13:25 15 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0254
  • EUR1.9274
Bakıdakı Azadlıq meydanında hərbi parad, 26 iyun 2018-ci il

Azərbaycan Ordusu öz qüdrətini nümayiş etdirdi — Möhtəşəm yüz illik

© Sputnik / Murad Orujov
AZƏRBAYCAN
Qısa URL
395 0 0

Ali Baş Komandan: "Müharibə hələ bitməyib"

BAKI, 26 iyun — Sputnik. Bu gün Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubileyi ilə əlaqədar Azadlıq Meydanında hərbi parad keçirilib. Sputnik Azərbaycan xəbər verir ki, hərbi paradda Müdafiə, Daxili İşlər, Fövqəladə Hallar nazirliklərinin, Dövlət Təhlükəsizliyi, Dövlət Sərhəd və Xüsusi Dövlət Mühafizə xidmətlərinin, eləcə də Türkiyə Respublikası Silahlı Qüvvələrinin parad heyətindən ibarət 4000 nəfərədək şəxsi heyəti iştirak edib.

Bakıdakı Azadlıq meydanında hərbi parad, 26 iyun 2018-ci il
© Sputnik / Murad Orujov

Təntənəli mərasimdə 240-dan çox hərbi texnika, 70-dən artıq uçuş vasitəsi, o cümlədən silahlanmaya yeni qəbul edilmiş ən müasir zirehli texnikalar, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, helikopterlər, pilotsuz uçuş aparatları kimi müxtəlif növ ən yeni silah və texnikalar, eləcə də hərbi gəmi və katerlər nümayiş olunub.

Paradda, həmçinin Türkiyə Respublikası, Pakistan İslam Respublikası, Belarus Respublikası, Bəhreyn Krallığı, Birləşmiş Ərəb Əmirlikləri, Gürcüstan, İran İslam Respublikası, İsrail, Qazaxıstan Respublikası, Özbəkistan Respublikası, Rusiya Federasiyası, Səudiyyə Ərəbistanı Krallığı və Ukraynadan olan 100-dək nümayəndə iştirak edib.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Silahlı Qüvvələrin yaradılmasının 100 illik yubileyi münasibətilə Bakının Azadlıq meydanında keçirilən təntənəli hərbi paradda çıxış edib. "Ordu quruculuğu bizim üçün ən başlıca prioritet məsələdir. Bu da təbiidir. Çünki biz müharibə şəraitində yaşayırıq" — deyə dölət başçısı bildirib.

Prezident vurğulayıb ki, müharibə hələ bitməyib: "Müharibənin hələ birinci mərhələsi başa çatıb. Bizim əsas vəzifəmiz ölkəmizin ərazi bütövlüyünü bərpa etməkdir. Qeyd etdiyim kimi, Ermənistan müstəqilliyimizin ilk illərində ölkəmizdə gedən mənfi proseslərdən, o cümlədən Xalq Cəbhəsi, Müsavat tərəfindən başlanmış vətəndaş müharibəsindən istifadə edərək torpaqlarımızı zəbt edib. Dağlıq Qarabağ əzəli, tarixi Azərbaycan torpağıdır. Əsrlər boyu Azərbaycan xalqı bu torpaqlarda yaşayıb, yaradıb".

İlham Əliyev beynəlxalq təşkilatların Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və dəstəklədiyini vurğulayıb: "Son illər ərzində dünyanın aparıcı beynəlxalq təşkilatları münaqişə ilə bağlı bir çox qərar və qətnamələr qəbul edib. O cümlədən, BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul edib. Orada da göstərilir ki, Ermənistan silahlı qüvvələri işğal edilmiş torpaqlardan dərhal və qeyd-şərtsiz çıxarılmalıdır. Bu qətnamələr hələ də qüvvədədir və qüvvəsini itirməyib".

Ali Baş Komandan deyib ki, Azərbaycan heç vaxt işğalla barışmayacaq: "Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməlidir. Bunun üçün güclü ordu yaratmalı idik və buna nail olmuşuq. Bu gün Azərbaycan Ordusu dünyanın güclü orduları sıralarındadır. Güclü ordunun yaradılması üçün güclü iqtisadiyyatımız olmalıdır. Son 15 ildə Azərbaycan qədər iqtisadi sahədə inkişaf edən ölkə olmayıb. İqtisadiyyatımız 3,2 dəfə artıb".

"Azərbaycan bu gün iqtisadi baxımdan özünü rahat hiss edir. Biz öz hesabımıza yaşayırıq və heç bir yerdən yardım almırıq. Öz zəhmətimizlə qazanılan vəsaiti ölkə qarşısında duran məqsədlərə yönəldirik. Bunların arasında ordu quruculuğu əsas yerdədir. 2003-cü ildən bu günə qədər hərbi xərclərimiz 15 dəfə artıb" — dövlət başçısı əlavə edib.

Prezidentin sözlərinə görə, hərbçilərin xidmət şəraiti yaxşılaşır: "Son illər onlarla hərbi şəhərcik yaradılıb. Hərbi şəhərciklərin 80 faizi son illər yenidən tikilib və təmir edilib. Sonrakı 2-3 il ərzində bütün hərbi şəhərciklərimiz təmir olunacaq. Hərbçilərin mənzil-məişət məsələləri həll olunur. Qəbul edilən qərar əsasında orduda 20 il qüsursuz xidmət etmiş hərbçilərə dövlət tərəfindən mənzillər verilir. Hərbi hissələrdə bu gün 20 mindən çox mülki vətəndaş çalışır. Əvvəllər bu işlərdə əsgərlər işləyirdi. Biz artıq əsgərləri məişət işlərindən azad etmişik".

Əlaqədar

Cəbiş müəllim Azərbaycanın 100 yaşlı ordusu barədə
Azərbaycan Silahlı Qüvvələri - 100
Teqlər:
hərbi parad, parad, Azərbaycan Silahlı Qüvvələri, Ali baş Komandan, prezident

Əsas mövzular