Dünya liderləri İlham Əliyevi təbrik etdi

© Official website of President of Azerbaijan RepublicИльхам Алиев, фото из архива
Ильхам Алиев, фото из архива - Sputnik Azərbaycan, 1920, 24.05.2021
Abunə olmaq
"28 May - Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına şəxsən öz adımdan və həmvətənlərim adından səmimi təbriklərimi çatdırıram".

BAKI, 24 may — Sputnik. Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Sputnik Azərbaycan xəbər verir ki, məktubda deyilir:

"Cənab Prezident.

28 May - Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına şəxsən öz adımdan və həmvətənlərim adından səmimi təbriklərimi çatdırıram.

Biz son 29 ildə hökumətlərimiz və xalqlarımız arasında münasibətlərimizi daim genişləndirmiş və inkişaf etdirmişik. Ümid edirəm ki, biz qarşılıqlı anlaşmanı və etimadı daha da gücləndirməyə nail olacağıq. Bizi, həmçinin dünyada COVID-19 pandemiyasına qarşı mübarizədə birgə səylərimiz birləşdirir. Ötən il baş vermiş hərbi toqquşmalardan sonra Qarabağ bölgəsindəki münaqişənin davamlı həlli istiqamətində siyasi və diplomatik irəliləyişlərin olacağına ümid edirəm. Əmin ola bilərsiniz ki, Almaniya Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Minsk qrupunun üzvü kimi bunun üçün əlindən gələni əsirgəməyəcək.

Ümidvaram ki, ölkənizlə hərtərəfli münasibətlərimiz imkan yaranan kimi keçiriləcək yeni şəxsi görüşlər və səfərlər vasitəsilə davam etdiriləcək.

Sizə ən xoş arzularımı çatdırır, xalqınıza sülh, azadlıq və rifah dolu gələcək arzulayıram".

İndoneziya Respublikasının Prezidenti Coko Vidodo Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub göndərib.

Mətndə deyilir:

"Zati-aliləri,

28 May - Respublika Günü münasibətilə Sizi və Azərbaycan xalqını səmimi qəlbdən təbrik edir, Zati-alinizə cansağlığı və xoşbəxtlik, eləcə də xalqınıza davamlı tərəqqi, firavanlıq diləyir, ən xoş arzularımı çatdırıram.

Ümidvaram ki, İndoneziya və Azərbaycan arasında mövcud olan dostluq münasibətləri xalqlarımızın və ölkələrimizin rifahı naminə davamlı inkişaf edəcək.

Zati-aliləri, xahiş edirəm ən yüksək ehtiramımı, Sizə möhkəm cansağlığı və rifah arzularımı qəbul edin".

Sinqapur Respublikasının Prezidenti Həlimə Yaqub da Prezident İlham Əliyevi təbrik edib:

"Zati-aliləri,

Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sinqapur xalqı adından ölkənizə və xalqınıza ən səmimi təbriklərimi, habelə davamlı sülh, xoşbəxtlik və rifah diləyir, ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.

COVID-19 pandemiyasına qarşı mübarizədə birgə səylərimizi davam etdirdiyimiz bir dövrdə Sinqapur insanların həyatının, yaşayışının qorunması və pandemiyanın təsirinin azaldılması üçün bundan sonra da beynəlxalq ictimaiyyətlə sıx əməkdaşlıq edəcək".

Mərakeşin Kralı VI Məhəmməd Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub göndərib:

"Zati-aliləri, əziz qardaşım.

Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Zati-alinizə şəxsən öz adımdan və Mərakeş xalqı adından ən səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram. Sizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına isə davamlı tərəqqi və firavanlıq arzulayıram.

Fürsətdən istifadə edərək, bildirirəm ki, ölkələrimiz arasında uzunmüddətli, səmimi münasibətlərə böyük önəm verirəm və bütün sahələrdə əlaqələrimizin daha da genişləndirilməsi istiqamətində Sizinlə birgə çalışmağa davam edəcəyəm".

Kolumbiya Respublikasının Prezidenti İvan Duke Markes də təbrik edənlər sırasındadır. Mətndə deyilir:

"Zati-aliləri cənab Prezident.

