04:42 19 Avqust 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0257
  • EUR1.8876
Orxan Bahadırsoy, köşə yazarı

Ələbaxan yazıçının, şairin günü...

© Photo: Orxan Bahadirsoy
BLOQLAR
Qısa URL
Orxan BAHADIRSOY
47610

Axı niyə Azərbaycan yazıçısı öz kitabının çapı üçün kiminsə sponsorluğuna möhtac olmalıdır? Niyə bu yazıçı öz kitabını çap etdirəcək qədər maddi imkana sahib deyil? Niyə bu ziyalı zümrə ələbaxan olub?

1982-ci ildə Beynəlxalq PEN klubun 48-ci konqresinin qərarı ilə mart ayının üçü Yazarlar Günü kimi qəbul olunub. Nə təsadüf ki, qələm adamlarının bayramından bir neçə gün əvvəl, yazıçı Seymur Baycan öz kitabının çap olunması üçün sponsor axtarırdı. Şou-biznes müğənnilərinə prodüsserlik edən bir nəfər kitabın çapına sponsorluq edəcəyini deyəndə, digər qələm adamlarının canı təşvişə düşdü. Başladılar ki, şou-biznes adamından ziyalıya, ciddi qələm sahibinə sponsor olmaz. Kimisi Seymur Baycanı qınadı, kimisi də həmin şou-biznes adamını. Biri də dedi ki, lazım gəlsə, özü Seymurun kitabına sponsorluq edəcək.

Maraqlıdır, bəs Seymur Baycan sponsor axtardığını elan edəndə bu qələm adamları harda idi? Digər tərəfdən, onların öz kitablarını çap etdirmək üçün vəsaiti yoxkən, Seymur Baycanın kitabına necə sponsorluq edəcəklər? Qınayaraq, danlayaraq, hirslənərək, bu məsələni o qədər cılızlaşdırdılar ki, Seymur Baycan həmin adamın sponsorluq təklifindən də imtina etdi. Görünür, özlərini qələm dostu kimi göstərən adamlar kitabın sponsorla çap olunmasına ya paxıllıq etdilər, ya da səmimi şəkildə istəmədilər ki, şou-biznes adamı ədəbiyyat adamına sponsor olsun.

Bütün bu hadisələrdə ciddi bir məqam vardı: axı niyə Azərbaycan yazıçısı öz kitabının çapı üçün kiminsə sponsorluğuna möhtac olmalıdır? Niyə bu yazıçı öz kitabını çap etdirəcək qədər maddi imkana sahib deyil? Niyə bu ziyalı zümrə ələbaxan olub?

Yadımdadır, iki il əvvəl Seymur Baycan bir müsabiqə təşkil etmişdi. Müsabiqədə Cəfər Cabbarlının "Oqtay Eloğlu" pyesi haqqında yazılan məqalələr yarışırdı. Birinci yerə 500 manat, ikinci yerə 300 manat, üçüncü yerə 200 manat veriləcəkdi.

Belə ki, mənə çox doğma mövzu olduğuna görə, müsabiqəyə yazı göndərdim. Özümdən də əmin idim ki, yer tutacağam. Amma dərdim pul idi. Düşünürdüm ki, yerlərdən birini tutaram, verilən məbləğin üstünü də düzəldib, öz kitabımı çap etdirərəm. Arzum ürəyimdə qaldı. Ona görə yox ki, yer tutmadım. Ona görə ki, bu müsabiqənin nə qalibləri açıqlandı, nə də ki, kiməsə pul verildi.

Uzun müddətdən sonra Seymur Baycan bu haqda yazı yazmışdı. Yazıda qeyd etmişdi ki, müsabiqənin nəticəsini elan etməyə və qalibləri mükafatlandırmağa pul tapmayıb. O vaxt da, elə indiki kimi, sponsor tapa bilməmişdi. Amma bütün hallarda, o müsabiqə yaxşı bir addım idi. Ən azından Cabbarlını, Oqtay Eloğlunu, mənim məqaləmlə Hüseyn Ərəblinskini xatırlatdı unudanlara.

Üstündən iki il keçib. Mən kitabımı çap etdirdim. Seymur Baycan isə hələ də sponsor axtarır. Tək mən deyiləm, Seymur Baycan deyil, bu ölkənin əksər yazıçıları öz kitabını çap etdirmək üçün hansısa müsabiqədən gələcək pula, hansısa adamın maddi köməyinə, oxucularından toplanacaq pula, kreditə, borca göz dikir. Lap mədəni dilənçilik kimi. Bir qalır, yardım kassası yaratmaq.

Bu ələbaxımlılığın ömrü hara qədərdir? Nə vaxta qədər ölkənin ziyalısı, aydını, qələm adamı kimdənsə yardım uma-uma yaşayacaq? Bu ölkənin o boyda Yazıçılar Birliyi var. Kimin də bir kitabı çıxırsa, qaçıb, ora üzv olur. Amma bu qurum həmin adamların vikipediyasında iri hərflərlə xüsusi bir titul kimi yazılmaqdan başqa heç bir işə yaramır. Hərçənd ki, son dövrlərdə yazıçılar üçün yaranan digər qurumlar da elə Yazıçılar Birliyi kimi quru ad olmaqdan başqa bir işə yaramadılar.

İndi bir-birini yazarlar günü münasibəti ilə təbrik edən, süfrə başında qədəh cingildədib sağlıq deyən yazarlar, axşam arvadının kasıblıqdan deyinməyinə, uşağının aclıqdan ağlamağına şeir yazacaq, hələ bundan başqa bir əsərin mövzusu kimi də yararlanacaq. Sonra həmin kitabı çap etdirmək üçün sponsor axtaracaq.

Belə olan halda, o saxta təbriklərə, o pafoslu sağlıqlara nə gərək var? Ədəbiyyat elə bir sahədir ki, ismində məğrurluq, qürur var. Ələbaxan yazıçının, şairin günü olmur, dostlar!

Əlaqədar

Yazıçının alim davamçısı
Xalq yazıçısına "Şərəf" ordeni təqdim edildi
Salam Sarvan Yazıçılar Birliyindən çıxıb
Yazıçı Afaq Məsud Rusiyanın nüfuzlu akademiyasına üzvü seçilib
Teqlər:
ədib, ələbaxan, yazar, şair, yazıçı

Əsas mövzular