CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Gözünü itirsə də, "vətən uğrunda buna dəyərdi" deyir

© Photo : Courtesy of Elmar İbrahimovElmar İbrahimov
Elmar İbrahimov - Sputnik Azərbaycan
Abunə olmaq
Qazi Elmar İbrahimov: "Döyüşdə heç nə asan olmur, hətta ən yaxşı havada belə döyüş zonasının öz çətinlikləri var. Amma nəticəyə baxanda həqiqətən də görürsən ki, çətinliklərə dözməyə dəyər".

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 2 yanvar — Sputnik. Adətən müsahiblərimizi oxuculara qəhrəmanımız olaraq təqdim edirik, onlara bugünkü söhbətdə bəhs etdiyimiz şəxs olaraq da xitab edə bilərik. Lakin budəfəki həmsöhbətimiz sözün əsl mənasında qəhrəmanımızdır. Müharibəyədək işğal altında olan torpaqlarımızın sadəcə olaraq adını eşidən, özünü dərk edəndən bu torpağa, vətənə borclu olduğunu deyən Elmar İbrahimov II Qarabağ müharibəsindən qazi olaraq ayrılan hərbçilərimizdəndir.

© Photo : Courtesy of Elmar İbrahimovElmar İbrahimov
Gözünü itirsə də, vətən uğrunda buna dəyərdi deyir - Sputnik Azərbaycan
Elmar İbrahimov

Öncə qəhrəmanımızı tanıyaq:

İbrahimov Elmar Sücaət oğlu 1997-ci ildə Lənkəranın Daraquba kəndində doğulub. 2003-2015-ci illərdə Sumqayıt şəhər tam orta məktəbdə təhsil alıb və daha sonra İdman Akademiyasına qəbul olunub. Bu illər ərzində qaydasız döyüş üzrə dünya və Avropa üçüncülüyünə layiq görülüb, 5 dəfə respublika çempionu adına layiq görülüb. O, 2018-ci ildə ali təhsilini donduraraq hərbi xidmətə yollanıb və Goranboy rayonunun N saylı hərbi hissəsində xidmət edib və bu ilin yanvarında geri dönüb. O elə bu il yenidən hərbidə işləmək üçün geri dönüb və sentyabrın 6-dan Tərtər rayonunun N saylı kəşfiyyat taboruna daxil olub.

Ailəsinin 3 övladından biri olan qəhrəmanımız subaydır. Onlar bir müddət öncəyə qədər Sumqayıtda yaşasalar da, ailə şəraitlərinə görə, maddi çətinliklər yarandığından və evlərini satmaq məcburiyyətində qaldıqlarından yenidən Lənkərana geri dönmək məcburiyyətində olublar. Hazırda müalicəsinə görə Bakıda kirayədə qalan qəhrəmanımız Sputnik Azərbaycan-a bir qədər müharibə gündəliyindən danışır:

"Biz döyüşlərdə bütün tabor olaraq birgə vuruşduq, 72 nəfərlik bir heyətlə döyüşə başladıq. Murovdağ zirvəsinə bayrağı da biz sancmışıq. "Qisas" postu, "Mübariz" postunun alınmasında iştirak etmişəm. Eyni zamanda da Tərtər-Zəminli istiqamətindən 25 kilometr ərazidə 20 postun alınmasında vuruşmuşam, Suqovuşan istiqamətində gedən döyüşlərdə fəal iştirak etmişəm. Döyüşdüyüm son əməliyyatda, əməliyyatı yerinə yetirib qayıdan zaman mühasirəyə düşdük, orada düşmənlə atışdıq, vuruşduq, orada xəsarət aldım.

BMP1 adlanan texnikanın qəlpəli mərmiləri mənim sol tərəfimə düşmüşdü. Sonradan qrupun bir üzvi həmin texnikanı qumbaratanla zərərsizləşdirdi və biz alnıaçıq şəkildə döyüş ərazisindən çıxdıq. Bundan sonra çox ağır vəziyyətdə idim. Sentyabrın 30-dan 1-ə keçən gecə yaralanmışdım. Bir də gözümü açdım ki, artıq Bakıda xəstəxanadayam. Sol gözüm və sol qulağımın duyğu hissini itirmişəm. Sol qulağımda 5-10 faiz eşitmə var, sağ gözümdə küt travma var, sağ qulağım isə yaxşıdır".

