08:56 28 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR1.9932
  • RUB0.0234
AZƏRBAYCAN
Qısa URL
4613 0 0

Şahbulaq qalası yenidən qurulacaq. Abidənin tarixi görkəmi qorunmaq şərti ilə tariximiz bərpa ediləcək. Bununla bağlı Sputnik Azərbaycan-ın müxbiri Emin Əlisahib tarixçi Fəqani Səfərovla söhbətləşib.

BAKI, 13 iyun — Sputnik. XVIII əsrə aid Şahbulaq qalası Qarabağ ərazisindəki ən məşhur abidələrdəndir. Ermənilər Ağdamı işğal etdikdən sonra bir sıra abidələrimiz kimi, Ağdam şəhərinin 10 kilometrliyində, Şahbulaq kəndi yaxınlığındakı eyniadlı qalanı özününküləşdirməyə çalışıblar. Qalanın yaxınlığında olan məscidi isə kilsə kimi təqdim ediblər. Mayın 28-də Prezident İlham Əliyev Şahbulaq qalasında olarkən dövlət başçısına abidənin yenidənqurma planı təqdim edilib.

Tarixçi Fəqani Səfərov Sputnik Azərbaycan-a deyir ki, Azərbaycan dövlətçilik tarixində özünəməxsus yeri olan Qarabağ xanlığının başçısı Pənahəli xan siyasi və inzibati mərkəz olaraq bir neçə yeri seçmişdir ki, bunlardan biri də Şahbulaq qalasıdır. “Tarixdən də məlum olduğu kimi, Qarabağ xanlığı yaranarkən ilk siyasi mərkəzi Bayat qalası olub. Düzən yerdə və iqlimi isti olduğundan, eyni zamanda düşmənlərdən müdafiəsi uyğun olmadığı üçün ikinci bir qalanın, Şahbulaq qalasının burada əsası qoyulub. Qala orta əsr, feodal qəsrinə uyğun şəkildə tikilmiş bir iç və bir çöl qəsrdən ibarətdir. Qala, adından da göründüyü kimi, Şahbulaq bulağının üzərində tikilib. 1751-1752-ci illərdə Qarabağ xanı Pənahəli xan siyasi və inzibati mərkəz kimi bu qalanı inşa etdirib. Pənahəli xan bu qalanı tikdirdikdən sonra öz elatını, obasını bu əraziyə köçürüb və xanlığın siyasi mərkəzinə çevirib”.

© Sputnik / Emin Alisahib
Ağdamda Şahbulaq qalası

Müsahibimiz deyir ki, 1756-1757-ci illərə kimi Şahbulaq qalası Pənahəli xanın siyasi mərkəzi olub. “Pənahəli xan hərbi-strateji baxımdan növbəti dəfə Şuşa qalasını seçib. Ancaq ona qədər Pənahəli xan burada yaşayıb. Burada hamamlar, məscidlər, bazar və yaşayış binaları tikilib, istifadəyə verilib. Sonrakı mərhələdə, 1756-1757-ci illərdə Qarabağ xanlığı siyasi mərkəz olaraq Şuşanı seçib və Şuşada qala tikdirib. Şahbulaq qalası isə Qarabağ xanlığının dönəmində gözətçi qalası funksiyasını həyata keçirib. Yəni qoşunların bir hissəsi burada məskunlaşıb. O dövrdə mürəkkəb siyasi vəziyyət olduğundan, xanlıqlar arası müharibələr getdiyindən, bir-birinə tez-tez hücumları olurdu. Ona görə də Şuşa qalası inşa edildikdən sonra Şahbulaq qalası gözətçi qala funksiyasını yerinə yetirib”.

© Sputnik / Emin Alisahib
Ağdamda Şahbulaq qalası

Müsahibimiz deyir ki, ermənilər bu ərazidə də xəyali izlərini qoymağa çalışıblar. “Ermənilərin tarixi xəyaldan ibarətdir. Şahbulaq qalası ətrafında da özlərinin mifik çarlığı hesab etdiyi Tiqran və onun adına guya burada Tiqranakert şəhərinin olduğunu sübut etməyə çalışıblar. O səbəbdən də ermənilər bu ərazidə qazıntı işləri aparıb, müxtəlif ölkələrdən buraya arxeoloqlar dəvət etməklə burada guya erməni izlərinin olduğunu sübut etməyə çalışıblar. Ancaq tarixdən də bizə məlumdur ki, Qarabağ ərazisi qədim türklərin məskunlaşdığı yerdir. Hələ eramızdan əvvəl 3-cü minillikdə burada türk etnoslarının məskunlaşdığı tarixi faktlarla öz əksini tapıb. Tunc dövründə burada yaşayış məskənlərimiz olub. Türklərə aid burada izlər olub. Tapıntılar nəticəsində türk xalqlarına məxsus izlər, faktlar aşkarlanıb”.

© Sputnik / Emin Alisahib
Ağdamda Şahbulaq qalası

Tarixçi Fəqani Səfərov deyir ki, Ağdam şəhəri müasir və Avropa ölkələrinə örnək olacaq şəhər kimi yenidən bərpa olunacaq. Amma bütün bunlar Azərbaycan tarixini özündə əks etdirən abidələrimizin qorunub saxlanılması şərti ilə həyata keçiriləcək. Çünki tarix keçmişdir. Bu keçmişi isə heç bir saxtalıq dəyişdirə bilməz. Ağdamdakı Şahbulaq qalası  bizim dədə-babalarımızın bu ərazidə yaşadıqlarının və bu yerlərin azərbaycanlılara məxsus olduğunun sübutudur. Tariximiz qorunub saxlanılmalı və bizdən sonra gələcək nəsillərə ötürülməlidir.

Eləcə də oxuyun:

  • Azərbaycan 15 nəfəri Ermənistana təhvil verdi

  • Milli Xalça Muzeyinin Şuşa filialının müdiri kim oldu?

  • Ağdamda hər şey öz yerində, amma fərqli olacaq - FOTO

Teqlər:
Ağdam, Şahbulaq qalası, bərpa, tarixçi

Əsas mövzular