06:05 16 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0223
  • EUR2.0357
AZƏRBAYCAN
Qısa URL
23 0 0

"Ermənistan rəhbərliyinin davranışı, təxribat xarakterli çıxışları, addımları bizi və deyə bilərəm ki, beynəlxalq ictimaiyyəti əmin etmişdir ki, bu müharibənin sülh yolu ilə həlli mümkün deyil".

BAKI, 25 fevral — Sputnik. "İkinci Qarabağ müharibəsində 3 minə yaxın şəhidimiz olub. Mən, o cümlədən bunların arasında mülki vətəndaşları da nəzərdə tuturam. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Allah sizə, onların yaxınlarına səbir versin. Şəhidlərimizin ruhu qarşısında baş əyirik. Bildirməliyəm ki, şəhidlərimizin qanı yerdə qalmayıb. Biz Birinci Qarabağ müharibəsinin şəhidlərinin, İkinci Qarabağ müharibəsinin şəhidlərinin qanını aldıq. Düşməndən intiqamımızı aldıq, ərazi bütövlüyümüzü bərpa etdik və şəhidlərimizin əziz xatirəsini qəlbimizdə əbədi yaşadacağıq".

İlham Əliyev Bakının Ramana qəsəbəsində mənzillərin təqdim olunması mərasimində
© Official website of President of Azerbaijan Republic

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Ramana qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması mərasimində çıxışı zamanı deyib.

Prezident qeyd edib ki, Birinci Qarabağ müharibəsində 12 mindən çox şəhidimiz olu, 4 minə yaxın hərbçimiz itkin düşüb, təqribən 16 min itkimiz olub və torpaqlarımız işğal altına düşüb: "İkinci Qarabağ müharibəsində şəhidlərimizin sayı müharibənin miqyasına görə həddindən artıq azdır. Əlbəttə, hər bir şəhidimizin xatirəsi bizim üçün əzizdir. Hər bir insanın həyatı qiymətsizdir. Ancaq nəzərə alsaq ki, genişmiqyaslı müharibə aparılıb və ilk günlərdən əks-hücum əməliyyatı, əslində, hücum əməliyyatına çevrilmişdir. Ermənilərin otuz il ərzində qurduqları istehkamları, 5-6 xətt müdafiə istehkamlarını və o bölgənin relyefini nəzərə alsaq, tam qətiyyətlə deyə bilərik ki, biz istədiyimizə az itkilərlə nail olduq. Hətta dünyanın aparıcı ölkələrinin hərbi ekspertləri təəccüb edirlər ki, biz torpaqlarımızı işğalçılardan belə az itkilərlə azad etdik. Nəyə görə? Çünki bütün əməliyyatlar planlaşdırılanda ən vacib amillərdən biri itkilərin az olması idi. Hər gün əməliyyat planını təsdiq edərkən o amil ön planda idi.

Müharibə itkisiz olmur. Bizim müharibəmiz azadlıq müharibəsi idi, ədalətli müharibə idi. Ermənistan işğalçılıq müharibəsi aparırdı. Haqq-ədalət bizim tərəfimizdədir. Ona görə bizim hərbçilərimiz şəhidlik zirvəsinə ucalaraq Vətən qarşısında öz vətəndaşlıq borcunu şərəflə yerinə yetirmişlər. Minlərlə hərbçimiz yüksək dövlət orden və medalları ilə təltif edilmişdir. Onların qəhrəmanlığı, şücaəti, fədakarlığı hər bir azərbaycanlı üçün örnək olmalıdır, gənc nəsil üçün örnək olmalıdır və olacaq".

"Biz ədaləti bərpa etdik, otuz il ərzində işğal altında olan torpaqları qaytardıq və dövlətimizin, xalqımızın gücünü göstərdik. Müharibənin ilk günündən üstünlük bizim tərəfimizdə idi. Düşmən demək olar ki, panikaya, isterikaya qapılmışdı. Ermənistan ordusunda onların özlərinin etirafına görə 10 mindən çox fərari olmuşdur. İndi Ermənistan dövləti bilmir ki, bu fərariləri necə mühakimə etsin. Çünki bu da böyük problemlərə gətirib çıxara bilər. Azərbaycan Ordusunda bir nəfər də fərari olmamışdır. Halbuki Birinci Qarabağ müharibəsində fərarilər olub.

Birinci Qarabağ müharibəsində bizim qəhrəman övladlarımız şücaət göstərmişdilər. Ancaq o vaxt Azərbaycanın başında olan insanlar lazımi tədbirlər görə bilməmişdilər. Xüsusilə AXC-Müsavat cütlüyünün dövründə Şuşanın, Laçının, Kəlbəcərin düşmənə verilməsi böyük xəyanət idi və faktiki olaraq müharibənin sonrakı gedişatını şərtləndirdi. Çünki Ermənistanla Dağlıq Qarabağ arasında coğrafi bağlantı yaradılmışdır və ondan sonra digər torpaqların işğalı üçün ermənilərin çox böyük üstünlüyü yaranmışdır.

