Kasıblıq ali təhsil almağa imkan vermədi: 20 yaşlı şəhidin atasından ürək dağlayan sözlər

© AFP 2023 / BULENT KILICАзербайджанские военнослужащие, фото из архива
Азербайджанские военнослужащие, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Kasıb ailənin övladı olması ona ali təhsil almağa da imkan verməyib. Orta məktəbi bitirəndən sonra hərbi xidmətə yollanıb.

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 18 dekabr — Sputnik. Danışa bilmir ana. Sanki itirib bütün düşüncələrini, fikirlərini, hisslərini. Sadəcə oturub, baxır, daha doğrusu göz gəzdirir. Ara-sıra gözlərinin yaşı yanağı boyunca süzülür. Amma hiss etmir, ya da əlini qaldırıb silməyə taqəti yoxdur.

Daha o özünə gəlməz... Çünki həyata bağlayanı, ümidi yoxa çıxıb. Sanki heç olmayıb, sanki heç doğulmayıb.

Bəs bu nə yanğıdır, İlahi?

Sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsində 2783 evə od düşdü. 2873 ailə övladını, böyüyünü, ümidini itirdi.

Bu ailələrdən biri də Xüsusi Təyinatlı MAXE Elnur Rəhimovun ailəsidir.

© Photo : Courtesy of Mammadkarim RahimovElnur Rəhimov
Kasıblıq ali təhsil almağa imkan vermədi: 20 yaşlı şəhidin atasından ürək dağlayan sözlər  - Sputnik Azərbaycan
Elnur Rəhimov

Elnur Qəbələ rayonun Mıxlıqovaq kəndində dünyaya göz açmışdı. Kasıb ailənin övladı idi. Atası ilə meşədən odun qırıb, satıb ailəni dolandırardılar.

Kasıb ailənin övladı olması ona ali təhsil almağa da imkan yaratmamışdı. Orta məktəbi bitirəndən sonra hərbi xidmətə yollanmışdı.

Yanvar ayında hərbi xidmətini bitirdikdən sonra vətənini, torpağını sevdiyi üçün yenidən hərbi xidmətə qayıtmaq istəyib. 2020-ci ilin yay aylarında xidmət kursunu müvəffəqiyyətlə başa vuran Elnur sentyabr ayında yenidən xidmətə qayıdıb və Müdafiə Nazirliyinin Xüsusi Təyinatlılarında xidmətə başlayıb.

Atası Məmmədkərim kişi Elnurdan danışanda, özünü itirir, cümlələri ard-arda gətirə bilmir, susub, yenidən danışmağa başlayırdı.

Ata deyir ki, Elnur çox mədəni, ailəcanlı oğul olub:

"Çox arzuları var idi. Mənimlə birgə kənd təsərrüfatı ilə məşğul olub ailəni dolandırırdıq. Sanki əlim-qolum idi Elnur. Böyüdüyü üçün elə sevinirdim ki. 20 yaşı vardı balamın. Heç ağlımdan da keçmirdi ki, şəhid olar. Məni şəhid atası edər".

Anası Mənsurə xanım susur. Hələ də, inana bilmir ki, övladı yoxdur. Onun yolunu gözləyir.

"Sakit təbiətli mülayim xasiyyətli biri idi. Xidmətə getməmişdən əvvəl qurban kəsib qonşulara paylayıb, demişdi ki, "inşallah, bir gün gələrəm, evlənəndə bütün arzularımı reallaşdırandan sonra bir də qurban kəsərəm". Amma qismət olmadı", - deyə danışan Məmmədkərim kişi Elnurla sonuncu dəfə sentyabrın 25-i danışdığını vurğulayıb.

© Photo : Courtesy of Mammadkarim RahimovElnur Rəhimovun ailəsi
Kasıblıq ali təhsil almağa imkan vermədi: 20 yaşlı şəhidin atasından ürək dağlayan sözlər  - Sputnik Azərbaycan
Elnur Rəhimovun ailəsi

Deyib ki, hər şey qaydasındadır. İki gün sonra döyüşlər başlayır. Və ailənin Elnurla əlaqəsi baş tutmur.

"Arzuları çox idi. İstəyirdi ki, Akademiyaya gedib oxusun, zabit kimi qayıtsın. Ailə həyatı qurmaq, ev tikmək və sair çox idi arzuları. Amma reallaşdıra bilmədi. Ayın 25-dən sonra əlaqə saxlaya bilmədik", - deyə ata danışır.

Məmmədkərim kişi oğlundan bir xəbər ala bilməyincə onu axtarmağa başlayır. Ancaq bir xəbər ala bilmir.

Deyir ki, Elnurun xidmətə başladığı ilk ay idi. Heç birinci əməkhaqqını da ala bilmədi.

Və noyabrın 30-u...

Qəbələ Hərbi Komissarlığından Məmmədkərim kişiyə zəng gəlir və dəvət edilir: "Səhər getdik ora. Dedilər ki, sənə maşın verəcəyik. Daşburuna gedəcəksən. Demədilər oğlun şəhid olub. Mənə təcili yardım maşını vermədilər deyə ümid edirdim ki, yaralıdır. Amma getdim, dedilər ki, şəhid olub. Girdim baxdım gördüm ki, həqiqətən şəhid olub. Elə oradan təcili yardım maşını verdilər".

© Photo : Courtesy of Mammadkarim RahimovElnur Rəhimov
Kasıblıq ali təhsil almağa imkan vermədi: 20 yaşlı şəhidin atasından ürək dağlayan sözlər  - Sputnik Azərbaycan
Elnur Rəhimov

II Qarabağ müharibəsinin 20 yaşlı şəhidi Elnur Rəhimov doğulduğu Mıxlıqovaq kəndinin qəbiristanlığında dəfn edilir.

 

Xəbər lenti
0