02:01 16 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0254
  • EUR1.9274
Заправщик заправляет автомобиль на автозаправочной станции

Benzinin qiymət artımının Tarif Şurası ilə nə əlaqəsi - ekspert rəyi

© Sputnik / Maksim Blinov
AZƏRBAYCAN
Qısa URL
1289301

"Bu, birbaşa sahibkarların müəyyənləşdirdiyi qiymətdir və sahibkarlar tərəfindən bu xərclər elan olunub"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 20 avqust — Sputnik. “"Aİ-95" markalı benzin Azərbaycana xaricdən idxal edilir və qiyməti Tarif Şurası tərəfindən tənzimlənmir. Tarif Şurasının bu markalı benzinin qiymətinə təsir imkanları yoxdur”.

Bunu Sputnik Azərbaycan-a açıqlamasında iqtisadçı-ekspert Vüqar Bayramov ölkəmizə xaricdən idxal edilən "Aİ-95" və "Aİ-98" markalı benzinin qiymətinin artmasını şərh edərkən deyib.

O bildirib ki, sahibkarların da verdiyi məlumata görə, "Aİ-95" markalı benzinin qiymətinin artması birbaşa onun xərcinin artması ilə bağlıdır: "Sahibkarların verdikləri məlumata əsasən, "Aİ-95" markalı benzinin xərci 1 manat 40 qəpikdir və sahibkarlar da bunu 1 manat 50 qəpiyə sataraq gəlir əldə etməyə çalışırlar. Bu, birbaşa sahibkarların müəyyənləşdirdiyi qiymətdir və sahibkarlar tərəfindən bu xərclər elan olunub". 

Ekspertin sözlərinə görə, Azərbaycanda istehsal olunan "Aİ-92" markalı benzinin qiyməti isə məhz Tarif Şurası tərəfindən tənzimlənir: "Tarif Şurası "Aİ-92" markalı benzinin qiymətini dəyişmək və ya tənzimləmək imkanına malikdir. Amma "Aİ-95" və digər markalı benzinlər isə idxal olunan benzinlərdir".

İqtisadçı bildirib ki, son qiymət artımlarının tənzimlənən qiymətlərlə birbaşa əlaqəsi yoxdur: "Çünki söhbət sahibkarların gətirdiyi benzinin xərcinin və ona uyğun olaraq qiymətinin artmasından gedir. Bu baxımdan da güman olunmur ki, "Aİ-95" markalı benzinin qiyməti ilə "Aİ-92" markalı benzinin qiyməti arasında hər hansı bir əlaqə var. Təbii ki, belə bir əlaqə yoxdur".

“"Aİ-92" markalı benzinin qiyməti dəyişə bilərmi?” sualına ekspertin cavabı belə olub ki, bununla bağlı qərarı Tarif Şurası verir: "Qərar inzibati yolla Tarif Şurası tərəfindən verildiyi üçün bunu proqnozlaşdırmaq çətindir. Amma biz "Aİ-92" markalı benzinin qiymətinin artırılmasının tərəfdarı deyilik. Bu, birbaşa onunla bağlıdır ki, söhbət idxal olunan benzinlərin qiymətlərində artımlardan gedir və ölkəmizdə istehsal olunan benzinin xərcinin artması müşahidə edilmir".

"Eyni zamanda Azərbaycan neft ölkəsidir. Azərbaycana daxil olan valyutanın həcmində, o cümlədən dövlət gəlirlərinin həcmində artımlar baş verib. Dünyada neftin qiymətinin Azərbaycan üçün məqbul səviyyədə olduğunu, dövlət gəlirlərinin də artdığını nəzərə alsaq, "Aİ-92" markalı benzinin və dizel yanacağının qiymətinin artması arzuolunan deyil"- deyə o bildirib. 

Ekspertin fikrincə, indiki halda hökumət çalışmalıdır ki, yerli istehsal olan yanacaq məhsullarının qiymətinin sabit saxlamasına nail olsun: "Tənzimlənən, Tarif Şurası tərəfindən qiyməti müəyyənləşdirilən yanacaq məhsullarında qiymət artımı arzuolunan deyil".

Qeyd edək ki, avqustun 19-da Azərbaycana idxal olunan "Premium Euro-95" və "Super Euro-98" markalı yanacağın qiyməti artıb. "Premium Euro-95" markalı benzinin satış qiyməti 1.50 manat, "Super Euro-98"in isə 1.60 manat olub. Bundan əvvəl "Premium Euro-95" markalı benzin 1.25, "Super Euro-98" isə 1.50 manata satılıb.

Müqayisə üçün, Gürcüstanda 95 oktanlı avtomobil benzinin satış qiyməti 1.03 ABŞ dolları (1.75 manat), 98 oktanlı benzinin satış qiyməti isə 1.07 dollar (1.82 manat), Türkiyədə, müvafiq olaraq, 1.14 dollar (1.94 manat) və 1.18 dollar (2 manat) təşkil edir və s. Bu ölkələrdə də bu növ neft məhsulları istehsal edilmir və tələbat idxal hesabına ödənilir.

Xatırladaq ki, sosial şəbəkələrdə və bəzi mətbuat orqanlarda SOCAR-ın yanacaqdoldurma məntəqələrində Aİ 92 markalı benzinin bir litrinin 1 manata satıldığı barədə məlumat yayılıb. Tarif Şurasından Yenicag.az-a verilən açıqlamada yayılan məlumatların həqiqəti əks etdirmədiyi bildirilib:

"Aİ 92 markalı benzin ilə bağlı qiymət dəyişikliyi yoxdur. Yayılan xəbərlər həqiqəti əks etdirmir. Yaxın günlərdə də Aİ 92 markalı benzinin qiymət artımı ilə bağlı müzakirə nəzərdə tutulmayıb."

Əlaqədar

Tarif Şurasından Aİ 92 markalı benzinin qiyməti ilə bağlı açıqlama gəldi
Dünyada benzinin ən ucuz və ən baha olduğu ölkələr – SİYAHI
Benzinin qiyməti kəskin artdı - Qonşuda
Paytaxtda benzin oğrusu tutuldu: Borunu deşib...

Əsas mövzular