14:42 25 Mart 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0264
  • EUR1.9288
Xəzər dənizində neft platforması, arxiv şəkli

Sovet dövründən qalmış avadanlıq Xəzərin axırına çıxır

© Sputnik / Murad Orujov
AZƏRBAYCAN
Qısa URL
11360 0 0

"Xəzər dənizini əsas çirkləndirən amillər ictimai iaşə obyektlərində formalaşan təsərrüfat-məişət mənşəli tullantı sularıdır"

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 28 fevral — Sputnik. Son zamanlar Xəzərin çirkləndirilməsi aktual problemlərdən birinə çevrilib. Bir tərəfdən neft-qaz istehsalı müəssisələri, digər tərəfdən vətəndaşların dənizə qarşı laqeydliyi vəziyyəti daha da acınacaqlı hala gətirib. Bir çox ərazilərdə - Hövsan, Şıx çimərliyində dəniz və sahil zolağı bərbad vəziyyətdədir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) öz imkanları daxilində monitorinqlər keçirir, cərimələr tətbiq edir, məcburi göstərişlər verir. Ancaq təəssüf olsun ki, görülən tədbirlər yetərli deyil.

Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının (NHMT) sədri Mirvari Qəhrəmanlı Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bu məsələdə texniki imkanları məhduddur.

Onun sözlərinə görə, dəniz obyektlərində, əlahiddə özüllərdə, dənizdə fəaliyyət göstərən neft-qazçıxarma idarələrində platformaları öz üzərində saxlayan qurğuların korroziyaya uğraması nəticəsində dəniz çox miqdarda çirk tökülür, neft sızmaları baş verir: "Bütün avadanlıqlar sovet dövründən qalıb və heç birində yenilənmə yoxdur. Yenilənmə olmadığına görə dənizə çirkab suları axıdılır. Bəzi hallarda tərkibində radioaktiv maddələr olan qazma şlamları da tökülür".

"Ekologiya və Təbii Sərvətlər Nazirliyi ötən ayın 17-18-i güclü külək barədə xəbərdarlıq etmişdi. Düzdür, bu, birmənalı qarşılanmadı. Ancaq həqiqətən güclü külək olmuşdu və estakadalardan biri aşmışdı. Estakadanın üzərindən keçən borular qırılmışdı, neft dənizə axmışdı. Azərbaycanda Xəzərə Dövlət Neft Şirkətinin qurumları qədər zərər verən yoxdur. Çox təəssüf edirəm ki, o fəsadlar barədə ətraflı məlumatlar verilmir" – deyə təşkilat sədri vurğulayıb.

M.Qəhrəmanlı qeyd edib ki, hadisə baş verən kimi BP ETSN-ə məlumat verir. Dövlət Neft şirkətinə daxil olan idarə və müəssisələr isə məlumat vermirlər. Çünki ETSN-nin yerində yoxlaya bilmək üçün texniki imkanı yoxdur.

O hesab edir ki, ETSN texniki imkanlarını artırmasa, xəstəliklərin sayı artacaq: "Bu məsələyə Səhiyyə Nazirliyi də ciddi yanaşmalıdır. Hövsanda təmizləyici qurğu var. Amma məncə, təmizlənmiş suyun tərkibi də yoxlanılmalıdır. Bununla yanaşı Hövsanda "Bahar" əməliyyat şirkətinin, həmçinin digər əməliyyat şirkətlərinin də o ərazidə özülləri var".

M.Qəhrəmanlı qeyd edib ki, "Ətraf mühitin mühafizəsi haqqında" Azərbaycan Respublikasının qanunun 78-ci maddəsi (Ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət) müvafiq qurumlar tərəfindən yerinə yetirilmir: "Yəni ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin pozulmasında təqsirkar olan hüquqi və fiziki şəxslər, o cümlədən vəzifəli şəxslər Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar. Ekoloji hüquq pozuntusunun özü cinayətdir, lakin ekoloji hüquq pozuntularına görə bu vaxtadək heç bir məsul şəxs məsuliyyətə cəlb olunmayıb. Əhalinin sağlamlığına ziyan vuran şirkətlərin cəzalanması bəzi hallarda yalnız cərimələnmə ilə nəticələnir".

Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisi Ərəstun Həsənov da Sputnik Azərbaycan-a açıqlamasında məsələ ətrafında danışıb. Onun dediklərinə görə, Xəzər dənizinin şimal və cənub bölgələrinin sahilboyu ərazilərində fəaliyyət göstərən müəssisələrdə formalaşan tullantı sularından götürülmüş analizlərin nəticələri göstərir ki, dənizə axıdılan bu sularda kimyəvi və bioloji çirkləndiricilərin miqdarı normadan artıqdır.

"Xəzər dənizini əsas çirkləndirən amillər ictimai-iaşə obyektlərində formalaşan təsərrüfat-məişət mənşəli tullantı sularıdır. Aparılan monitorinqlər zamanı iri müəssisələrdə formalaşan istehsalat və məişət tullantı sularının təmizlənmədən çaylar vasitəsilə və birbaşa dənizə axıdıldığı məlum olub"- deyə Həsənov qeyd edib.

Onun sözlərinə görə, Xəzər dənizi Abşeron yarımadasında məişət tullantı suları və neft məhsulları, bölgələrdə isə daha çox məişət tullantı suları ilə çirkləndirilir. Axarlardan götürülmüş su nümunələri üzərində aparılan analizlərin nəticələrinə görə, neft məhsulları, səthi aktiv maddələr və bioloji çirkləndirici maddələrin miqdarı normadan artıqdır.

O deyib ki, dənizi çirkləndirən bütün mənbələr üzrə monitorinqlər aparılıb, müəssisə sahiblərinə müasir təmizləyici qurğuların quraşdırılması ilə bağlı xəbərdarlıq-bildiriş məktubları göndərilib: "Şimal bölgəsində fəaliyyət göstərən bir neçə ictimai-iaşə obyektləri tövsiyə və bildirişləri nəzərə alıb. Əksəriyyətində isə bu istiqamətdə tədbirlər görülməyib. Onlarla izahat işlərimizi davam etdiririk.

"Məqsədimiz daha çox izahat yolu ilə çirkləndiriciləri dənizimizi və su hövzələrimizi birgə qorumağa cəlb etməkdir" – o bildirib.

Əsas mövzular