12:17 18 Oktyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8907
Tailandda Huawei mağazasının önündə, arxiv şəkli

"Huawei"lə əməkdaşlığın dayandırılması Azərbaycana da ciddi təsir göstərəcək

© REUTERS / ATHIT PERAWONGMETHA
AZƏRBAYCAN
Qısa URL
753201

Osman Gündüz: "Dövlətlər üçün də böyük təhlükə yarana bilər və onlar da istehlakçılar kimi B planı hazırlamalıdır"

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 23 may — Sputnik. Bir neçə gündür ki, "Google" şirkətinin nümayəndəsinin "Huawei" telekommunikasiya şirkəti ilə əməkdaşlığının dayandırılması xəbəri sosial şəbəkələrdə və mediada geniş müzakirəyə səbəb olub. Belə ki, 3 aydan sonra "Huawei" telefonlarının sahibləri "Google Play" və "Google Play Protect" tətbiqlərindən istifadəni davam etdirə bilməyəcəklər.

Osman Gündüz, Azərbaycan İnternet Forumunun prezidenti
Osman Gündüz, Azərbaycan İnternet Forumunun prezidenti

Maraqlıdır ki, belə olan halda "Huawei" istifadəçiləri nə etməlidirlər? İki böyük şirkət arasında yaranmış problem istehlakçılara necə təsir göstərəcək? Sputnik Azərbaycan-ın əməkdaşı Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzlə bu suallara cavab tapmağa çalışıb.

Gündüz bildirib ki, bu, gözlənilən hadisə idi: "10 ildən çoxdur ki, hamı bu barədə danışırdı. Mediada söz gəzirdi ki, "Huawei" Çin hökuməti tərəfindən maliyyələşdiyi üçün digər şirkətlərin də istehsal etdiyi eyni avadanlıqları çox ucuz qiymətə satırlar. Ona görə də digər şirkətlər onlarla rəqabət apara bilmirdi. Nəticədə belə halın baş verməsi gözlənilən idi".

"Bu, ciddi problemdir. Hər ikisi də qlobal şirkətdir və dünyaya məhsullar ixrac edirlər. Dövlətlərin də, istehlakçıların da bu qərardan əziyyət çəkəcəyi göz qabağındadır. İstehlakçılar öz informasiya təhlükəsizliyini təmin etmək üçün "Huawei" telefonunda olan məlumatlarını daha təhlükəsiz cihazlara köçürməlidirlər. Bir müddət sonra telefonlarında problem olanda məlumatlar silinə və ya oğurlana bilər", - deyə ekspert əlavə edib.

Gündüzün fikrincə, dünya brendləri arasında daima rəqabət getdiyi üçün belə hallar başqa şirkətlər arasında da təkrarlana bilər və qaçılmazdır.

Ekspert baş verənlərin, həmçinin dövlət qurumlarında da problem yaradacağını diqqətə çatdırıb: "Bakı Telefon Rabitəsi İstehsalat Birliyi, "Aztelekom", bütün Bakı şəhərinin və regionların telekommunikasiyası bu şirkətin avadanlıqları ilə idarə olunur. Bu problemlər yaranarsa, həmin qurumlara da ciddi təsir ola bilər. Belə ki, məlumatlar oğurlana, sistem çökə bilər. Deməli, dövlətlər üçün də böyük təhlükə yarana bilər və onlar da istehlakçılar kimi B planı hazırlamalıdır".

Gündüz deyib ki, əvvəllər bu şirkətin məhsulları digərləri ilə müqayisədə ucuz olduğu üçün hər kəs onun xidmətlərindən istifadə edirdi. Baş verən bu hal "Huawei"şirkətinin nüfuzuna təsir edəcək və artıq ciddi qurumlar onlarla əməkdaşlıq edərək özünü riskə atmayacaq. "Məhdud zaman çərçivəsində köhnə "Huawei" telefonlarından istifadə etmək mümkün olacaq. Sonra isə onlarda da bu funksiya dayandırılacaq. Ona görə də vətəndaşlar arxayın olmasınlar və indidən alternativlər üzərində fikirləşsinlər", - ekspert əlavə edib.

Vəkil Elyar Həsənov
© E.Həsənovun şəxsi arxivindən
Vəkil Elyar Həsənov

Məsələnin hüquqi tərəfini izah edən hüquqşünas Elyar Həsənov isə vurğulayıb ki, istehlakçının hüquqlarının qorunmasına dövlət zəmanət verir: "İstehlakçılara xidmət göstərən şirkətlərlə dövlət arasında bağlanan şərtlərdən çox şey asılıdır. Beynəlxalq şirkət olanda artıq dövlətin də o şirkətə təsir gücü zəif olur. "Huawei" də Azərbaycan şirkəti deyil. Onlar bizim bazara daxil olan zaman qaydanı pozarsa, dövlət onu Azərbaycan bazarından çıxara bilər".

Hüquqşünasın dediyinə görə, indiki halda nəticə bu şirkətlər arasında aparılan danışıqlardan və əldə edilən razılaşmalardan asılıdır.

"Bazarda belə halların baş verməsi normaldır. Çünki şirkətin sahibi hüquqi çərçivədə istədiyi qərarı verə bilər", - Həsənov əlavə edib.

Əsas mövzular