O vaxt faktiki olaraq bizim bölgələrimizin müdafiəsi demək olar ki, özünümüdafiə qüvvələrinin öhdəsinə buraxılmışdı. Nizami ordu yox idi. Hətta insanları Kəlbəcərdən, Laçından çıxarmaq üçün lazımi tədbirlər görülməmişdi, ona görə də, əhali arasında böyük itkilər olmuşdu. Sabah Xocalı soyqırımının 29-cu ildönümüdür. Xocalı soyqırımı insanlığa qarşı törədilmiş cinayətdir. Bu cinayəti Ermənistan dövləti törədib. Xocalı qurbanlarının da qanı İkinci Qarabağ müharibəsində alındı", - dövlət başçısı deyib.

O vurğulayıb ki, biz bütün bu illər ərzində müharibəyə hazırlaşır və bunu heç gizlətmirdik: "Çünki bizim torpaqlarımız işğal altında idi və biz görürdük ki, bu məsələnin sülh yolu ilə həlli mümkün deyil. Artıq son illər ərzində buna tam əmin idik. Ermənistan rəhbərliyinin davranışı, təxribat xarakterli çıxışları, addımları bizi və deyə bilərəm ki, beynəlxalq ictimaiyyəti əmin etmişdir ki, bu müharibənin sülh yolu ilə həlli mümkün deyil. Halbuki bu məsələ ilə məşğul olan Minsk qrupuna həmsədrlik edən ölkələrin yüksəkvəzifəli rəsmi nümayəndələri daim təkrarlayırdılar ki, münaqişənin hərbi həlli yoxdur. Amma biz görürdük ki, münaqişənin sülh yolu ilə həlli yoxdur. Çünki əks-təqdirdə 30 il ərzində bu məsələ həll olunardı. Deməli, buna maraq yoxdur, yaxud da ki, belə nə hərb, nə sülh vəziyyəti kimisə qane edirdi. Kimisə qane edirdi ki, Azərbaycan xalqı 30 il ərzində belə vəziyyətdə yaşasın. Kimisə qane edirdi ki, bizim torpaqlarımız işğal altındadır və sanki Azərbaycana bu, müəyyən təzyiq mexanizmi kimi qəbul edilirdi. Bizi inandırmağa çalışırdılar ki, indi reallıq yaranıb, 30 il ərzində bu reallıq mövcuddur və Azərbaycan bu reallıqla barışmalıdır. 

İlham Əliyev Bakının Ramana qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması mərasimində
© Official website of President of Azerbaijan Republic
Mən isə deyirdim ki, heç vaxt biz bu vəziyyətlə barışmayacağıq. Mən deyirdim, heç vaxt imkan verməyəcəyik ki, bizim torpağımızda ikinci qondarma erməni dövləti yaradılsın və imkan vermədik. Bütün gücümüzü səfərbər etdik, bir çox illər ərzində ardıcıl siyasət apardıq, həm beynəlxalq müstəvidə, həm iqtisadi sahədə, həm qonşu ölkələrlə münasibətlərdə, regional layihələrin icrasında və əlbəttə ki, ordu quruculuğunun təkmilləşdirilməsi üçün böyük işlər gördük. Eyni zamanda, gənc, vətənpərvər, Vətəni hər şeydən çox sevən nəsil yetişdi. Bax, bu nəsil torpaqlarımızı azad etdi. Şuşada Cıdır düzündə Azərbaycan xalqına müraciət edərkən demişdim ki, mən 2003-cü ildə hakimiyyətə gələndə bu gün 25-30 yaşında olan insanlar uşaq idi. Biz onları vətənpərvərlik ruhunda, dövlətə sədaqət ruhunda yetişdirdik və onlar bizim torpaqlarımızı işğalçılardan azad etdilər. O cümlədən işğal edilmiş torpaqlarda heç vaxt olmayan, amma əslən o torpaqlardan olan gənclər torpaqları uğrunda aslan kimi vuruşurdular. Bütün Azərbaycan xalqı, Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri bir yumruq kimi birləşərək düşməni məğlub edib və torpaqlarımızı işğaldan azad ediblər. Bu, tarixi hadisədir. Azərbaycan tarixində buna oxşar parlaq qələbə olmamışdır. Azərbaycan bütün dünyaya öz gücünü göstərdi, xalqımızın iradəsini göstərdi. Bir daha bütün dünya gördü ki, əgər iradə varsa, güc varsa, xalq-iqtidar birliyi, əzmkarlıq və cəsarət varsa, haqq-ədalət öz yerini tapır. Biz bunu nümayiş etdirdik".

Teqlər:
münaqişə, sülh, görüş, şəhid ailələri, şəhidlər, müharibə, Azərbaycan, Qarabağ, Prezident İlham Əliyev

Əsas mövzular