© Photo : Courtesy of Elmar İbrahimovElmar İbrahimov
Gözünü itirsə də, vətən uğrunda buna dəyərdi deyir - Sputnik Azərbaycan
Elmar İbrahimov
"Həkimlər gözümü yerində saxlaya bilsələr də, göz qapağımda problemlərim var. İşıqdan başqa heç nə seçə bilmədiyimdən həkimlər hələlik görüb-görməyəcəyim haqda tam bir şey deyə bilmirlər. Həkimlərin cüzi də olsa nəsə inancı var. Amma görsəm də olar, görməsəm də. Bu mənim üçün önəm daşımır", - deyə qəhrəmanımız əlavə edir.

23 yaşlı gənc deyir ki, müharibəyə elə gülə-gülə gedib, digər əsgər yoldaşları kimi, heç nədən qorxmadan, ölümün gözünə dik baxaraq: "Müharibə şəraitində böyüyən bir fərd torpaqların alınması üçün vətənə borclu olduğunu bilir. Xocalı faciəsini izləyə-izləyə biz düşmənimizi tanımışıq. Biz nəyə getdiyimizi, ölümlə üz-üzə olduğumuzu bilirdik, amma zərrə qədər də olsa, qorxmurduq, heyətimizə güvənirdik, vahid komandanlığımız var idi. Müharibənin başlamasına sevinirdik ki, torpaqlarımızı azad edəcəyik. Ona görə də bu müharibədə gözümü, qulağımı itirməyin mənim üçün heç bir peşmanlığı yoxdur".

"Ən doğmamı şəhid verdim, döyüş vaxtı da şəhidlərimiz olurdu, amma  biz qisas ruhu ilə daha da qabağa can atırdıq. Döyüşdə heç nə asan olmur, hətta ən yaxşı havada belə döyüş zonasının öz çətinlikləri var. Orada hər anın öz çətinliyi var. Amma nəticəyə baxanda həqiqətən də görürsən ki, çətinliklərə dözməyə dəyər. Bu birlik, həmrəylik üçün hər şeyə dəyərdi. Artıq bütün dünya Azərbaycandan danışır. Rusiya mediasında Şuşa istiqamətində gedən döyüşlərdə Azərbaycan əsgərinin əzmindən danışılırdı ki, yaralı əsgər yenidən dağı qalxır, müharibəni davam etdirir, vuruşurdu. Arzum odur ki, gələcək nəsil bu tarixi qoruyub saxlasın", - deyə qəhrəmanımız əlavə edir.

İgidimiz bu müharibədə bibisi oğlu və digər yaxınını şəhid verib:

"Xəstəxanadan icazə alıb dəfnə getdim, bibim mənlə görüşəndə dedi ki, nə badə ağlayasan. Ona görə də orada göz yaşı tökməyi özümə sığışdırmadım. Həmin o bibim oğlunun atası isə mənə dedi ki, gərək son anacan, qələbəyədək orada qalardınız. O, bunun üçün heyifsilənirdi".
© Photo : Courtesy of Elmar İbrahimovElmar İbrahimov
Gözünü itirsə də, vətən uğrunda buna dəyərdi deyir - Sputnik Azərbaycan
Elmar İbrahimov

İbrahimovun sözlərinə görə, bu gün onlar fəxr edir ki, tarixdə övladlarının da bir payı var: "Elə mənim də bu müharibədə, bu qələbədə az da olsa payımın olmasına çox sevinirəm. Bilirəm ki, az da olsa vətənə borcumu qaytara bildim. Gözümün birini itirsəm də, ömrümün sonunadək yenə də Vətənimizin müdafiəsində durmağa hazıram". 

O da bir çoxları kimi qələbə xəbərini gecə alıb: "Döyüş yoldaşlarım gecə ilə mənə zəng etdilər, təbrik etdilər, dedilər ki, artıq müharibə dayandı, Azərbaycan qalib oldu. Həqiqətən də bu sevinci izah etmək olmur".

Elmar İbrahimov deyir ki, müalicələri dövlət tərəfindən lazımi səviyyədə qarşılanır və müalicələri bitdikdən sonra o yenidən Lənkərana geri dönəcək.

Xəbər lenti
0