15:50 18 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0222
  • EUR2.0331
AZƏRBAYCAN
Qısa URL
247011

"Pesaxda süfrələrdə mütləq acı otlar, yumurta və şərablar olur. Bu səkkiz gün ərzində bizim süfrəmizdə balığa və şirniyyatlara rast gəlmək qeyri-mümkündür" - Qırmızı Qəsəbənin icra nümayəndəsi.

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 4 aprel — Sputnik. Azərbaycanda yaşayan azsaylı xalqlar öz adət-ənənələrini yaşatmaqda davam edirlər. Tolerant və multikultural dəyərlərin üstün olduğu ölkəmizdə həmin xalqlar öz milli bayramlarını yüksək səviyyədə qeyd edirlər. Qubanın "Qırmızı qəsəbə" adlanan ərazisində yerləşən dağ yəhudiləri bu günlərdə öz millli bayramları olan "Pesax"ı nı qeyd edir. Dağ yəhudilərinin dini görüşlərində yəhudi bayramlarının qeyd olunması xüsusi əhəmiyyət kəsb edir.

Pesax bayramının tarixi isə çox qədimlərə gedir. Bu bayram Musa peyğəmbərin adı ilə bağlıdır. Rəvayətə görə, müqəddəs Tuva vadisində Musa peyğəmbərlə Allahın söhbəti baş tutur.

Burada Allah Musaya buyurur:

"Ey Musa, mən sənin rəbbinəm və səni peyğəmbər seçdim. Mənə ibadət et və məni anlamaq üçün namaz qıl! Qardaşın Harun ilə birgə Fironun yanına get və ondan Allahın adına İsrail xalqını sərbəst buraxmasını və onlara əziyyət verməməsini söylə".

Musa peyğəmbər qardaşı ilə birgə Fironun yanına gedir və Allahın ona dediklərini deyir. Firon isə heç bir sözə məhəl qoymayaraq yəhudilərin Misir ərazisindən çıxmasına heç vaxt icazə verməyəcəyini bildirir. Ancaq Musa peyğəmbər və qardaşı yəhudi xalqını Misirdən çıxarmaq qərarına gəlirlər. Yollarının uzun, vaxtlarınını isə az olduğunu nəzərə alaraq mayasız çörək, yəni Matsa hazırlayırlar. Məhz Pesax bayramında yəhudi ailələrinin süfrələrini həmin mayasız çörək olan "Matsa" bəzəyir.

Musa peyğəmbər və yəhudi xalqı Misirdən çıxarkən Fironun ordusu onları təqib edir. Yəhudilər biraz getdikdən sonra qarşılarına Qırmızı dəniz çıxır. Peyğəmbərə vəhy gəlir və əsa ilə dənizə vurur. Bu anda dəniz iki yerə ayrılır. Musa peyğəmbər və yəhudi xalqı dənizi keçir, fironun ordusu isə sulara qərq olur.

Beləliklə, Pesax yəhudilərin Misir fironunun əsarətindən azad olması ilə bağlı qeyd olunan bayramdır. Bu bayramı bütün yəhudilər kimi dağ yəhudiləri də səbrsizliklə gözləyir və qeyd edirlər.

Qubada yerləşən dağ yəhudilərinin bu bayramı necə qeyd etdikləri barədə Sputnik Azərbaycan-a Quba RİH-nin Qırmızı Qəsəbənin icra nümayəndəsi Telman Muxailov danışıb.

O, Pesax bayramının martın 27-də başlayıb aprelin 4-də başa çatdığını deyib:

"Bayramın keçirildiyi gün ərzində yalnız Matsa (mayasız çörək) yeməyə icazə verilir. Matsa ilk öncə yeni qurulmuş təndirdə bişməlidir. Onu hazırlamaq üçün buğdanı yağış suyu dəyməyən xırmandan alıb onu yeni qabda əkirlər. Bayrama 30 gün qalmış sağlam buğdalar seçilib dəyirmanda üyüdülür və yeni təndirdə bişirilir. Mütləq şəkildə Matsa çörəyi təzə bıçaqla kəsilməlidir. Bu da bayramda ən əsas faktor sayılır".

Mixailovun dediyinə görə, bu bayramda köhnə qablar yeniləri ilə əvəzlənir. Bayrama qədər evlər, küçələr yuyulub təmizlənir.

"Pesaxda süfrələrdə mütləq acı otlar, yumurta və şərablar olur. Bu səkkiz gün ərzində bizim süfrəmizdə balığa və şirniyyatlara rast gəlmək qeyri-mümkündür", - həmsöhbətimiz deyib.

O qeyd edib ki, yəhudi ailə başçıları bu müqəddəs günlərdə süfrə başında bayramın tarixi haqqında övladlarına danışır, onlara öz məsləhətlərini verirlər. Daha sonra dualar oxunur və şərablar içilir.

Onu da qeyd edək ki, pandemiya başlayana qədər bayram günlərində yəhudi xalqı sinaqoqa gedər, çoxlu dualar edərdilər. Lakin ikinci ildir ki, insanlar pandemiya səbəbindən dualarını ancaq evdə edir, bir-birləri ilə bayramlaşa bilmirlər.

Əsas mövzular