01:17 13 May 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0681
  • RUB0.0230
AZƏRBAYCAN
Qısa URL
1083 0 0

Bir var, gəmidə üzəsən, bir də var, böyük bir adanın üstündə. Qeyri-adi macəra sorağıyla Sputnik Azərbaycan Naxçıvana yol aldı

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 1 yanvar — Sputnik. Batabat gölü və üzən ada haqqında çox eşitmişdik. Amma gedib görmək nəsib olmamışdı. Odur ki, Sputnik Azərbaycan-da qərara gəldik ki, ilk fürsət düşən kimi Naxçıvana gedib, Batabatı görək. Bu qərarı da zamansız vermişdik, qış olduğunu, gölün dona biləcəyini düşünməmişdik. Və beləcə qəfil Naxçıvan səfərimiz başladı.

Hava limanından çıxıb, taksi sürücülərinə Batabata getmək istəyimizi deyəndə, düzü, heç kəs o yolu getməyə razılaşmadı. Dedilər, uzaqdır, soyuqdur, yolu getmək olmaz, təhlükəlidir. Amma Əbülfəz dayı çox istəkli olduğumuzu görüb razılaşdı.

Dedi, bu soyuqda çox az adam Batabata gedir. Adətən, Naxçıvana bu mövsümdə gələnlər "Əshabi-Kəhf"i, Əlincə qalasını görmək istəyirlər. Hava şaxtalı, yollar dolambac olduğu üçün kimsə Batabatı seçmir. Yola düşdük.

© Sputnik / Irade JELIL
Əshabi-kəhf ziyarətgahı

Batabat gölü Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu ərazisində yerləşir. Deyilənə görə, o, uçqun və sürüşmədən yaranan şirinsulu göldür. 

Qarlı və dolambac yollarla keçib Batabata çatırıq. Göl dəniz səviyyəsindən 2424 metr hündürlükdə yerləşir, ərazisi də böyükdür - 16 hektar. Göldə torflu ada diqqəti cəlb edir.

© Sputnik / Irade JELIL
Batabat gölünün ətrafı

Yol yoldaşımız deyir ki, bu ada yay aylarında üzür: "Əvvəllər gənclər həmin adaya gedib kabab çəkir, istirahət edirdilər. Adanın hərəkəti küləyə bağlıdır. Külək hansı istiqamətə əssə, ada o tərəfə doğru hərəkət edir. Bir dəfə xoşagəlməz bir hadisə baş vermişdi. Gənclər yığılıb yenə adada istirahət edirmişlər. Başları qarışıq olub, külək adanı sahildən uzaqlaşdırıb. Qalıb donurlarmış. Sonra səhərə yaxın külək adanı yenidən hərəkətə gətirib və onlar geri qayıda biliblər. Həmin vaxtdan daha adaya getməyə icazə verilmir. Təhlükəsizlik hər şeydən önəmlidir".

Bələdçimizin sözlərinə görə, gölün ətrafında çoxlu sayda mineral bulaqlar var. Həmin bulaqların suyu mədə-bağırsaq xəstəlikləri üçün çox faydalıdır.

Əbülfəz dayı deyir ki, hava limanından Batabata qədər olan məsafə 70 kilometr edir. Bunu da 2-3 saata gedib-gəlmək mümkündür.

Ancaq Əbülfəz dayının Naxçıvan haqqında danışdıqları o qədər maraqlı idi ki, yolun necə keçdiyini hiss etmədik.

Nəhayət Batabat gölünün yaxınlığındayıq. Hər tərəf ağappaq qara bürünüb. Uzaqdan qarlı dağlar görünür.

© Sputnik / Irade JELIL
Batabat gölünün ətrafı

Bələdçimiz deyir ki, hava şaxtalı olduğu üçün göl buz bağlayıb. Ada da donaraq gölə yapışıb. Yəni nə qədər güclü külək olsa da, adanı yerindən tərpədə bilməz.

Bir qədər gölü seyr edirik, qar yağmağa başlayır. Əbülfəz dayı deyir ki, artıq getməyin zamanıdır. Əgər bir az artıq qalsaq, qar yağıb yolu tuta bilər, qayıtmağımız çətinləşər: "Əslində, buralar qarla örtülmüş olur. Avtomobillər diki qalxa bilmir. Bu gün sizin bəxtinizdən yol açıqdır. Düzü, bu yolu sürməyə razılaşanda tərəddüd etmişdim. Ürəyimdə də düşündüm ki, haraya qədər yol açıq olar, oraya qədər gedərəm. Bəxtiniz varmış, bütün yol təmiz idi".

© Sputnik / Irade JELIL
Batabat gölünün ətrafı

Yolboyu Əbülfəz dayının söhbətlərinə qulaq asırıq. Əslində, o, fizika müəllimidir. Amma uzun illərdir ki, taksi fəaliyyəti ilə də məşğul olur. Əslən naxçıvanlı olan yol yoldaşımız Naxçıvandakı vəziyyətdən də razıdır. Deyir ki, rəhbərlik respublika üçün bacardığını edir. Tarixi abidələr bərpa edilir, insanların işləyib, normal yaşaması üçün şərait yaradılır.

Əsas mövzular