01:20 04 Mart 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0547
AZƏRBAYCAN
Qısa URL
1330 0 0

"Xocalı soyqırımını dünyaya tanıtmaq üçün bundan üstün texnologiya yoxdur. Muzeyə gələn qonaqlar Xocalı soyqırımı ilə yanaşı, 20 Yanvar hadisəsini də izləyə biləcəklər. İnsanlar holoqram vasitəsilə 20 Yanvar gecəsini qiyabi yaşayacaqlar"

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 7 fevral — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Bakı şəhərində Vətən müharibəsi memorial kompleksinin və Zəfər muzeyinin yaradılması haqqında" 3 dekabr 2020-ci il tarixli sərəncamına müvafiq olaraq Azərbaycan memarlarının təşəbbüsü ilə "İstiqlal Zirvəsi" layihəsi hazırlanıb.

Layihənin müəllifi Muxtar Ərturan "Zəfər Muzeyi" haqqında Sputnik Azərbaycan-a danışıb: "Bu, iki dövlət, bir millətin layihəsi, türkçülüyün rəmzidir. Bu səbəbdən də təqdim etdiyimiz layihənin adı "İstiqlal Zirvəsi" adlanır. Layihə milli atributlarımızdan olan və Türk dünyası simvollarını əks etdirən aypara və səkkiz guşəli ulduz şəklindədir. Muzey ultramüasir, çoxmərtəbəli bina olmaqla layihələndirilib. Bina paytaxt Bakı şəhərinin ən yüksək yerində nəzərdə tutulub. Şəhidlər xiyabanı, "Əbədi məşəl" və əsas prospektlərdən panoram görüntü açılmaqdadır".

Hazırlanmaqda olan muzeyin dairəvi olmasının səbəbini layihə rəhbəri belə izah edib: "Binanın ətrafında landşaft dizaynı milli memarlıq ornamentlərimizi əks etdirir. Memorial kompleksin Bakı şəhərinin ən yüksək yerində, hər yerdən görünə biləcək məkanda, teleqüllənin qərb istiqamətinə yerləşdirilməsi ehtimal edilir. Landşaftın dairəvi formada olmasının səbəbi gələcəkdə  8 Noyabr Zəfər marşı üçün Hərbi zirehli texnika və insan kütləsinin (parad) bayram etməsi üçün nəzərdə tutulması ilə əlaqədardır".

Layihənin birinci mərtəbəsinin atrium hissəsində, döşəmədən nisbətən hündürdə yerləşən, dairəvi Turan Birliyini əks etdirən gerb Azərbaycanın Bayrağının üçrəngli simvolları ilə əhatə olunur. Bu simvolların üzərində Vətən müharibəsi şəhidlərinin adları göstəriləcək və bu, gələcəkdə şəhidlərimizin müqəddəs anım yeri kimi nəzərdə tutulub. Ərturanın sözlərinə görə, şəhidlərin adları Azərbaycan bayrağı üzərində fosfor tərkibli nano boya ilə yazılacaq ki, bu da öz növbəsində "ULTRA NEON Conspiracy Hologram" işıqlar sayəsində bərq edəcək: "Bu simvolik gerbin üzərində, hündürlüyü 30 metr olan "Stace Performance Hologram" silindr nəzərdə tutulur. Bu silindr daxilində Ulu Öndər Heydər Əliyev, İlham Əliyev, Rəcəp Tayyib Ərdoğanın 7D formatında holloqrafik təsvirləri onların seçmə çıxış nitqləri ilə müşayiət olunacaq və hər epizoddan sonra 7D formatında odlar yurdunun simvolunu əks etdirən, eyni zamanda şəhidlərimizin əbədi xatirəsinə holloqrafik məşəl (BİO) yanacaq. "3D AR Vol Techno" holoqram. 30 metr hündürlüyündə "Əbədi məşəl" dünyanın ən böyük məşəli olacaq".

