CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Prezident su təsərrüfatı qurumlarına qəzəbləndi: "İstəyirsiniz Azərbaycan səhraya dönsün?"

© Official website of President of Azerbaijan Republicİlham Əliyev müşavirədə
İlham Əliyev müşavirədə - Sputnik Azərbaycan
Abunə olmaq
Dövlət başçısından "Azərsu" və Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə xəbərdarlıq: Qüsurlara yol verən, bu məsələyə laqeyd yanaşan bütün vəzifəli şəxslər cəzalandırılmalıdır.

BAKI, 23 iyul - Sputnik. “Azərsu” ilə “Meliorasiya və Su Təsərrüfatı” Səhmdar Cəmiyyəti texniki-iqtisadi əsaslandırma olmadan, havadan götürdükləri rəqəmlərlə dövlət büdcəsindən pul istəyirlər. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Prezident İlham Əliyev bu gün su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirədə deyib.

Prezident qeyd edib ki, biz indi taxılçılıqda müasir texnologiyaların tətbiq edilməsi ilə mövcud əkin sahələrindən daha çox məhsul istehsal edə, idxaldan daha az asılı ola bilərik. Lakin bu iş başlı-başına buraxılıb, heç kim bu məsələ ilə məşğul olmayıb. “Aidiyyəti qurumların hər biri öz işləri ilə məşğul idi, koordinasiya aparılmamışdır. Azərsu, meliorasiya qurumları, sadəcə olaraq, dövlət investisiya proqramı müzakirə olunarkən fəallaşırdılar ki, onlara nə qədər dövlət büdcəsindən pay düşəcək. Bəzi hallarda onların təklif etdikləri layihələr, ümumiyyətlə, diqqətəlayiq deyildi. Sadəcə olaraq görürdüm ki, burada məqsəd dövlət vəsaiti götürüb ondan istifadə etməkdir. Amma ondan sonra bu layihələrin səmərəliliyinə kimsə baxıb? Kimsə bunu təhlil edib? Yox”, - deyən Prezident əlavə edib ki, ona görə bəzi böyük həcmdə investisiya qoyulmuş layihələr faktiki olaraq heç bir səmərə verməyib.

“Necə ola bilər ki, suyun mənbəyi düzgün təhlil edilmir? O qədər böyük xərc çəkilir, boru xətləri çəkilir, vətəndaşlar buna sevinir. Sonradan min dənə bəhanə gətirirlər ki, belə oldu, elə oldu, su çatmadı, yeni mənbə axtarmalıyıq, yenə vəsait verin, yeni mənbə axtaracağıq. Buna son qoyulmalıdır. Ona görə mən bütün bu işləri mütəşəkkil qaydada tənzimləyəcəyəm. Aidiyyəti qurumlara göstərişlər verilib. Ciddi nəzarət mexanizmi olmalıdır. İlk növbədə, xərclərə ciddi nəzarət mexanizmi olmalıdır. Yoxsa Azərsudan, “Meliorasiya və Su Təsərrüfatı” Səhmdar Cəmiyyətindən sifariş gəlir, mənə bu qədər pul lazımdır ki, bunu edim. Amma sonra baxıb görürlər ki, bunun texniki-iqtisadi əsaslandırması yoxdur. Bu rəqəmlər haradan götürülüb? Havadan”, - deyə İlham Əliyev bildirib.

