07:55 13 May 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0681
  • RUB0.0230
AZƏRBAYCAN
Qısa URL
2410

Məmmədli: "Uzun müddət işğal altında qalmış torpaqlarımızın ermənilər tərəfindən vandalizmə məruz qalması, şəhərlərin viran qoyulması nədənsə Baydenin diqqətini cəlb etməyib".

BAKI, 27 aprel - Sputnik. "ABŞ Prezidenti Cozef Baydenin 1915-ci ildə baş vermiş hadisələri “erməni soyqırımı” kimi qiymətləndirməsi heç də ürək açan olmayan Türkiyə-ABŞ münasibətlərinə ciddi zərbə vurmuş oldu". Milli Məclisin deputatı Müşfiq Məmmədli bu fikirdədir.

Millət vəkilinin fikrincə, beynəlxalq münasibətlər sistemində ikili standartlar siyasətini yürüdən ABŞ, tarixçilərin üzərinə düşən məsələni prezident səviyyəsində bəyanat verməklə qərəzli mövqeyini açıq şəkildə ortaya qoymuş oldu: "Əlbəttə, bir prezidentin sözü ilə bir millət soyqırımçı ola bilməz və bu açıqlamanın tarixi baxımdan, nə də ki siyasi baxımdan heç bir dəyəri, sübutu yoxdur. Dəfələrlə Türkiyə dövlətinin müraciətlərinə baxmayaraq arxivlərin açılması, tarixi həqiqətlərin üzə çıxması prosesi məhz elə erməni havadarları olan dövlətlər tərəfindən cavabsız qalıb".

Məmmədli qeyd edib ki, tarixi təhrif edərək təbliğat maşını yalan istehsal edən erməni diasporasını razı salmaq, ona sırınmaq istəyən Baydenin, heç də uzaq keçmiş olmayan Xocalı soyqırımına biganə qalması, göz yumması ədalət prinsiplərini ayaqlamaq deməkdir.

"30 il müddətində ATƏT-in Mİnsk qrupu çərçivəsində Ermənistanla Azərbaycan arasında olan münaqişənin həlli yolunda bir addım atmayan, əksinə, ermənipərəst mövqe ortaya qoyan ABŞ hansı haqq-ədalətdən danışa bilər? Uzun müddət işğal altında qalmış torpaqlarımızın ermənilər tərəfindən vandalizmə məruz qalması, şəhərlərin viran qoyulması nədənsə Baydenin diqqətini cəlb etməyib. Özünü demokratiyanın beşiyi adlandıran ABŞ bilməlidir ki, “Bir millət, iki dövlət” şüarını özünə əsas seçən Türkiyə və Azərbaycana yönəlmiş saxta siyasətin sonu iflasa məhkumdur. Cənab prezident İlham Əliyev və qardaş Türkiyə dövlətinin prezidenti Rəcəb Tayyib Ərdoğan regionda sülhün təminatçısıdır. ABŞ-ın görülən işlərə kölgə salmaq, yenidən bölgəyə barıt atmaq planı isə baş tutmayacaq" - deputat bəyan edib.

Əsas mövzular