Azərbaycan Respublikasının milli bayramı - 28 May – Respublika Günü münasibətilə Kolumbiya xalqı və hökuməti adından Zati-alinizə ən səmimi təbriklərimi çatdırmaqdan şərəf duyuram.

Mən 1918-ci ildə Azərbaycan Milli Şurası tərəfindən müstəqilliyin elan edilməsinin və Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının qeyd olunduğu bu tarixi günlərdə Zati-alinizə bildirmək istəyirəm ki, Kolumbiya hökuməti xüsusilə turizm, mədəniyyət, təhsil sahələrində əməkdaşlıq etməklə, həmçinin siyasi və iqtisadi əlaqələrimizi möhkəmləndirməklə Azərbaycanla olan münasibətlərini daha da inkişaf etdirmək niyyətindədir.

Ölkələrimiz arasında indiyə qədər keçirilmiş yüksək səviyyəli görüşlər, həmçinin vaxtaşırı aparılan siyasi məsləhətləşmələr zamanı ikitərəfli əlaqələrin yaxşılaşdırılması və xalqlarımızın rifahının daha da artırılması üçün səylərimizi, qarşılıqlı maraqlar çərçivəsində birgə işləmək barədə ümumi mövqeyimizi əks etdirən davamlı siyasi dialoqu vurğulamaq istəyirəm.

Hazırkı qlobal səhiyyə böhranı bir çox sahələrdə, xüsusilə də COVID-19 virusuna qarşı peyvəndə şəffaf əlçatanlığın təmin edilməsində, eləcə də pandemiya ilə mübarizədə elmi və texnoloji əməkdaşlığı, təcrübə mübadiləsini təşviq edən təşəbbüslərdə əl-ələ verib birgə işləmək üçün imkan yaradır.

Bu xoş fürsətdən istifadə edərək, Zati-alinizə yüksək hörmət və ehtiramımı bildirir, Azərbaycan xalqına isə sülh və tərəqqi arzulayıram".

Koreya Respublikasının Prezidenti Mun Ce-in Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub göndərib.

Məktubda bildirilir:

"Zati-aliləri,

Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizi və xalqınızı səmimi qəlbdən təbrik edirəm.

Ümidvaram ki, ölkələrimiz arasındakı münasibətlər gələcək illərdə daha da güclənəcək, xalqlarımızın dostluğu və əməkdaşlığı daha da dərinləşəcək.

Zati-alinizə möhkəm cansağlığı və bütün işlərinizdə davamlı uğurlar, Azərbaycan xalqına firavanlıq arzu edirəm".

İsveçin Kralı XVI Karl Qustav Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub göndərib.

Məktubda bildirilir:

"Hörmətli cənab Prezident.

Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Zati-alinizə ən xoş təbriklərimi çatdırır, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, Azərbaycan xalqına isə firavanlıq arzu edirəm".

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubda deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizə və qardaş Azərbaycan xalqına səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan çox məmnunam.

Biz Azərbaycanı qədim və zəngin mədəni irsə malik olan ölkə, Sizin hərtərəfli düşünülmüş və uzaqgörən siyasətiniz sayəsində bütün sahələrdə sürətli tərəqqiyə nail olmuş, öz milli maraqlarının səmərəli müdafiəsində və tarixi ədalətin bərpa edilməsində böyük uğurlar qazanmış dövlət hesab edirik, bundan sonra da sizi hərtərəfli dəstəkləməyə hazır olduğumuzu bildiririk.

Tam əminəm ki, bizim qardaş xalqlarımız arasında qarşılıqlı hörmət və etimad prinsiplərinə əsaslanan çoxəsrlik dostluq və strateji tərəfdaşlıq telləri birgə səylərimiz və yüksək səviyyədə səmərəli dialoq sayəsində daha da möhkəmlənəcək və bütün prioritet istiqamətlərdə tamamilə yeni səviyyəyə yüksələcək.

Hörmətli İlham Heydər oğlu, fürsətdən istifadə edib Sizə möhkəm cansağlığı, tükənməz enerji, ailə səadəti, məsuliyyətli dövləti fəaliyyətinizdə böyük uğurlar, dost Azərbaycan xalqına isə sülh, firavanlıq və davamlı inkişaf arzulayıram".

Xəbər lenti
0