bəsit, şit komediya, bayağılıq, düşüklük gəlir. Onlar elə zənn edirlər ki, serial ekranda sözün həqiqi mənasında bambılılıq etməklə, dombalaq aşmaqla, şıllaq atmaqla, üzü və bədəni eybəcər formalara salmaqla tamaşaçını güldürməkdir. Dünyanın bəlkə də heç yerində bir sənət məhsulu öz həqiqi mahiyyətindən bu qədər uzaqlaşmayıb.

Kiminsə əlinə yarım-yapalaq, qeyri-peşəkar, sırf gülüş məqsədi güdən, düşüklüklərlə dolu bir ssenari düşür. Bundan sonra öz bayağı məhsulunu bir-iki sponsora da sırıyır. Öz köhnə-dost tanışlarını da 5-10 manatdan yığır kamera qarşısına. Məqsəd budur: kimin nə qədər gücü varsa, bambılılıq eləsin. Vəssalam, serial hazırdır.

Dərdin ağırlığı ondadır ki, bəzən yarım əsrə yaxın sənət təcrübəsi olan, illərini səhnəyə həsr etmiş peşəkar aktyor və aktrisalar da həmin 5-10 manatdan ötrü bu düşüklüyün qurbanına çevrilirlər. Bir tərəfdən onları qınamaq olmur. Axı bu düşük seriallara çəkilməsələr, onlara həmin 5-10 manatı da verən olmayacaq.

Amma həqiqi sənət sevgisi milyon manatlardan da yuxarıda durmalıdır. Məncə, o aktyor və aktrisaların azacıq da olsa sənət sevgisi varsa, belə zay məhsullara çəkilməkdənsə, ac qalsalar yaxşıdır. Özləri də bilə-bilə niyə sənəti məhv edirlər ki?

Dövlət büdcəsindən seriallar üçün ayrılan məvacibin hesabatı kimdən və haçan alınacaq? Ayrılan pul müqabilində ərsəyə gətirilən nə olub? Bəs çəkilən seriallar, heç olmasa həmin vəsaiti qazandıra bilibmi dövlətə? Qazandırmayıbsa, niyə sorğu-sual olunmur?

Məlumunuzdur ki, bütün ölkələrdə çəkilən seriallar başqa dövlətlərə satılır. Bu satışdan kifayət qədər çox pul qazanmaq olur. Eləcə də Azərbaycanda serial üçün pul ayrılıbsa, serial ərsəyə gəldikdən sonra bu pul tələb olunmalıdır. Bu, biznesdir. Həm də çox yaxşı qazandıran biznesdir. Belə olan halda, niyə biz serial biznesindən bir qəpik də qazana bilmirik?

Ümumiyyətlə, televiziya və teatr sahəsində hökm sürən özbaşınalıq, dərəbəylik, hegemonluq o qədər çoxdur ki, Azərbaycan bu sahədə ancaq sürətlə geriyə gedə bilər, irəliyə yox. Yazılan ssenarilər konkret bir bədii şura tərəfindən yoxlanmadıqda, ayrılan məvacibin tam hesabatı alınmadıqda, pullar acgözlülüklə mənimsənildikdə, serialın ssenaristi öz tanışına, rejissoru öz tanışına, baş rol ifaçısı öz tanışına rol verəndə, aktyor və aktrisaları qəpik-quruş müqabilində səhər-axşam işlədəndə nə yaratmaq olar? Belə bir məhsulu hansı ölkə satın alar? Axı bu məhsulun düşüklük, bayağılıq, şitlik qoxusu ekrandan adamın burnunu göynədir.

Ötən əsrin sonlarında çox kiçik texnika ilə Lütfi Məmmədbəyov "İtkin gəlin" serialını çəkmişdi. Üstündən iyirmi ildən çox keçir, amma unudulurmu? Unuldulmaz da. Çünki həmin serialın kollektivi peşəkarlar idi. Çünki o serial istedadlı insanların məhsulu idi və sevgi ilə yaranmışdı. O serial Əlibala Hacızadə kimi qələm sahibinin ssenarisi ilə çəkilmişdi. İstedad və sevgi olandan sonra texnika nə karədir ki? Yaşamaq üçün hava və su nə qədər lazımdırsa, yaratmaq üçün istedad və sevgi də o qədər lazımdır. Havasız yaşamın mümkünsüzlüyü kimi, istedadsız yaratmaq da mümkün deyil. Susuz uzağı üç gün yaşamğın mümkünlüyü kimi, sevgisiz yaratmağın ömrü də uzağı üç gündür.

"İtkin gəlin"dən sonra Azərbaycanda unudulmayan serial çəkilməyib. Bu gün hamı komediyaya qaçır. Komediya olsa, dərd yarı. Çəkdikləri düşüklükdür, bambılılıqdır. Niyə faciə mövzularından qaçırlar? Hesab edirlər ki, tamaşaçı faciəni sevmir? O zaman mənə "Romeo və Cülyetta", "Hamlet", "Otello", "Qaçaqlar", "Məkr və məhəbbət", "Leyli və Məcnun", "İblis", "Oqtay Eloğlu", "Od gəlini" faciələri kimi uğur qazanmış komediya göstərsinlər. Uzağı "Ölülər"i demək olar ki, o da komediya yox, tragikomediyadır.

Çox az sayda çəkilən ciddi mövzulu seriallarımız var. Onların da heç biri istənilən nəticəni vermir. Əlbəttə, pul mənimsəniləndə¸ sənətə tamahkarlıq, rüşvətxorluq qarışanda yaxşı məhsul da yaranmayacaq. Bir gün də deyəcəyik: başın sağ olsun, Azərbaycan, mədəniyyətin ölüb!

Əlaqədar

İlham Namiq Kamal: elə bir peşəkar rejissor tanımıram ki, hazırda serialla məşğul olsun
Azərbaycan seriallarının üç əsas problemi
Obamanın ən çox izlədiyi serial
MTRŞ serialın yayımını dayandırdı, telekanalı cərimələdi
Serialların ailələri məhv edən 8 cəhəti
Barak Obamanın qızı serial çəkir
Teqlər:
sənət, kino, dram, komediya, serial

Əsas mövzular