Binada Ulu Öndər Heydər Əliyev irsinin öyrənilmə mərkəzi fəaliyyət göstərəcək. Bundan başqa, Xocalı soyqırımı 7D sinema muzeyi – 3D formatında zal xüsusi texnologiyalardan sayılan "Mat. Fuse.hololens" texnologiyaları ilə təchiz olunacaq. Həmsöhbətimizin sözlərinə görə, bu zala xüsusi hərəkətli horizontal eskalatorlar vasitəsilə daxil olunacaq: "Hərəkətli eskalatorlar üzərində olan insanlar 1 dəqiqə müddətində bu zaldan keçəcək. Müasir "AR" texnologiyası sayəsində zala daxil olan insanlar Xocalı hadisələrini 1 dəqiqə ərzində canlı olaraq izləyəcək. İnsanlığa qarşı törədilmiş cinayət "REAL TİME" vizual qrafika vasitəsilə izləniləcək. Muzey iştirakçıları sanki o hadisəni canlı yaşayacaqlar. Bu layihə bir yenilik olmaqla həm ölkə vətəndaşları, həm də əsasən xarici turistlər üçün nəzərdə tutulub. Xocalı soyqırımını dünyaya tanıtmaq üçün bundan üstün texnologiya yoxdur. Muzeyə gələn qonaqlar Xocalı soyqırımı ilə yanaşı, 20 Yanvar hadisəsini də izləyə biləcəklər. İnsanlar holoqram vasitəsilə 20 Yanvar gecəsini qiyabi yaşayacaqlar".

7D Sinema Zəfər muzeyi 3D formatda zaldan ibarət olacaq. Həmin zal barəsində danışan layihə rəhbəri bildirir ki, bu zal Milli Qəhrəmanlarımıza və onların göstərdiyi şücaətə həsr edilib: "Son texnoloji yenilik olan 7D Sinema və "Volum.Techno Table Fused hologram" sayılan bu texnoloji yenilik vasitəsilə şəhid olmuş Milli qəhrəmanlarımızın 3D vizual holoqram görüntüləri ilə hər kəs canlı tanış olacaq. Həmçinin xalq öz qəhrəmanlarını yaxından canlı olaraq tanıyacaq və "Real Time" izləyəcək. Bu formatlı layihə dünyada bir yenilikdir. Hər bir Milli Qəhrəmanın 3D formatında tam animasiyalı, hərəkətli görüntüsü yaradılacaq ki, canlı insandan seçilməyəcək dərəcədə real müşahidə ediləcək. Həmçinin xüsusi texnologiya və "Interactive visualization and voice Tablo" vasitəsi ilə Milli Qəhrəman ilə tanış olan hər bir kəs onun haqqında vizual və səsli məlumatlar da alacaqlar".

İstiqlal tariximizi əks etdirən Smart Muzeyi 1918-ci ildən İstiqlalımızın zirvəsi olan, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında erməni faşizmi üzərində tarixi qələbəmizə qədər hadisələri özündə əks etdirən bir muzeydir. Muzey elektron və vizual tablolarla təchiz edilib: ""Smart voice Tablo" hər bir qonağa konkret eksponat barədə sərbəst məlumat verəcək, insansız çalışacaq. Layihədə müstəqillik tariximizi və İstiqlal tariximizi əks etdirən "Smart" kitabxana, səsli və vizual görüntülərlə təchiz olunmuş müasir dünya tələblərini özündə əks etdirə smart rəsm qalereyası nəzərdə tutulub".

"Türk Dövlətlərinin Əməkdaşlıq Şurasının Mərkəzi olacaq. Burada müxtəlif tədbirlərin keçirilməsi üçün konfrans, akt zalları və fərqli təyinatlı otaqlar yerləşəcək. Hərbi Sənaye Muzeyi "Dəmir Yumruq" əməliyyatının Zəfərlə başa çatdırılmasında mühüm rol oynamış hərbi texnikalarımızı və hərbi sənayemizi əks etdirən sərgi zalıdır. Layihədə nəzərdə tutulan 7D Sinema zalları istiqlal mücadiləmizi əks etdirən filmləri nümayiş etdirmək üçün nəzərdə tutulub. Muzey bir dəfəyə 300 nəfərə yaxın adamı qəbul edə bilər," - deyə M.Ərturan əlavə edib.

Müsahibimizin sözlərinə görə, layihənin konsepsiyası artıq hazırdır: "Layihənin özünün hazırlanması üçün 3 ay müddət var. Əgər tikinti intensiv aparılarsa, təxminən 1 il yarıma təhvil vermək olar".

Əsas mövzular