BAKI, 13 iyun — Sputnik. Avropa Oyunlarıda Azərbaycan növbəti bürünc medal qazanmaq şansını itirib.
Yunan-roma güləşçisi Orxan Nuriyev 98 kq çəkidə 3-cü yer uğrunda mübarizədə türk Cenk İldemə məğlub olub.
20 yaşlı idmançı təsnifat mərhələsində Teodoros Tounosidislə (İsveç) qarşılaşıb. O, təcrübəli rəqibi qarşısında 0:1 hesabı ilə geri düşsə də, yekunda layiqli qələbə qazanıb — 3:1.
Orxan 1/8 finalda litvalı Vilius Laurinaitislə güləşib. Nuriyev bu rəqibə də yerini göstərib — 9:1. Gənc idmançımız 1/4 finalda rusiyalı İslam Maqomedovla mübarizə aparıb. Təəssüf ki, o, təcrübəli rəqiblə qarşılaşmadan məğlub ayrılıb — 1:3.
Lakin Nuriyevə qalib gələn Maqomedov finala yüksəldiyindən, pəhləvanımız təsəlliverici görüşə qatılıb. Bu mərhələdə Ardo Arusaarla qarşılaşan həmyerlimiz 2:0 hesabı ilə qələbə qazanaraq, bürünc medal uğrunda yarışmaq hüququ qazanıb.