13:13 23 Noyabr 2017
Canlı yayım
Qafqazın xəritəsi

Bakının azad edilməsinə həsr olunan filmin təqdimatı keçirilib

© Foto: AMEA mətbuat xidməti
AZƏRBAYCAN
Qısa URL
21 0 0

Filmin əsas məqsədi Azərbaycan və Türkiyənin hər zaman biri-birinin yanında olduğunu çatdırmaqdır

BAKI, 15 sentyabr — Sputnik. AMEA Mərkəzi Elmi Kitabxanasında (MEK) Əməkdar incəsənət xadimi Ziya Şıxlınskinin Qafqaz İslam Ordusuna həsr olunmuş "Yazılsın tarixə bir qızıl xətlə" sənədli filminin təqdimatı keçirilib. Film 1918-ci ildə Azərbaycanın və paytaxt Bakının Qafqaz İslam Ordusu tərəfindən azad edilməsinə həsr olunub. Filmin əsas məqsədi Azərbaycan və Türkiyənin hər zaman biri-birinin yanında olduğunu çatdırmaqdır. Azərbaycan türkləri Çanaqqalada, Anadolu türkləri Azərbaycanın müstəqilliyi uğrunda döyüşlərdə biri-birinin ağır günlərində həmişə köməyə gələrək on minlərlə şəhid veriblər və əsl qardaşlığın necə olduğunu göstəriblər. 1918-ci ilin mart ayında Türk ordusu generalı Nuru Paşanın rəhbərlik etdiyi hərbi qüvvələr Gəncədən Bakıya qədər böyük qurbanlar hesabına Azərbaycan Demokratik Respublikasının müdafiəsinə gəldilər. Filmdə general Əliağa Şıxlinskinin Azərbaycan korpusunun formalaşdırması, rəhbərlik etdiyi ordu hissələrinin türk hərbi qüvvələri ilə birləşməsi və Azərbaycan Demokratik Respublikasının paytaxtının Gəncə şəhərindən Bakıya köçürülməsi sənədlər əsasında göstərilir.

Filmin müəllifi, Əməkdar incəsənət xadimi, rejissor Ziya Şıxlınski filmin mövzusu, ərsəyə gəlməsi haqqında təəssüratlarını bölüşüb, çəkilişlə bağlı baş verən əlamətdar faktlardan, xatirələrdən danışıb. Z.Şıxlınski filmin 1918-ci il 15 sentyabrda Bakının rus bolşevik-erməni daşnak qüvvələrindən azad edilməsi kimi tarixi bir hadisəyə həsr olunduğunu bildirib. Rejissor, kadrlarda xronoloji ardıcıllıqla əks olunan hadisələrdən — XX əsrin əvvəllərində dünyanın siyasi təlatümlərindən, Cənubi Qafqazın o zamankı durumundan, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını şərtləndirən amillərdən və Azərbaycan-Anadolu türklərinin birliyindən bəhs edib. O, yeni yaranmış Azərbaycan Cümhuriyyətinə hərbi dəstək məqsədilə Osmanlı ordusunun generalı Ənvər paşanın göstərişi və Nuru paşanın rəhbərliyi ilə yaradılmış Qafqaz İslam Ordusunun keşməkeşli və şərəfli yolundan danışıb. Çıxışçı eyni zamanda Qafqaz İslam Ordusunun dəstəyi ilə yaradılmış Azərbaycan Ordusunun ilk komandanı general Əliağa Şıxlınskinin bacarıqlı sərkərdə kimi oynadığı əhəmiyyətli roldan da bəhs edib.

Bakı Slavyan Universitetinin dosenti Elçin Seyidov film haqqında fikirlərini bölüşüb. O, Bakının işğaldan azad edildiyi tarixi gündən, dövrü səciyyələndirən hadisələrdən danışıb. "Hər bir sənətkarın şah əsəri olur, bu film də Ziya müəllimin şah əsəridir" deyərək spesifik dəst-xəttə malik rejissor kimi dəyərləndirdiyi Ziya Şıxlınskiyə yeni yaradıcılıq uğurları diləyib.

  • Mənim xatirələrim adlı kitab
    "Mənim xatirələrim" adlı kitab
    © Foto: AMEA mətbuat xidməti
  • Yazılsın tarixə bir qızıl xətlə sənədli filminin təqdimatı
    "Yazılsın tarixə bir qızıl xətlə" sənədli filminin təqdimatı
    © Foto: AMEA mətbuat xidməti
  • Yazılsın tarixə bir qızıl xətlə sənədli filminin təqdimatı
    "Yazılsın tarixə bir qızıl xətlə" sənədli filminin təqdimatı
    © Foto: AMEA mətbuat xidməti
1 / 3
© Foto: AMEA mətbuat xidməti
"Mənim xatirələrim" adlı kitab

AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru Leyla İmanova MEK əməkdaşları adından belə bir filmi ərsəyə gətirdiklərinə görə müəllif Ziya Şıxlınskiyə və operator Yuri Voronovskiyə təşəkkürünü bildirib: "Bu filmə baxanda bizim yaşadığımız tarixi, bu tarixi yaradanları, qələmə alanları bir daha gözünün qarşısından keçirirsən və başa düşürsən ki, bu cür əsərlərə, bu cür təmiz interpritasiyalara, bu cür yanaşmalara, tarixi faktların bu cür sintezinə bizim hələ də çox böyük ehtiyacımız var. Mən istərdim ki, biz Azərbaycan və Türkiyə tarixinin birləşdiyi səhifələrə bir daha nəzər salaq, o məqamların tarixə salınmasına yardım edək. Təklif edirəm ki, biz filmin bugünkü təqdimatı ilə kifayətlənməyək, növbəti nümayişi Şərq fondunda mühafizə olunan türkdilli mənbələrin təqdimatı zamanı həyata keçirək.

Tədbirin sonunda son bir neçə ildə formalaşmış ənənəyə əsasən MEK-in unikal layihəsi olan Azərbaycan Milli Rəqəmsal Yaddaş bazasına növbəti sənədlər hədiyyə olunub. Ziya Şıxlinski müəllifi olduğu "Yazılsın tarixə bir qızıl xətlə" adlı filmini, rus imperator ordusunun general-leytenantı və Azərbaycan Demokratik Respublikasının artilleriya generalı Əliağa Şıxlinskinin "Мои воспоминания" ("Mənim xatirələrim") adlı kitabını və Qafqaz Hərbi Dairəsi ştabının Hərbi Tarix Şöbəsi tərəfindən 1901-ci ildə Tiflisdə hazırlanmış 1801-1813-cü illərdə Qafqazda sərhədlərin durumunu əks etdirən "Qafqazın xəritəsi – sərhədlərin göstərilməsi ilə" bağlı sənədi hədiyyə edib.

Əlaqədar

Rüstəmxanlı: “Bakının cinayətkarlardan təmizlənməsi şərəfli tarixdir”
Cümhuriyyət Azərbaycan tarixinin ən şərəfli səhifəsidir
Publisist: Azərbaycan Xalq Cümhuriyyəti tariximizin şərəfli dövrüdür
Tariximizin ən şanlı səhifələrindən biri
Teqlər:
AMEA Mərkəzi Elmi Kitabxanası, AMEA, Ziya Şıxlınski, Əliağa Şıxlinski, Gəncə, Türkiyə, Azərbaycan, Bakı

Əsas mövzular