İlham Əliyev müşavirədə - Sputnik Azərbaycan
Prezidentn yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirilib

Prezidentin sözlərinə görə, investisiya proqramına ciddi nəzarət olmayıb. Sözügedən qurumlara sifariş etdikləri vəsaitlər verilib, amma bunun necə xərcləndiyi sual altındadır: “Buna son qoyulmalıdır. Ona görə bugünkü müşavirədə mən giriş sözümdə deyirəm hansı işlər görülüb. Amma bu işlərin görülməsi nəticəsində daha böyük səmərə əldə oluna bilərdi. Əfsuslar olsun ki, bu, belə deyil. Bundan sonra bu işlər yalnız koordinasiya şəklində aparılmalıdır. İndi mənə məlumat verilir ki, bizdə heç vaxt su balansı tərtib edilməmişdir. Necə ola bilər? Bizim enerji balansımız tərtib olunur. Buna görə biz bilirik ilboyu bu sahədə nə etmək lazımdır? Hansı quruma nə qədər yanacaq lazımdır? Məgər su balansını tərtib etməyi Prezidentmi deməlidir?! Bunu aidiyyəti qurumlar etməlidirlər”.

Dövlət başçısı Azərbaycanın yeraltı, yerüstü su ehtiyatlarımızın sovet vaxtı qiymətləndirildiyini, ondan sonra qiymətləndirilmənin aparılmadığını bildirib: “İndi artezian quyularının qazılması prosesi gedir. Amma baxmaq lazımdır, harada qazılmalıdır, necə qazılmalıdır? Yeraltı su mənbələrinə bunun təsiri necə olacaq? Düzgün yerlər seçilməlidir. Çünki mən deyirəm, burada əsas məqsədi bu qurumlar onda görürlər ki, pul ver artezian qazım, pul ver su çəkim, pul ver nə bilim bunu edim. Yaxşı, bunu veririk, amma sonra? Bir çox hallarda səmərəsiz olur. Xərclərə nəzarət çox aşağı səviyyədədir”.

"Dediyim kimi, indi mənə hər gün 10-dan çox məktub gəlir. Mən Prezident Administrasiyasına, Nazirlər Kabinetinə tapşırıq verirəm. Onlar baxırlar, operativ şəkildə həll edirlər. Axı, bu, onların demək olar ki, əsas işi deyil. Bunu aidiyyəti qurumlar etməlidirlər. Nə üçün bu məktublar mənə yazılır? Ona görə ki, aidiyyəti qurumlara yazılanda onlar əhəmiyyət vermirlər, başdan edirlər. Nə qədər belə faktlar var. Biz nə qədər buna dözməliyik?" - Prezident əlavə edib.

Dövlət başçısı bu əməllərin cəzasız qalmayacağını bəyan edib: "Ona görə mən vəziyyəti tam təhlil edərkən bu il aprel ayında xüsusi komissiya yaratmışam. Artıq komissiya üç aydır ki, işləyir və bu müddət ərzində gördüyü işlər, mövcud problemlərlə bağlı müntəzəm olaraq mənə məlumat verib. Komissiyanın rəhbəri Baş Nazirin müavini Şahin Mustafayevdir. Komissiyanın tərkibində nazirlər, aidiyyəti qurumların rəhbərləri fəaliyyət göstərirlər. Əgər bütün aidiyyəti qurumlar öz işini düzgün qursaydılar, bu komissiyaya ehtiyac olmayacaqdı. Necə ola bilər ki, üç ay ərzində işləyən komissiya bəlkə də son 20 il ərzində görülən, təhlil və təklif baxımından daha dəyərli, əhəmiyyətli nəticə hasil edib? Deməli, bunu etmək mümkündür. Sadəcə olaraq, heç kimin vecinə deyildi, biri-birinin üstünə yıxırdı. Ortalıqda da nə - quraqlıq. Bu problem iki ildir var və gələn il də ola bilər. İndi iqlim dəyişikliyi elə məsələdir ki, bunu bütün dünya müzakirə edir. Bəzi hesablamalara görə, əgər operativ tədbirlər görülməsə, 2030-cu ildə ölkəmizdə səhralaşma prosesi sürətlə gedəcək. Nədir, siz istəyirsiniz Azərbaycan səhraya dönsün? Ona görə bu münasibətə son qoyulmalıdır. Qüsurlara yol verən, bu məsələyə laqeyd yanaşan bütün vəzifəli şəxslər cəzalandırılmalıdır".

Xəbər lenti
0