03:02 31 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
BLOQLAR
Qısa URL
453482

Bir qadının dramı: "Məni unutma. Get, insanlara mənim var olduğumu de. Bəlkə bir iş, bir parça çörək verən ola bizə"

İradə CƏLİL, Sputnik Azərbaycan

BAKI, 7 mart — Sputnik. Hər gün uşaqları məktəbə aparanda zibil qablarında eşələn bir qadın diqqətimi çəkirdi. Bir-bir qabların içinə boylanıb əlindəki, çirkli torbasına nəsə yığırdı. Sonra da yorğun addımlarla ordan uzaqlaşırdı.

Bir gün mənə yaxınlaşdı. Pul istəyəcəyini düşünmüşdüm. O isə: "Qızım, mənə ətirindən vur da" deyə xahiş elədi. Qırmadım. Bir gün yenə qarşıma çıxdı: "Sən o qızsan, mənə ətir vuran" deyib qucaqladı.

Nailə xala, qızı və iki nəvəsi ilə Bakıxanovda kirayədə yaşayır. Qızının ailəsi dağıldığı üçün nəvələri və qızını götürüb Bakıya gələn qadın, küçələri gəzir, zibillikləri axtarır, tapdığı əşyları isə həftənin şənbə günləri Sabunçuda "cındır bazarı"nda satır. 

Evinin kirayəsini güclə ödəyən yaşlı qadın nəvələrinin ac qalmaması üçün hamıya ağız açdığını deyir: "Kim oldu, deyirəm, ay bala, bir qab yemək ver, bir para sabun ver. Təqaüdüm heç nəyə çatmır. 125 manat alıram, onun da üstünü düzəldib, evin kirayə haqqını ödəyirəm. Qızım xəstədir, işləyə bilmir. Onun da, uşaqlarının da ağırlığı mənim çiynimdədir".

  • Nailə xala, qızı və iki nəvəsi ilə Bakıxanovda kirayədə yaşayır
    Nailə xala, qızı və iki nəvəsi ilə Bakıxanovda kirayədə yaşayır
    © Photo : Irade Celil
  • Qadın hər gün küçələri gəzir, zibillikləri axtarır, tapdığı əşyları isə həftənin şənbə günləri bazarda satır
    Qadın hər gün küçələri gəzir, zibillikləri axtarır, tapdığı əşyları isə həftənin şənbə günləri bazarda satır
    © Photo : Irade Celil
  • Köhnə oyuncaqlar, paltarlar, ayaqqabılar, qab-qaşıq, nə desən, bu evdə tapa bilərsən
    Köhnə oyuncaqlar, paltarlar, ayaqqabılar, qab-qaşıq, nə desən, bu evdə tapa bilərsən
    © Photo : Irade Celil
  • Evinin kirayəsini güclə ödəyən yaşlı qadın nəvələrinin ac qalmaması üçün hamıya ağız açdığını deyir
    Evinin kirayəsini güclə ödəyən yaşlı qadın nəvələrinin ac qalmaması üçün hamıya ağız açdığını deyir
    © Photo : Irade Celil
  • Hər gün evdən bir yaxşı insana rəst gəlmək, bir yaxşı iş tapmaq ümidilə çıxır
    Hər gün evdən bir yaxşı insana rəst gəlmək, bir yaxşı iş tapmaq ümidilə çıxır
    © Photo : Irade Celil
1 / 5
© Photo : Irade Celil
Nailə xala, qızı və iki nəvəsi ilə Bakıxanovda kirayədə yaşayır

Hər gün evdən çıxanda Allaha pənah aparır: "Bəlkə bir yaxşı insan, bəlkə bir yaxşı iş çıxar deyə ümidlə çıxıram evdən. Axşamları isə zibillikdən yığdığım yeməklər və əşyalarla qayıdıram evə".

Nailə xalanın 6 övladı var. Amma deyir ki, hərəsi özünün ailəsini güclə dolandırır. Heç birinə ağız açmaq istəmir yaşlı qadın: "Qızım boşanıb gəlib, deyir, yenidən ailə qurmaq istəyir. Gəzmir heç kimlə, çünki qanımızda yoxdur. Biz təmiz ailəyik. Bəlkə gəzsəydi, uşaqlarını da yaxşı saxlaya bilərdi. Amma təmizdir".

Nailə xala deyir ki, qızı bir neçə dəfə işə düzəlsə də, 5-6 gün sonra işdən çıxıb oturur evdə: "Soruşuram, ay bala, niyə çıxıb gəldin? Deyir "ay ana, müdir mənə başqa cür baxır. Mən, kiminsə sevgilisi olmaq istəmirəm".

Nailə xalanın kirayə qaldığı ev də zibillikdən yığıb gətirdiyi əşyalarla doludur. Köhnə oyuncaqlar, paltarlar, ayaqqabılar, qab-qaşıq, nə desən, bu evdə tapa bilərsən. Zibilliklərdən yığdığı bütün əşyaları evə gətirir, yuyub təmizləyir, sonra sataraq pulu ilə iki nəvəsini böyüdür.

Yaşlı qadın qızını erkən evləndirdiyi üçün də peşmançılıq hiss yaşayır: "Qızımı ərə verəndə düşünürdüm ki, xoşbəxt olacaq. Amma kişinin Rusiyada da arvadı var imiş. Ona baxırdı, mənim qızıma baxmırdı. Qızım indi də deyir ki, gəlib uşaqlarına sahib çıxsa, mən onunla barışaram. Amma kişinin vecinə də deyil uşaqları… Keçənə güzəş edərlər" deyib. Bu barədə çox danışmaq istəmir".

"Bayramda səni kimsə təbrik edəcəkmi?"- sualına — "Kimim var ki?" Deyə cavab verir yaşlı qadın. Gözlərindəki kədər, əllərinin qabarı keşməkeşli həyatından xəbər verirdi Nailə xalanın. Yol çəkən gözləri deyir ki: "Ümidim yox bir adama, Tanrı çatacaq dadıma"…

Sağollaşıb ayrılıram, uşaq kimi qaçır dalımca "qızım, başına dönüm, qurban olum məni atma, məni unutma. Get, insanlara mənim var olduğumu de. Bəlkə bir iş, bir parça çörək verən ola bizə".

Mən uzaqlaşıram, o isə kədərli gözlərlə arxamca baxır. Yol boyu zibilliklərdən yığıb evinə gətirdiyi əşyaların qoxusunu hiss edirəm. Səfalətin qoxusunu…

Əlaqədar

Hamilə qadınlar buna qarşı mütləq müayinədən keçəcəklər
Əlli yaşlı qadın intihar edib
Bakıda başına dəmir parçası düşən qadın öldü
Gəncə şəhərində qadın yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib
Teqlər:
səfalət, pul, kasıblıq, qadın

Əsas mövzular