06:36 28 Fevral 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
AZƏRBAYCAN
Qısa URL
74210

"Bizdə də banklar bu texnologiyadan yararlanmaq üçün "Blokçeyn" texnologiyasına uyğun bank kartları hazırlatmalıdırlar"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 14 fevral — Sputnik. Artıq bir müddətdir ki, ictimai nəqliyyatda gediş haqqının bank kartları vasitəsilə ödənilməsi məsələsi gündəmdədir. Mərkəzi Bankın baş direktoru Fərid Osmanov da mətbuata açıqlamasında deyib ki, ictimai nəqliyyatda gedişhaqqı bank kartları ilə ödəniləcək. O bildirib ki, hazırda dəmir yolunda bu ödəniş üsulundan istifadə ilə bağlı danışıqlar gedir. İlin sonuna kimi digər ictimai nəqliyyat növlərində də bank kartları ilə ödənişin həyata keçirilməsi nəzərdə tutulub.

Onun sözlərinə görə, ani ödəniş sisteminin və "Blokçeyn" texnologiyasının da bu il ərzində tətbiqinə başlanacaq.

Bank məsələləri üzrə hüquqşunas Əkrəm Həsənov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ictimai nəqliyyatda bank kartlarının ödəmə kartı kimi istifadəsi zəruridir. Onun sözlərinə görə, "Blokçeyn" texnologiyası elə bir texnologiyadır ki, orada dəyişiklik aparmaq olmur: "Bu texnologiya təhlükəsiz olduğu üçün bütün dünya bu texnologiyaya keçir. Düşünürəm ki, bizdə də banklar bu texnologiyadan yararlanmaq üçün "Blokçeyn" texnologiyasına uyğun bank kartları hazırlatmalıdırlar. Amma çox təəssüf ki, bankların informasiya texnologiyaları buna hazır deyil. Prosessinq mərkəzlərində də bunun üçün texnologiya olmalıdır ki, onlar bankların sifarişi əsasında kart hazırlaya bilsinlər. Bunun üçün isə çox güman ki, prosessinq mərkəzlərinə vəsait ayırmaq lazım olacaq. Amma hər bir halda bizdə də "Blokçeyn" texnologiyası işləməlidir. Dünyada bu praktika geniş tətbiq edilir. Xarici ölkələrdə vətəndaşlar bizim kimi üzərlərində bir neçə kart gəzdirmirlər. Bank kartları bütün ödənişləri etməyə imkan verir.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) sektor müdiri Nuridə Allahyarova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, hələ ki, nə nazirliyə, nə də DANX-a bank kartlarının ictimai nəqliyyatda istifadəsinə dair təkliflər daxil olmayıb: "Biz vahid bilet sistemi üzərində 2018-ci ildən işləyirik. Vahid bilet sistemi ölkənin regionlarına gedən və gələn sərnişinlərin təmin olunduğu biletlərin ödəniş sistemlərinə inteqrasiyasını nəzərdə tutur. Bu biletlərlə bölgələrdən gələnlər rahatlıqla yerüstü və yeraltı nəqliyyat vasitələrindən istifadə edə bilərlər. Amma gələcəkdə innovativ ödəmə üsullarından istifadə mümkündür".

Əlaqədar

Faizlər endirilə bilər: Mərkəzi Bankın niyyəti nədir?
Qəpik-quruşunuzu da, milyonunuzu da itirə bilərsiniz – Bank kartı təhlükəsi yaşanır
Tələbələr yeni kartın istisinə qızınmamış, tüstüsünə kor olublar
Bakıda 29 marşrut üzrə 598 avtobus kart sisteminə keçib
Bu paz o PAZ-la çıxmır və ya Daha "kartof" olmaq istəmirik

Əsas mövzular